Play Store

“Bu, dövlət başçısının Xalq Cümhuriyyəti tarixinə olan xüsusi ehtiramını sübut etdi” – Deputatlardan açıqlama

Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” elan etməsi hamı tərəfindən böyük rəğbətlə qarşılanıb.

Millət vəkilləri Metbuat.az-a açıqlamalarında prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini şərh ediblər.

Millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ölkə başçısı tərəfindən dövlətçilik tariximizlə bağlı atılan çox mühüm addımdır: “Bu qərar cəmiyyətin ən sadə vətəndaşından tutmuş, alimlərimizə qədər sevinclə qarşılanıb. Bunun də səbəbi odur ki, Azərbaycan dövlətinin başçısı həmişəki kimi, bu dəfə də Xalq Cümhuriyyəti tarixinə olan xüsusi ehtiramını sübut etdi. Prezident Xalq Cümhuriyyəti tarixinin tədqiq olunması ilə əlaqədar institutumuza xüsusi tapşırıqlar verib və Cümhuriyyət tarixinin işlənməsini prezident şəxsi nəzarətinə götürüb. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılması məqsədilə bircildlik ensiklopedik lüğət hazırlamaq haqqında göstəriş vermişdi. Prezident İlham Əliyev isə ikicildlik ensiklopedik nəşrin çapı haqqında göstəriş verib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”.

Yaqub Mahmudov bildirib ki, Tarix İnstitutunun Elmi Şurasının qərarına əsasən, bu il “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri” (rusca), “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rusca), “Şəki (Nuxa) bölgəsi (1917-1920)”, “Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə” və “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” adlı kitablar çap olunacaq.

Millət vəkili Fəzail İbrahimli bildirib ki, bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilməsi misli olmayan, hansısa meyarla qiymətini müəyyən etmək mümkün olmayan qərardır: “Ötən il bildiyiniz kimi, “İslam Həmrəyliyi” ili idi. Burada dini və dünyəvi dəyərlər həlledici idi. Deyərdim ki, bu, həm dünyəvi, mənəvi, əxlaqi, siyasi, tarixi, həm də beynəlxalq tərəfləri özündə birləşdirən qərardır. Qərar Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı verilib. Bununla da dünyaya 100 il əvvəl bizim demokratik dövlət kimi yaranmağımız bəyan olunur, bizim babalarımızın demokratik prinsiplər əsasında dövlət qurduğu bu qərarda ifadə olunur. Avropa bu gün dünyaya demokratiya dərsi keçir, Amerika özünü demokratiyanın beşiyi sayır, amma 100 il əvvəl bizim babalarımızın qurduğu dövlətdə qadın azadlığı problemi var idi. Hansı ki, o vaxt qadınlara seçki hüququ hələ Avropa və Amerikada öz əksini tapmamışdı. Bütün bunların hamısı beynəlxalq, siyasi əhəmiyyət kəsb edir. Siyasi mövqeyindən asılı olmayaraq, hər bir insanın içərisində bir Cümhuriyyət istəyi, Cümhuriyyət eşqi var. Bu insanları birləşdirən, həmrəyliyə çağıran bir qərardır”.


Millət vəkili bildirib ki, Cümhuriyyətlə bağlı cildlərlə kitablar yazılsa da, amma Cümhuriyyətin 23 aylıq fəaliyyətində 23 ildə görülməsi olan işlər görülüb: “Bu işlər də tədqiqatlara cəlb olunmalıdır. Bu il gənclərimiz Cümhuriyyətin tarixi ilə daha yaxından tanış olacaq. Silsilə tədbirlərin keçirilməsi hər bir Azərbaycan insanının ixtisasından asılı olmayaraq, Cümhuriyyət haqqında düşüncələri formalaşacaq. Bütün bunların hamısını sistemə alsaq, deyə bilərik ki, bu qərar cənab prezidentin dövlət başçısı olmağından əlavə, həm də vətən sevgisindən qaynaqlanan hadisədir”.

Millət vəkili Cavanşir Paşazadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti bizim əzəli tariximizdir: “Bu tarixi unutmaq olmaz. Bu il prezident İlham Əliyevin tapşırığı ilə xalqımız, dövlətimiz bunu qeyd edəcək. O zaman bizim bayrağımız yarandı, müstəqilliyimiz elan olundu. Bu səbəbdən 100 iliyi də sevinclə qeyd edəcəyik. İndi çox çətin dövrdü, dünyada çətin proseslər baş verir. Arzu edirik ki, müstəqilliyimiz daimi olsun, əbədi olsun. Xalqımız hər zaman başqa xalqlardan daha yaxşı yaşasın. Sizin saytınız vasitəsilə xalqımızı 100 illik münasibətilə təbrik edirəm, xalqımız hər zaman öz dövlətini, dövlət siyasətini dəstəkləyir, ona görə də inanıram ki, hər şey yaxşı olacaq”.

Millət vəkili Azər Badamov bildirib ki, Azərbaycanda həm “Multikulturalizm” ili, həm də “İslam Həmrəyliyi” ili elan olunması təbii ki, bizim miili dəyərlərimizə olan hörmətdən irəli gəlir. Bu il isə cənab prezident “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etdi:

“Bu onu göstərir ki, ölkə başçısı Azərbaycanın tarixi köklərinə, milli dəyərlərinə böyük qiymət verir. Dövlət başçısı bildirdi ki, bugünkü Azərbaycan, Xalq Cümhuriyyətinin varisidir. 100 il əvvəl elan olunan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika idi. Belə dövlət nümunəsini də həmişə yaşamışıq və bundan sonra da yaşatmalıyıq. Çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti uzun müddət yaşaya bilmədi. Iclasda cənab prezident də qeyd elədi ki, Xalq Cümhuriyyətinin özünün də mənfi cəhətləri oldu. Məsələn, İrəvanın Ermənistana verilməsi ilə bağlı qəbuledilməz bir qərar verib. Amma buna baxmayaraq, Azərbaycan dövlətinin ilk əsasları məhz Xalq Cümhuriyyəti dövründə olub. Bu gün Azərbaycan həmin Xalq Cümhuriyyətinin varisi olaraq güclü inkişaf etmiş, tam müstəqil, iqtisadi cəhətdən özünə güvənən və siyasi arenada öz sözünü deyən bir qüdrətli dövlətə çevrilib”.

Günay Elşadqızı / METBUAT.AZ

“Xalq Cümhuriyyəti qürurverici tarixi irsimizdir” – Millət vəkillərindən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI