“Ermənistan heç bir müstəvidə bizimlə müstəqil danışıq apara bilməz” – Fazil Mustafa - MÜSAHİBƏ / FOTOLAR / VİDEO

Metbuat.az-da bufəki qonağımız millət vəkili Fazil Mustafadır. Fazil müəllimlə Azərbaycanda və dünyada baş verən bir sıra siyasi məsələləri müzakirə etmişik.

- Fazil müəllim, 2018-ci ildə Azərbaycanla yanaşı, ErmənistanRusiyada da prezident seçkiləri keçiriləcək. Ermənistandakı seçkilərdə siyasi dəyişiklik ola bilərmi, dəyişərsə, nələr ola bilər?

- Bilirsiz, Ermənistanda hansısa siyasi dəyişiklik Qarabağ məsələsinə münasibətin dəyişməsi demək deyil. O dövlətin ki, müstəqil qərarı yoxdur və iqtisadiyyatının 90%-i başqa bir ölkənin əlindədir, hər hansı bir şəkildə bir kurs dəyişimi imkanı yoxdur. Rusiya Ermənistana hansı diqtəni edəcəksə, bu diqtə ilə də hərəkət olunacaq. Ona görə də Sarkisyan olmasın Koçaryan olsun, yerinə lap ən Qərbyönümlü adam gəlsə belə, ölkə iqtisadiyyatının əgər ağırlıqlı hissəsi, enerji idarəetməsi, hərbi sistemi, hərbi bazaları Rusiyanın nəzarəti altındadırsa, Rusiya hərbi bazaları da onun ərazisində yerləşirsə, bu, olduqca ciddi faktordur. Bu baxımdan da bizim ümidimiz olmamalıdır ki, Sarkisyan getsin, ondan bir az yumşaq adam gəlsə, nəsə danışıq aparılsın. İcazə verilməsə, Ermənistan heç bir addım atmayacaq. Bu baxımdan da biz daha çox Rusiyanın, Amerika Birləşmiş Ştatlarının bu istiqamətdə siyasətinin dəyişməsi üçün çalışmalıyıq. Yoxsa Ermənistan bizim tərəf müqabilimiz deyil. Ermənistan heç bir müstəvidə bizimlə müstəqil danışıq apara, müstəqil olaraq hansısa məsələni çək-çevir eliyəcək qabiliyyətə malik ölkə deyil.

- Bəs, Rusiyadakı seçkinin bizim üçün önəmi, təsiri varmı?

- Əlbəttə, Rusiyadakı seçkinin bizim üçün çox önəmi var. Birinci növbədə Rusiyada yaşayan milyon yarımdan artıq, 2 milyona yaxın azərbaycanlının taleyi ilə bağlı məsələlər var. Miqrasiya problemləri ilə bağlı olan maneələrin ən çox zərbəsi azərbaycanlılara dəydi, sonra müəyyən bazarların bağlanması, iqtisadi resursların azərbaycanlılara aid müəyyən müstəvinin daraldılması bizə ziyan elədi. Amma bütövlükdə, hüquqi baxımdan azərbaycanlıların müəyyən dərəcədə sıradan çıxarılması, yaxud da tam sıxışdırılması prosesi baş vermədi. Çünki Rusiya özünün miqrant siyasətində dərinə gedə bilmədi. Əvvəllər fikirləşirdilər ki, miqrantlara qarşı bir sərtlik tələb eləsinlər, amma sonra gördülər ki, o boşluğu dolduracaq qədər rus əhalisi doğulmur, yəni artım faizi bunu təmin eləmir. Mütləq Orta Asiya və Azərbaycanın hesabına boşluq doldurulmalıdır. Ona görə də birinci növbədə bu məsələyə diqqət yetirmək lazımdır.

İkinci növbədə, Azərbaycanla münasibətlər məsələsinə gəldikdə, bu gün bizim Rusiya ilə düşmənçilik münasibətimiz yoxdur. Böyük qonşu dövlətlə Gürcüstan kimi, Ukrayna kimi düşmən vəziyyətdə olmamaq bizim xeyrimizədir. Ona görə də Gürcüstan və Rusiya ilə bağlı hadisə bizim üçün bir nəticədir. Biz elə etməliyik ki, bütün hallarda Rusiya ilə toqquşacaq səviyyəyə gəlməyək. Amma eyni zamanda, prinsipial mövqelərimizi də Rusiyaya qurban verməyək, Ermənistan, Qarabağ məsələləri ilə bağlı müzakirələrdə prinsipial mövqeyimiz davam etməlidir. Ona görə də bu məsələ, Rusiyada prezidentin kim seçilməsi bizim üçün önəmlidir. Rusiya da təqribən bilinən bir kursa sahibdir. İndiki hakimiyyətin həm maddi resursları güclüdür, həm də siyasi resursları. Ona görə də Putin namizədliyini verəcək və onun qalib gəlməsi şübhə doğurmur. Yəni, yenə də söylədiyim kimi, biz mütləq dost olmuruq, amma ən azından Ermənistana daha az dəstək göstərən bir Rusiya arzulayırıq.

- Ermənistan regionda keçirilən irimiqyaslı layihələrdən kənarda qalıb. Bildiyiniz kimi, bir müddət öncə Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana səfər edib. Belə iddialar var ki, Sarkisyan Gürcüstan səfəri zamanı Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiya-Ermənistan yolunun açılmasını istəyib. Rəsmi Tiflisin də bununla bağlı müəyyən razılıq verdiyi deyilir. Əgər həqiqətən də belə bir razılıq olarsa, rəsmi Bakının buna münasibəti necə olacaq? Ümumiyyətlə, həqiqətən də Gürcüstan buna razılıq verə bilərmi?

- Belə bir razılıq vermək məsələsi xeyli risklidir. Gürcüstan, Ermənistan və Rusiya ilə siyasətin müəyyən dərəcədə yumşaldılması baxımından belə bir addım ata bilər, amma böyük həyati riskə gedə bilər. Azərbaycan Gürcüstana yönəlik müəyyən dəstəyini çəkərsə, çox ciddi problemlər yaşayacaq. Həmin qazı Gürcüstanın Rusiyadan alması, bərpa etməsi mümkün deyil. Bu gün “Socar”ın dəstəyi olmasa, Gürcüstan ümumiyyətlə ayaqda durmaq imkanına malik deyil. Təkcə turizmlə bir şeylər eləmək olmaz. O baxımdan da bu riskli bir siyasətdir. Gürcüstanda da anlayırlar ki, bunun həm də başqa bir bumeranq tərəfi var, siyasi tərəfdən də Gürcüstan üçün əlverişli deyil. Çünki Abxaziyadan keçən bir xəttin Gürcüstandan keçməsi, Abxaziya məsələsində də Gürcüstanın mövqeyinin hər hansı bir şəkildə nəzərə alınmaması Gürcüstanın özü tərəfindən öz ərazi bütövlüyündən imtina eləmə hadisəsinə gətirib çıxara bilər. Bu, olduqca ciddi problemdi. Faktiki olaraq işğal olunub ərazilər, amma formal olaraq Gürcüstanın tərkibindədir və dünya xəritəsində də belə tanınır. Biri də var Gürcüstan bundan imtina edir və özü-öz ərazi bütövlüyü məsələsini şübhəyə salır. Bundan da Rusiya təbii ki, olduqca əlverişli bir mövqe olaraq istifadə edəcək. Gürcüstana bu məsələyə görə sonradan siyasi həlledici zərbə vura biləcək. Bu baxımdan da Gürcüstanın öz maraqlarına uyğun deyil. Amma ayrı-ayrı korporotiv maraqlarla çıxış eliyən siyasətçilər bu məsələdə belə bir addım ata bilərlər. Bu, hər halda Gürcüstan cəmiyyətində müsbət qarşılanmayacaq, çünki Azərbaycanı küsdürmək, müəyyən qeyri-mənəvi oyunlar oynamaq və Azərbaycanın etdiyi yaxşılıqlar qarşısında bu pisliyi düşünmək yolverilməzdir və ölkəmiz bunu bağışlamayacaq. Bu baxımdan da Gürcüstanın belə bir addım atması ehtimalını, belə bir qərara gəlib çıxmasını güman eləmirəm. Ən azı Parlamentdə və ya digər bir yerdə müzakirə olunanda bu mütləq rədd olunacaq, çünki çoxluğun iradəsi bu məsələnin həllinə tərəfdar deyil. Bu, çox təhlükəli məsələdir, Gürcüstan üçün həyati riskə səbəb ola biləcək bir məsələdir.

- Qarabağ müharibəsinin başlamasından artıq 25 il vaxt ötür. Düzdür, danışıqlar son zamanlar müəyyən qədər intensivləşib, ancaq hələ də həllini tapmır. Bu məsələnin həll olunmamasının kökündə konkret hansı məsələlər var, yəni o məsələlər həll olunsa, artıq Qarabağ məsələsi həll oluna bilər? 2018-ci il Qarabağ məsələsində dönüş ili ola bilərmi?

- Bir şeyi sizə deyim ki, dünyada hansısa bir super dövlətin hansısa bir ərazisini işğal edirsənsə, yaxud da onun ən yaxın müttəfiqlərinin ərazisini işğal edirsənsə, onda onu alıb verirlər həmin ölkəyə. Amma qalan ölkələrin ərazisini hansısa bir güc vasitəsilə işğal eliyən başqa bir güc ortaya çıxırsa, ona müqavimət göstərməyə kimsə maraq göstərmir. Bunu Ukraynanın nümunəsində gördük, Donbas, Luqanski, Krım, bunlar hamısı işğal olunub, amma indi Krımdan çox ciddi söhbət getmir, o boyda ərazini Rusiya işğal edib, bunlar hamısı göstərir ki, Ermənistan təqribən buna arxayın olaraq Qarabağın işğalını davam etdirir. Heç kim Ermənistandan torpağı alıb Azərbaycanın özünə qaytarmayacaq. Burada birinci növbədə bizim cəmiyyətin düşüncə olaraq Qarabağ məsələsində aktiv rol almaq imkanları yaranmalıdır, bu maneələr aradan qaldırılmalıdır. Azərbaycan cəmiyyətində belə təsəvvür var ki, Qarabağ hakimiyyətdə olan bir-iki nəfərin düşündüyü problemdir, onlar məşğul olurlar, görüşürlər, danışırlar, müzakirə aparırlar. Amma bütövlükdə xalqın ayrı-ayrı təbəqələrinin müəyyən dərəcədə məşğul olduğu problem kimi Qarabağ gündəmdə deyil. Yəni, bu gün küçədə gedən bir insan üçün Qarabağ problemi yoxdur. Hər kəs artıq bu problemi başqa bir-iki nəfərə dövr edib ki, siz məşğul olun.

Bu artıq bizim izlədiyimiz ən yanlışlardan biridir. Bu, elə bir məsələdir ki, burada diasporadan tutmuş ölkə daxilində yaşayan hər bir insana qədər bu problemin içərisində özünü görməlidir və öz töhfəsini verməlidir, təklifini, müəyyən qədər təşəbbüsünü ortaya qoymalıdır. Kimsə xaricdədirsə, heç dövlət deməmiş özü televiziyaya çıxıb Qarabağ məsələsindən mövqelərimizi şərh etməlidir. Moskvada biz adam tapa bilmirik televiziyaya çıxarmağa. Bir Fuad Abbasov çıxır, müəyyən problemləri deyir Qarabağla bağlı, Türkiyəylə bağlı, ona sevinirik. Bizim minlərlə belə adamımız olmalıdır ki, bu problemi özünün problemi kimi görsün və onu beynəlxalq arenada, xarici auditoriyada müdafiə olunması istiqamətində Azərbaycanın maraqlarının çatdırılması üçün iş görülsün. Bunlar olmayanda sadəlövhcəsinə nə zamansa, ermənilər imkan yaradacaq ki, biz ora qayıdaq, belə məsələlər nağıllar aləminə aid məsələlərdir, bu reallaşmayacaq. Biz toplum olaraq bu prosesin içində deyilik. Problemin ləngiməsinin ən böyük səbəbi odur. Hamımız olsaq, hamımız da öz töhfəmizi verməyi düşünərək daha maraqlı çıxış yolları təklif edə biləcəyik, təəssüf ki, bunu müşahidə eləmirik.

- Sizin də qeyd etdiyiniz kimi, zaman-zaman beynəlxalq təşkilatların, qurumların qərəzi ilə, ikili standartları ilə qarşılaşırıq. Bunun səbəbi nədir?

- İkili standartlar həmişə olub, bunsuz ötüşmək olmaz. Hər kəsin, hər bir dövlətin, hər bir beynəlxalq təşkilatın marağı var. Biz necə Afrika ölkələrində hansı tayfanın hansıyla savaşması barədə təsəvvürə və çözüm yoluna malik deyilik, bilmirik heç bu tayfanı hansı yolla bir-birilə barışdırmaq, yaxud da işğaldan çəkindirmək olar. Amerikada, İngiltərə oturub siyasətə təsir göstərmək istəyən adamlar da bu sahədə bilgisiz və ilgisizdilər, hansısa bir ölkədə, Azərbaycan kimi bir ölkədə belə problemin yaşanması onlar üçün faciə deyil, informasiyadır. Ona görə də bu məsələ daha çox özümüzlə bağlı məsələdir. Biz özümüz çözüm yolları haqqında ən azı düşüncə ortamı yaratmayınca, həqiqətləri söyləmiyincə, Dağlıq Qarabağla bağlı nəyi etməyin mümkünlüyü, nəyi etməyin mümkünsüzlüyü barədə cəmiyyətlə açıq söhbət aparmayınca, bu problemlərin həllindən yeni bir şeylər gözləməyimiz doğru deyil. Biz bir az daha çox nağıllara inanan cəmiyyətik, yəni Qarabağ şikəstəsi oxumaq, duyğusal anlarla Qarabağı xatırlayırıq, ya da kababla xatırlayırıq ki, yaxşı olardı gedib İsa bulağında kabab yeyərdik, amma Qarabağı bir dəyər olaraq içimizdə yaşadan toplumu görmürsən. Qarabağı mahnı olaraq yaşadırlar, ama dəyər olaraq yaşadan toplum olmayınca, onu qaytarmaq da çətin olacaq. Bu hamının probleminə çevrilməyincə, gündəlik çörək kimi həyatımıza girməyincə, bu məsələni həll eləməkdən çox uzaq olacıyıq. Ona görə indiki zamanda bu əhval-ruhiyyə ilə məsələnin həllinin yaxın olduğunu düşünmürəm.

- Fazil müəllim, separatçılıq meylləri hər zaman olub. Ancaq siz də razılaşarsız ki, 2017-ci ildə bunun daha çox şahidi olduq, hətta Avropa da bundan əziyyət çəkdi. Separatçılıq meyllərinin bu qədər artmasının səbəbi nədir?

- Əvvəla bunu göstərirlər ki, hansısa ölkə ərazisində demokratiya daha yüksək səviyyədə olarsa, artıq milli məsələlər arxa planda qalacaq. Həmin demokratiya indi Britaniyada var, amma şotlandlar neçə əsrlərdir müstəqil dövlət qurmaq uğrundan mübarizə aparırlar. Həmin demokratiya İspaniyada da var, Franko vaxtı deyil ki, deyəsən basklar, katalonlar niyə ayrılmaq istəyirlər? Milli duyğular elədir ki, hər bir kəsin, hər bir millətin identifikasiyası var, özünüdərki var, istəyir ki, öz dilində, öz xarakterinə uyğun millət quruluşu olsun. Amma dünyada olan prinsiplər, bu qədər parçalanmanı zəruri edən addımlar atılmasına əngəl olur. İndi bir neçəsinə imtiyaz tanıyaraq bunu stimullaşdıranda digərləri başlayırlar adi hala çevirməyə. Məsələn, Qarabağ məsələsində tutulan mövqe Avropanın özü üçün problemə çevrilib. Necə ona münasibət bəsləyirdilərsə, indi başqa bir hadisəyə əks münasibət bəsləyəndə, özlərində olan hansısa separatçılığı boğmağa çalışanda onda bir gülüşlə qarşılanır ki, siz başqa ərazidə bunu milli azadlıq mübarizəsi kimi qiymətləndirirsiniz, özünüzə gələndə hökumətə qarşı etiraz aksiyası və dalğası kimi. Bu da səmimiyyətdən xəbər vermir. Ona görə də bizim çalışdığımız əsas odur ki, bütövlükdə dünyada sərhədlərin bölünməzliyi prinsipinə ardıcıl əməl olunsun, yəni hamı anlasın ki, bu qədər sərhədləri belə rahatlıqla bölmək prinsipi daha çox qalıcı olacaqsa, cəmiyyətlərdə həmişə konflikt olacaq. Hətta Avropanın mərkəzində belə konfliktlər olacaq. Burada biz ərazi bütövlüyü məsələsinə bir prinsip olaraq daha sağlam yanaşılmasının tərəfdarıyıq. Azərbaycanda illərdi belə platformada bu tələblə çıxış edir. Ümid edirik ki, bu tələbin müəyyən dərəcədə anlaşılması baş verəcək. Bu tələbin bütün proseslərə tətbiqi nəzərdə tutulacaq. Çünki sən Kataloniyanı buraxsan, artıq başqa bir dalğanın qabağında dayana bilməyəcəksən. Bu gün təkcə milli əlamətlərə görə müstəqillik anlayışı önə çıxmır.

Burada başqa əlamətlər də, məsələn, sosial əlamətlər üzə çıxır. İtaliyanın bu gün cənubu ilə şimalı arasında ziddiyyətlər var. Şimal cənubdan ayrılmaq istəyir, çünki ümumi daxili məhsulun böyük əksəriyyəti şimalda istehsal olunur, cənub daha yoxsuldur. Şimalda bu düşüncə var ki, Milan, Turinin və başqalarının hesabına digər bölgələr yaşayırlar. Niyə bizim qazancımızla Roma və digər yerlər yaşamalıdır? Yəni separatçılıq təkcə milli zəmində deyil, həm də sosial zəmində olur. Ona görə də daha ədalətli, daha demokratik və beynəlxalq hüququn prinsiplərinə müəyyən standartla yanaşan dövlətlər modeli daha uyğundur, onların nə edəcəyi bizi daha çox maraqlandırmalıdır. Qalan məsələlər təbii ki, separatçılıq və başqa məsələlər nə qədər mənfi təzahürlər doğursa da, amma Avropada bunun çox genişlənəcəyini, vüsət alacağını düşünmürəm, çünki bunun təhlükəsini hamı bilir. Hədsiz kiçik dövlətlərlə hansısa bir problemin çözülməsi deyilən bir yanaşma doğru qərar qəbul olunmur. Yəni, insanlar anlayırlar ki, mütləq hansı situasiyadan asılı olmayaraq, bu proseslərin içində özlərinin nə qədər müstəqil olmasını arzulasalar da, birlik modelini tapmaları vacibdir. Necə Avropa Birliyi tapılandan sonra artıq ayrı-ayrı dövlətlərin ambisiyaları o qədər də qabarıq ortaya çıxmadı, amma özünü o bərabərlər içində görməyə başladı, təqribən bu separatçılğın da sonrakı nəticələri ona doğru aparır. Deyək ki, İspaniyanın parçalanması əslində o dəyərlərin yoxa çıxmasına gətirib çıxaracaq. Bu formada parçalanma zərərlidir.

- Siz Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvüsüz. Hazırda Almaniya ilə münasibətlər, Almaniyanın Qarabağla bağlı mövqeyi necədir?

- Almaniyanın Qarabağ məsələsində ayrıca bir mövqeyi yoxdur. Mövqeyi olan faktiki olaraq, 3 ölkə var. Mövqeyi olan 3 həmsədr ölkə biri Fransadır, biri Amerika, biri də Rusiya. Onların mövqeləri üst-üstə düşür. Almaniyanın Qarabağ məsələsində mövqeyi ümumi frazayla ifadə olunur – Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Amma Azərbaycan ərazisinin işğaldan azad olunmasını tələb edirik deyən bir Almaniya yoxdur, bir Fransa yoxdur, bir Hollandiya yoxdur. Bu işin acınacaqlı tərəfi budur. Biz çalışmalıyıq ki, məhz bunu həll edəcək addımlar gələcəkdə atılmış olsun. Qarabağ probleminin həllinin bu cür qısa yolu yoxdur. Daha mürəkkəb bir prosesdir, daha mürəkkəb bir yoldur. Bu yolda da bütün komponentlərin doğru istifadə edilməsi vacibdir. Almaniyanın da inandırılması vacibdir. Almaniyada müəyyən dərəcədə informasiya ilə millət vəkillərinin, hökumət üzvlərinin vaxtaşırı təmin olunması obyektiv informasiya ilə bunların də təsəvvürlərini dəyişə bilər Azərbaycanla bağlı və ən azı Qarabağ məsələsi ilə bağlı haqlı tərəfə müəyyən dəstəyini əsirgəməyə bilər.

- Bildiyiniz kimi, bu il yanvarın 1-dən İtaliya ATƏT-ə sədrlik edir. İtaliyanın xarici işlər naziri də belə bir açıqlama verdi ki, ATƏT bir çox münaqişələrin, eyni zamanda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı daha aktiv olacaq. Bu da sadəcə bir fraza kimi istifadə olunurmu, yoxsa hər hansı həqiqətən də aktivlik görə bilərik?

- ATƏT-in bir şansı vardı, 10 il öncə münaqişə ilə bağlı məruzə hazırlanmalıydı, o məruzəni hazırlayıb ortaya qoya bilmədilər. Hazırlanan da sonuncu nüsxənin üzərindədi, Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoydular ki, sanki iki bərabər eyni günah sahibi olan iki dövlət bir-biri ilə savaşır, insan qanı tökülür. Halbuki bunun sadə, primitiv izahı bundadır ki, Azərbaycanın qanuni, BMT tərəfindən tanınan 86 min kv. km-lik ərazisindən 66 min kv.km ərazisi qalıb. Qalan ərazilər isə ermənilər tərəfindən işğal olunub. Belə vəziyyətdə başqa işğalçını haradan tapıb göstərəcək, bu bölgədə yeganə işğalçı Ermənistandır. Bu baxımdan da bizim hər hansı bir şəkildə ATƏT-in daxilində olan dəyişikliyin ölkəmiz üçün faydalı olacağını düşünməyimiz üçün əsas yoxdur. Yəni onlar əvvəlki kursu davam etdirəcəklər və Azərbaycan üçün faydalı iş görəcəklərinə əmin deyiləm, bu çox çətin məsələdir.

- Qardaş Türkiyə son zamanlar dünyada daha çox mövqeyə, daha çox gücə sahib olub. Ancaq yenə də Avropa Birliyinə daxil ola bilmir. Problem nədir, Avropa Birliyinə daxil ola bilməməsinin kökündə duran məsələ nədir?

- Problem siyasi problemdir. Yəni Türkiyə Kopenhagen meyarlarını artıq 20 ildir təqdim edib. 20 il ərzində də bu Türkiyədə müzakirə olundu və Avropa Birliyinə yaxınlaşmaq üçün müəyyən addımlar atıldı. Amma Avropa Birliyi Türkiyəni aşağılayıcı mövqe tutdu. Yəni ondan kiçik dövlətləri qəbul elədi, üstəlik də Türkiyədə hər şey hazır olduğu vaxtda qəbul etməməklə bir az təklənməsinə şərait yaratdı. Belə bir vəziyyətdə Türkiyənin özü də Avropa Birliyinə qarşı çox sərt çıxdı və Avropa Birliyindən ayrılacağı mesajını verdi. Ona görə də bu məsələ çox mürəkkəb situasiya yaradıb. Avropa Birliyinin hər hansı şəkildə Türkiyəni qəbul eləmə niyyəti olsaydı, bəhanəsiz də bunu edə bilərdi. Hətta Kipr kimi mübahisəli ərazini Avropa Birliyi üzvü seçirlər, Türkiyə kimi nəhəng dövləti seçmirlər. Yəni Kipr məsələsi həm də Türkiyə ilə müəyyən Birləşmiş Millətlər Təşkilatı arasında bir narahatedici qüvvə rolu oynamağa başladı. Bu baxımdan da hesab edirəm ki, bizim hər hansı bir şəkildə bu problemlərin həlli istiqamətində təklif verməyimiz, yaxud da buna bir kömək eləmək imkanımız yoxdur. Türkiyənin burda olması bizim də faydamız olardı, ən azından o müstəvidə həm Qarabağ məsələsinin gündəmə gətirilməsi, həm də Azərbaycanın maraqlarının təmin olunması istiqamətində addımlar atılardı. Təəssüf ki, dediyim kimi, Türkiyəyə icazə verilmədi, ona görə də Türkiyə indi axtarışdadı, hansısa bir bölgəsəl model üzərində dövlətin qurulması ideyası daha çox aktuallaşmağa başlayıb. Bu istiqamətdə ciddi işlər gedir, çox güman ki, Türkiyə Avropa Birliyinə üzvlükdən geri çevrilməyinin fərqli bir alternativini ortaya qoyacaq.

- İslam Həmrəyliyi ili bitdi, həm oyunlar keçirildi, həm ümumiyyətlə dünyada İslamla bağlı müəyyən məsələlər oldu, Qüds məsələsi və digər məsələlər. Bu yöndə Azərbaycanın hazırda İslam dünyasında mövqeyi necədir?

- İslam dünyası olsaydı, bir sistem olardı, bu sistemin ətrafında müəyyən deyək ki, hücumlara qarşı birlikdə müqavimət olardır, müəyyən neqativlərə qarşı birlikdə həll istiqamətində çalışma olardı. Bu gün ən böyük düşmənçilik İslam adlanan coğrafiyada və ölkələr arasındadı. Bu baxımdan da Azərbaycanın burada aktiv rol almasının əsas səbəblərindən biri odur ki, həm öz problemlərini onların gündəminə daşıyır, həm də müəyyəm dərəcədə birləşmək istəyən, həmrəy olmaq istəyən İslam dövlətlərinin yaxınlaşmasına kömək eliyir. Çünki bir neçə tədbirin Azərbaycanda keçirilməsi və dünyanın müxtəlif yerlərindən müxtəlif məzhəblərə aid olan insanların gəlməsi onu göstərir ki, bütünlükdə bu Azərbaycanla bağlı bütün layihələrdə İslam ölkələrindən dəstək almaq imkanı var. Məsələn, Ermənistanla bağlı Azərbaycanın marağı nədir? Ermənistanla hər hansı diplomatik əlaqə yaratmasınlar. Bunu ölkə prezidenti də Türkiyədə olanda çıxışında qeyd elədi ki, İslam ölkələri və özünə müsəlman deyənlər bu addımı atmamalıdılar. Amma müsəlman ölkəsi İrandır, Ermənistana ən çox dəstək verən ölkədir. Bu problemləri yaşayırıq, amma heç kimi kənara ata bilmərik, biz fürsətlərdən istifadə etməliyik, biz birlik modellərindən istifadə etməliyik. Ona görə bizim harada olmağımız önəmli deyil, sadəcə bizim problemlərimizi daşıya biləcəyimiz və onun həllini müzakirə edə biləcəyimiz hansı müstəvi varsa, ora yönəlməliyik. İslam Həmrəyliyi mövzusuna bizim baxışımız da əslində budur. Yoxsa biz ideal İslam Həmrəyliyi modeli görmürük, mümkün də deyil. Çünki bu günləri ərəb ölkələrinin öz arasında həmin həmrəylik yoxdursa, bütövlükdə İslam adı ilə belə bir həmrəyliyin olması perspektivli görünmür.

- Siz də sosial şəbəkələrdən istifadə edirsiz. Əslində sosial şəbəkələr və mətbuat informasiya müharibəsində əsas rollardan birini ifadə edir. Biz istər sosial şəbəkədən, istər mətbuatdan informasiya müharibəsində düzgün istifadə edə bilirikmi, istər Ermənistana qarşı, istər Qarabağ məsələsində?

- Biz əslində sosial şəbəkələrdən gücümüz yetən qədər istifadə eləsək də, amma xarici auditoriya üçün çox effektli istifadə imkanımız yoxdur. Bu da birinci növbədə bizim, Azərbaycan cəmiyyətinin srateji düşüncə imkanlarının xeyli məhdud olmasıdır. Bizdə hər bir məsələyə epizod kimi baxırıq, mahiyyət kimi baxmadığımıza görə, epizodlarla, xırda kiçik detallarla çalışırıq. Amma onu sistemə sala bilmədik. Məsələn, bir sosial şəbəkənə variantını biz ancaq müəyyən dərəcədə bir düşmən obyekti kimi başladıq. Kimisə söyür, kimisə tənqid eləyir, niyə tənqid eləyirsən, niyə söyürsən, kimsə bayağı nələrsə, paylaşır, niyə bayalığıa sürükləyirsən cəmiyyəti deyə ittihamlar var. Daha fəal insanlardan ibarət ayrı-ayrı qruplar müəyyən mövzular ətrafında müəyyən təbliğat qura bilərdilər və başqa ölkələrə Azərbaycan problemlərini daha dərindən çatdıra bilərdilər. Çox təəssüflər olsun ki, bunlar edilmədi və ona görə də bu gün sosial şəbəkələrdə dövlətin siyasətini həyata keçirmək üçün işlək bir mexanizmə çevrilməlidir. Amma buna baxmayaraq, yenə də bu şəbəkədə informasiyanın yayılması, informasiyanın təqdim olunması imkanları daha çoxdur, daha çevikdir. Mətbuatdan, ya çap mediasından çevik olduğuna görə, imkanlar daha çoxdur. Çalışmalıyıq ki, ən azı bu imkanları doğru dəyərləndirək, cəmiyyətin müxtəlif təbəqələrinə müəyyən mesajlar vermək imkanını doğru dəyərləndirək. Bütövlükdə mən hesab edirəm ki, Azərbaycanda sosial şəbəkələrlə bağlı təbii ki, qanunvericilik gücləndirildi, hər hansı bir şəkildə saxta profilləri istifadə eləməsinə görə adamların məsuliyyəti məsələsi qoyuldu, amma bu, yetərli deyil. Birinci növbədə sosial şəbəkələrdən ağıllı istifadə etmək lazımdır.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, dövlət başçısının Xalq Cümhuriyyəti tarixinə olan xüsusi ehtiramını sübut etdi” – Deputatlardan açıqlama



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI