Play Store

“Bolqarıstanın Azərbaycanın neft-qaz ixracatına marağı çoxdur” – Millət vəkili

Xəbər verdiyimiz kimi, Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana səfər edib. Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib və bir sıra məsələlər müzakirə olunub. Dövlət başçısı ölkələr arasında müxtəlif sahədə əməkdaşlıqla bağlı məlumat verib.

Metbuat.az-ın məlumatına görə, bu gün isə Bakı-Sofiya marşrutu ilə ilk aviareys həyata keçirilib. Aviareysin açılış mərasimində Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Bolqarıstan Baş nazirinin səfərini Metbuat.az-a şərh edən millət vəkili, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov bildirib ki, Azərbaycan 1991-ci dövlət müstəqilliyini bərpa edəndən sonra dünyanın bir çox ölkələri ilə əməkdaşlığa başlayıb, əlaqələr yaradıb: “O cümlədən Bolqarıstanla da əlaqələrimiz normal səviyyədədir, bütün istiqamətlərdə əməkdaşlığımız inkişaf edən xətt üzrə davam edir. Bolqarıstanla diplomatik, siyasi, iqtisadi, mədəni və s. istiqamətlərdə əlaqələrimiz var. Mən özüm də millət vəkili kimi bir neçə dəfə Bolqarıstana səfərim olub. Bolqarıstan parlamentinin dostluq qrupunun üzvləri Azərbaycana gəliblər, onları bir çox yerlərə aparıb tanış etmişik. Azərbaycan Bolqarıstanla, o cümlədən dünyanın bütün ölkələrlə əməkdaşlıq, tərəfdaşlıq, dostluq əlaqələrini möhkəmləndirmək siyasətini tutub. Biz bu istiqamətdə irəliləyirik, inkişaf edirik. Bolqarıstan bizim üçün əhəmiyyətli dövlətlərdən biridir. O cümlədən də Azərbaycan Bolqarıstan üçün çox əhəmiyyət kəsb edən bir dövlətdir. Çünki Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi təminatında çox fəal iştirak edir.

Avropa ölkələrinin, o cümlədən Bolqarıstanın da Azərbaycanın neft-qaz ixracatına marağı çoxdur və bundan bəhrələnmək istəyir. Azərbaycan nefti Türkiyədən, Gürcüstandan, Qara dənizdən keçib Avropaya istiqamətlənən neft-qaz kəmərləri vasitəsilə Avropaya çatdırılır və çatdırılacaq. Bura Bolqarıstan da qoşulmaq fikrindədir, cənab prezident də buna razılıq verir. Bizim əməkdaşlığımız təkcə bu istiqamətdə deyil. Bolqarıstanda kənd təsərrüfatı da inkişaf edib, bu istiqamətdə də, idman və başqa istiqamətlərdə də, hətta hərbi sahədə də əməkdaşlığımız ola bilsin inkişaf etdirilsin. Bolqarıstan Baş nazirinin səfəri də o məqsədləri daşıyır. Bu, məqsədəuyğun səfərdir. Yenə də təkrar edirəm, Azərbaycan dünyanın bütün dövlətləri ilə, istər qonşu, istər digər ölkələrlə əməkdaşlıq yaradır. Biz bu cür əlaqələr yaratmaqla Avropa İttifaqında, Avropa Parlamentində, Avropa Şurasında, Avropanın digər qurumlarında bizi dəstəkləyən, haqq işimizə dəstək verən, bizim ədalətli tələblərimizə, ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı dəstək verən dövlətlərin, parlamentarilərin, siyasətçilərin, yəni dostlarımızın sayını artırmağa çalışırıq”.

Qeyd edək ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, bu il birinci xarici qonaq dost ölkənin Baş naziri Boyko Borisovdur. Dövlət başçısı qeyd edib ki, Bolqarıstanla əlaqələrimiz çox inkişaf edir: “Biz siyasi sahədə fəal əməkdaşlıq edirik. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Bu gün əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik.

Bu gün danışıqlarımızın əsas mövzusu energetika sahəsi ilə bağlı idi. Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları var. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq.

Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər.

Cənab Baş nazirə məlumat verdim ki, keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda təntənəli açılışı olub. Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaq. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün.

Bakı-Sofiya marşrutu ilə aviareysin açılması çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcək.

Biz humanitar sahədə də əməkdaşlığımızı dərinləşdiririk. Mən Baş nazir Borisova Bolqarıstanın Avropa İttifaqına sədrliyi ilə bağlı təbriklərimi çatdırdım. Bu, Bolqarıstanın böyük uğurudur və böyük məsuliyyətidir. Əminəm ki, Bolqarıstan bu şərəfli missiyanı uğurla icra edəcək. Eyni zamanda, Bolqarıstanın sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacaq, xüsusilə hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində iş aparırıq və danışıqlar çox uğurla davam etdirilir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan heç bir müstəvidə bizimlə müstəqil danışıq apara bilməz” – Fazil Mustafa - MÜSAHİBƏ / FOTOLAR / VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI