Play Store

“Azərbaycan faktiki olaraq dəmir yolu xətlərinin qovuşduğu yerdir” – Millət vəkili

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Metbuat.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub: “Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir”.

Dövlət baçısı qeyd edib ki, nəqliyyat sahəsində Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması nəzərdə tutulur: “Orada işlərin böyük əksəriyyəti demək olar ki, görülüb. Liman indi fəaliyyət göstərir. Əminəm ki, liman bu ilin birinci yarısında istifadəyə veriləcək. Beləliklə, Azərbaycan Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacaq. Bu limanın birinci mərhələdə yükaşırma qabiliyyəti 15 milyon ton yük və 100 min konteynerdir. Gələcəkdə tələbat artdıqca biz qısa müddət ərzində və o qədər də böyük olmayan vəsaitlə limanı 50 faiz, 70 faiz genişləndirə bilərik”.

Ölkə başçısı eyni zamanda bildirib ki, Azərbaycan ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işlər görülüb: “Ancaq biz böyük yüklər gözləyirik ki, bu yolla daşınacaq. Ona görə, mövcud olan dəmir yolu daha da yaxşı vəziyyətə gətirilməlidir. Yəni, dəmir yolunun sürəti artmalıdır. Bu məqsədlə biz Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması, təmiri ilə bağlı işlər görməliyik. Bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması məsələsi əksini tapıb. Bunu biz başlayırıq. Eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq. Yəni, texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunun həm turizm üçün böyük əhəmiyyəti olacaq, çünki sahilin böyük hissəsi indi dəmir yolu infrastrukturu ilə zəbt edilib, eyni zamanda, mövcud yolla istədiyimiz qədər yükləri daşımaq mümkün olmayacaq. Bu, önəmli layihədir. Turizmin inkişafı üçün bir layihəni də biz dövlət investisiya proqramına salmışıq. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Beləliklə, Qəbələ şəhərinə dəmir yolunun çəkilişi təmin ediləcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək. Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var. Ona görə, istərdim ki, Azərbaycan ictimaiyyəti bunu bilsin”.

Metbuat.az-a 2018-ci illə bağlı iqtisadi durumu şərh edən millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, investisiya o işlərə qoyulur ki, orada stabillik olsun, sabitlik olsun, yəni ciddi, siyasi, iqtisadi problemlər olmasın: “Azərbaycan şükürlər olsun ki, stabil dövlətdi və burada investisiya qoyulmağına maraq var. Həm daxili, həm də xarici investorlar Azərbaycana investisiya qoymağa çalışırlar. Düzdür, bir o qədər də xarici investisiyanın arxasınca qaçmırıq, çünki özümüzün kifayət qədər valyuta ehtiyatımız var, 42 milyard dollara yaxın. Cənab prezident çalışır ki, layihələr daxili investisiyalar vasitəsilə həyata keçirilsin”.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı danışan millət vəkili qeyd edib ki, işlərin birinci mərhələsi bu il başa çatmalıdır: “Bu, çox böyük layihədir. Layihə həyata keçiriləndən sonra Azərbaycanda ilk azad ticarət zonasının yaradılmasına imkan verəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, artıq İpək Yolunun bir hissənin bərpası deməkdir. Çin, Orta Asiya, Şərqi Asiya dövlətlərinin yüklərinin Azərbaycan üzərindən Avropaya çıxarılmasına şərait yaradır. Ticarət Limanı ilə əlaqədar deyə bilərəm ki, orada həm dəmir yolu, həm avtomobil yolu, həm də dəniz yolu var. Ona görə də burada Limanın təşkili çox önəmli məsələdir. Liman vasitəsilə Azərbaycana həm neftin, həm konteyner yüklərinin daşınması təşkil olunacaq. Hətta belə bir təklif var ki, həmin ərazidə 200 min əhalinin yaşaya biləcəyi şəhər salmaq istəyirlər. O cümlədən xüsusi iqtisadi zona da yaratmaq istəyirlər. Bu da Azərbaycan üçün çox əhəmiyyətlidir. Hər iki layihə Azərbaycanın həm siyasi, həm də iqtisadi müstəqilliyinin, sabitliyinin qorunub-saxlanılması üçün əhəmiyyətli layihələrdir”.

Dəmir yollarının çəkilməsi ilə bağlı fikrə münasibət bildirən Vahid Əhmədov qeyd edib ki, prezident bir neçə dəfə bu məsələyə toxunub: “Nəhayət hökumətin iclasında da dövlət başçısı qeyd etdi ki, turistlərin gəlişini təşkil etmək üçün Yalama tərəfə, Şahdağa qədər dəmir yolunu çəkməliyik. Bildiyiniz kimi, 2017-ci ildə Azərbaycana turist axınının sayı 20% artıb. O cümlədən qərb tərəfə də dəmir yolunun çəkilməsinə başlamaq lazımdır. Bildiyiniz kimi İran Astarasından Azərbaycan Astarasına da dəmir yolu çəkilir. Hətta bununla əlaqədar cənab prezident İrana 500 milyon dollar vəsait ayırdı ki, yolu çəksinlər. Azərbaycan faktiki olaraq dəmir yolu xətlərinin qovuşduğu yerdir və nəqliyyat sahəsində mərkəzə çevrilib”.

Günay Elşadqızı / METBUAT.AZ

Bu il 20 min məcburi köçkün sevinəcək - ŞƏRHLƏR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI