“Ehtimal edilir ki, prezidentlərin görüşü ilə bağlı müəyyən qərarlar veriləcək” - Politoloq

Xəbər verdiyimiz kimi, sabah, yanvarın 18-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə görüşəcək.

Metbuat.az-ın məlumatına görə, XİN-in məlumatında bildirilir ki, E.Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endyu Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də görüşü nəzərdə tutulur: “Görüşün mövzusu Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan məsələlərin ətraflı müzakirəsidir. Belə ki, 2017-ci ilin 16 oktyabr tarixində dövlət başçıları səviyyəsində Cenevrədə keçirilən görüşdən sonra danışıqlar prosesində müəyyən intensivlik və dinamika yaradılıb. Azərbaycanın qəti və prinsipial mövqeyi nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması təmin olunub”.

Görüşlə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, Krakov görüşünə qədər əlimizdə iki vacib istiqamət var: “O istiqamətlər bizə Dağlıq Qarabağ tənzimləməsinin indiki mərhələsi ilə bağlı müəyyən nəticələr irəli sürməyə əsas yaradır. Bunlardan biri Rusiya xarici işlər naziri Sergey Lavrovun verdiyi bəyənatdır. O, bildirib ki, Dağlıq Qarabağ məsələsini bir sənədlə tənzimləmək mümkün deyil, bu məsələni tənzimləmək mərhələli şəkildə getməlidir. Bu açıqlama erməniləri kifayət qədər narahat elədi. Elə Lavrov da o bəyənatı vermişdi ki, ermənilərə bir təzyiq olsun, başa düşsünlər ki, Dağlıq Qarabağ tənzimləməsini yubatmaq lazım deyil.

İkinci istiqamət Fransanın gördüyü işdir. Fransa prezidenti Emmanuel Makron kifayət qədər beynəxalq siyasət aparır. O, Yaxın Şərq məsələləri ilə məşğuldur, Suriya, Koreya Xalq Demokratik Respublikasının məsələləri ilə, Səudiyyə Ərəbistanı, İran problemləri ilə məşğuldur. Yəni bu əslində göstərir ki, Makron ölkədaxili proseslərdən daha çox beynəlxalq proseslərə üstünlük verir. Dağlıq Qarabağ məsələsində Fransanın iştirakına gəldikdə isə qeyd edim ki, Fransa Dağlıq Qarabağ tənzimləməsində Avropa İttifaqının təmsilçisidir, yəni bu tənzimləmə ilə məşğul olmalıdır. Belə fonda Fransanın son vaxtlar Ermənistanın xarici işlər nazirini dəvət eləməsi, onun ardınca da hazırda da səfərdə olan bizim xarici işlər naziri Elmar Məmmədyarovun orada yüksək səviyyəli görüşlər keçirməsi, o cümlədən Fransanın xarici işlər naziri ilə də görüşüb Dağlıq Qarabağ məsələsini müzakirə etməsi o deməkdir ki, həmsədr ölkələr həm Rusiya, həm Fransa, həm də ABŞ-da Dağlıq Qarabağ tənzimləməsində konkret praktiki nəticə əldə eləməyə ciddi maraq var. Düşünürəm ki, Krakov görüşündə də bunu görəcəyik. Yəqin ki, müəyyən məsələlər razılaşdırılacaq. Ehtimal ki, prezidentlərin görüşü ilə bağlı müəyyən qərarlar veriləcək. Düşünürəm ki, ola bilsin ilin birinci rübündə tənzimləmədə müəyyən bir konkret praktiki addımların atılması prosesi başlasın”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu cür münaqişələr nə qədər tez aradan götürülsə, dünya birliyi üçün örnək ola bilər” – Aydın Hüseynov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI