İki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanov - doğum günüdür

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür.

Metbuat.az-ın məlumatına görə, Həzi Əhəd oğlu Aslanov 1910-cu ildə Lənkəran rayonunda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə təhsilini bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. Təhsilini başa vurandan sonra Kotovsk adına I Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. O öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını beş ay dəf edib, onu ağır tələfata uğradıb. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum ediblər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarıb.

Onun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstəriblər. Düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verilib. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçiblər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdiriblər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirib. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyiblər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb. Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilib. O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib.

Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Aslanovun polkuna isə qvardiya adı verilib. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənib.

Həzi Aslanov 1945–ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR