Play Store

“Azərbaycan tərəfi bundan artıq nə edə bilər ki?” – Fəzail İbrahimli

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında iştirak edib.

Metbuat.az-ın məlumatına görə, tədbirin aparıcısıının dövlət başçımıza ünvanladığı “Bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaq?” sualına cavabında prezident bildirib ki, qonşuluq problem də ola bilər, üstünlük də: “Bu, sizin siyasətinizdən və qonşularla əlaqələrdən asılıdır. Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda.

Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən QazaxıstanTürkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir”.


Dövlət başçısı bildirib ki, regionumuzda olan hər bir ölkə ilə xüsusi əməkdaşlıq formatımız var: “Biz gənc müstəqil ölkəyik - cəmi 26 yaşımız var. Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil.

Hesab edirəm ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır. Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxili işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir”.

Məsələni Metbuat.az-a şərh edən millət vəkili Fəzail İbrahimli bildirib ki, Azərbaycan həmişə bu məsələlərdə kifayət qədər diqqətli, həssas və qarşılıqlı etimad prinsipi əsasında öz fəaliyyətini qurur: “Ölkəmizin İranla, Rusiya ilə, Türkiyə ilə, Gürcüstanla, ümumiyyətlə hər bir qonşu dövlətlə qonşuluq münasibətində kifayət qədər uğurları, qarşılıqlı münasibətləri, diplomatik münasibətləri var. Azərbaycan heç kimin daxili işlərinə qarışmır və heç kimə imkan vermir ki, onun daxili işinə qarışsın. Balanslaşdırılmış siyasət yürüdür, Gürcüstana ən çətin məqamlarında kifayət qədər yardım edir. Güman eləmirəm ki, Gürcüstan özü bu addımı ata bilərdi. Bunlar hamısı tarixin sınaqlarından çıxmış, təcrübədə təsdiq olunmuş fikirlərdir”.

Millət vəkili bildirib ki, cənab prezidentin Ermənistanla bağlı dedikləri də bu nöqteyi-nəzərdən verilən cavabdır: “Torpağını işğal etmiş dövlətlə hansı münasibətin ola bilər? Dəfələrlə bəyan edilib ki, Ermənistan işğaldan əl çəksin, torpaqlarımızdan çıxsın. Bundan sonra yenidən qonşuluq münasibətlərini bərpa etmək olar və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda yaşayan ermənilərə kifayət qədər yüksək status verilə bilər. Bundan artıq Azərbaycan tərəfi nə edə bilər ki? Ona görə də cənab prezidentin bütün dünyaya bəyan etdiyi bu fikirlər reallıqdır. Hər bir qonşu dövlətin rəhbərliyinə cənab prezidentin fikirləri ilə bağlı müraciət edilsə, bunu çox məmnuniyyətlə təsdiqləyər”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan o hadisədə sakitliyini itirdi, qorxu qazandı, zəifliyini gördü” – Polkovniklə müsahibə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI