“Bu, müzakirəsi mümkün olmayan məsələnin olmadığını bir daha göstərdi” – Millət vəkillərindən açıqlama

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində bir sıra önəmli fikirlər səsləndirib.

Metbuat.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur. Bura media azadlığı da aiddir: “Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirib. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir: “İnternet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”.

İnsan haqları ilə bağlı Azərbaycan əleyhinə aparılan kampaniyaların reallıqla heç bir əlaqəsinin olmadığı deyən Prezident bunun siyasi zəmindən qaynaqlandığını bildirib: “Bu yanaşmalar Qərbdəki bəzi mərkəzlərin qərəzli münasibətindən doğur. Bəs səbəb nədir? Səbəb çox sadədir: Çünki, Azərbaycan öz milli maraqlarına uyğun, müstəqil siyasət yürüdən ölkədir. Biz ölkəmiz üçün mürəkkəb vəziyyətlər, çətinliklər yarada biləcək macəralara baş qoşmuruq. Bizim daxildə heç bir problemimiz yoxdur, ölkəmizdə iqtisadi-siyasi sabitlik var, üzləşə biləcəyimiz bütün potensial risklər yalnız xaricdən gələ bilər. Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara qoşmağa cəhdlər olub, amma biz heç kimin əleyhinə oyunlara qoşulmuruq və maraqlarımza zidd olan, riskli kampaniyalarda iştirak etmirik. Ona görə də, bizə qarşı hücumların əsas səbəblərindən biri bu ola bilər ki, bəziləri Azərbaycan kimi o qədər də böyük olmayan bir ölkənin həddindən artıq müstəqil siyasət yürütdüyünü hesab edirlər. Və bəzi QHT-lər tərtib etdikləri reytinqlərlə bizim reputasiyamıza xələl gətirmək məqsədi güdür, Azərbaycanı qeyri-demokrtik ölkə kimi təqdim etməyə çalışırlar ki, bu da yalandır”.


Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, cənab prezidentin çıxışı diqqəti cəlb etdi: “Çünki bu gün Azərbaycan, apardığı siyasət nəticəsində dövlətçiliyində, iqtisadiyyatında, siyasətində böyük uğurlar əldə edib və nəinki regionun, dünyanın aktual məsələlərinə mövqeyi gözlənilən ölkələrdən birinə çevrilib. Cənab prezident Davosdakı çıxışında faktiki olaraq bir çox məsələlərə münasibət bildirdi. Bunun özü prezidentin mətbuata açıq olduğunu, Azərbaycan üçün müzakirəsi mümkün olmayan məsələnin olmadığını bir daha göstərdi. Dövlət başçısının mətbuatla bağlı iradı tamamilə düzgündür. Müəyyən qüvvələr Azərbaycanı təsir altında saxlamaq, azad mətbuat adı altında Azərbaycanda beşinci kolon yaratmaq əhval-ruhiyyəsindədir. Bundan əvvəl də dəfələrlə olub ki, bu və ya digər dairələrdə Azərbaycanda çirkli pulların yuyulması, həmin vəsaitlə mətbuat orqanları yaratmaq və onları sonradan siyasi mərkəzə çevirmək cəhdləri olub. Bunlara əlbəttə ki, cəmiyyət yox deyir və o baxımdan Azərbaycanı həmin dairələrin təsiri altında saxlamaq üçün vaxtaşırı belə təzyiqlər edilir. Bu gün dünyada dəbdə olan siyahıya almaq variantı işə düşür. Azərbaycanı isə axırıncı yerlərə salmaqla dünya ictimaiyyətində ölkəmizlə bağlı mənfi rəy yaratmağa çalışırlar. Ancaq bütün bunlar hamısı əbəsdir. Azərbaycan demokratik ölkədir, burada vətəndaşların hüquq və azadlıqları qorunur, azad mətbuat var, istənilən məsələnin müzakirəsi mümkündür. Ölkəmizdə internetə qarşı hər hansı bir təzyiq yoxdur, sosial şəbəkə, internet resursları açıq şəkildə fəaliyyət göstərir. Cənab prezidentin kəskin cavabı hesab edirəm ki, həmin qüvvələrə Azərbaycanın heç bir zaman müstəqilliyindən və sərbəst seçim hüququndan imtina etməyəcəyinə dair ciddi xəbərdarlıqdır”.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə Metbuat.az-a açıqlamasında bildirib ki, hər şeydən öncə doğurdan da heç bir peşə etikası, mənəvi, əxlaqi və obyektivlik sərhədi olmayan Sərhədsiz Reportyorlar adlı böhtan ruporunun noyabr ayında açıqladığı yalanın Davos İqtisadi Forumu kimi ciddi bir platformada xatırladılması nə peşəkarlıq baxımdan, nə də aktuallıq baxımından doğrudur: “Ancaq eyni zamanda Azərbaycan prezidentinə belə sualın ünvanlanmasının özü də təsadüf deyildi. Görünür bir yalanı yenidən təkrarlamaq və ölkəmizə təkrar qara yaxmaq üçün Azərbaycanı sevməyən bəzi mərkəzlərin əlinə fürsət düşmüşdü. Ancaq prezident İlham Əliyev öz obyektiv və əsaslandırılmış cavabı ilə bu qərəzli sualdan da daha Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması imkanı kimi istifadə etməyi bacardı. Cənab prezident qeyd etdi ki, bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirib. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur.


Bunun isə sadə səbəbi var - Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər. Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bu sərrast və dəqiq cavabla hesablaşmamaq mümkün deyil. Daxili auditoriyamız üçünsə bu cavab bizim dünya siyasətini obyektiv dərk etməl üçün bir ip ucudur”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistan o hadisədə sakitliyini itirdi, qorxu qazandı, zəifliyini gördü” – Polkovniklə müsahibə

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI