“Sarkisyan ifadələri dəyişməklə özünə haqq qazandırmaq istəyir” – Elman Nəsirov

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışı zamanı həqiqətə uyğun olmayan sözlər ifadə edib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Elman Nəsirov bildirib ki, Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasında ənənəvi cəfəngiyyat çıxışa imza atdı: “Xüsusilə də bu gün o suala cavab tapmaq lazımdır ki, Sarkisyan o çıxışı ilə nəyə nail olmaq istəyir, yəni hansı hədəfləri güdür? Mənə elə gəlir ki, burada onun iki əsas məqsədi var. Birinci məqsəd odur ki, bu ilin mart ayında Ermənistanda prezident seçkiləri keçiriləcək, mart ayında isə Baş nazir seçkisi reallaşmalıdır. Belə olan vəziyyətə heç kəsə sirr deyil ki, Sarkisyan ciddi cəhdlə çalışır ki, Baş nazirlik vəzifəsini ələ keçirsin, beləliklə də öz hakimiyyətinin ömrünü uzatmış olsun. Bu məqsədi həyata keçirmək üçün o, bir yandan AŞ PA-ya səfəri öncəsi Fransa prezidenti ilə görüşüb onun müəyyən dəstəyinə nail olmaq istəyir, bundan sonra isə AŞ PA-da öz çıxışının məzmununu elə qurur ki, bu, Fransa və ümumiyyətlə dünyadakı erməni lobbisini məmnun etsin və seçkilərdə onların da dəstəyini qazana bilsin. Bu, birinci məqsəddir. Ikincisi isə beynəlxalq ictimai fikri yenidən çaşdırmağa ünvanlanmış bir addımdır”.

Elman Nəsirov deyir ki, məsələ ondadır ki, Ermənistana təzyiqlər var, bu sirr deyil: “Çünki belə təzyiqlər olmasaydı, Ermənistan prezidenti aprel hadisələrindən sonra demişdi ki, o, danışıqlara getməyəcək, danışıqlara bir halda gedə bilər ki, onun irəli sürdüyü şərtləq qəbul edilsin. Əks halda danışıqlardan söhbət belə gedə bilməz. Bu fikirləri deyən Sarkisyan ötən il oktyabrın 16-da Cenevrədə danışıqlara getməyə məcbur oldu. Deməli ona beynəlxalq təzyiqlər var, bu, şübhəsizdir. Belə olan vəziyyətdə o, çalışır ki, münaqişə ilə bağlı AŞ PA tribunasından istifadə edib yenidən beynəlxalq ictimai fikri çaşdırsın. Bu məqsədlər üçün də o, artıq ağ yalana əl atır. Hətta beynəlxalq ictimaiyyətin qarşısında bu qədər yalan fikir deyir ki, BMT-nin 4 qətnaməsində ümumiyyətlə bu münaqişə ilə bağlı məsələ yoxdur, olsa da Ermənistanın ancaq adı çəkilir ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində kömək etsin və Dağlıq Qarabağa müəyyən təsir göstərsin. Özünü tamamilə kənara çəkir ki, Ermənistanlıq bir məsələ yoxdur.

Halbuki bu münaqişə yalnız və yalnız Ermənistan Azərbaycan münaqişəsidir və bu prosesdə birbaşa Ermənistan iştirak edir, separatçı rejimi yaradan da odur. Dörd qətnamədə isə erməni işğalçı qüvvələrinin tamamilə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulub. Sarkisyan deyir ki, guya orada ancaq Dağlıq Qarabağın adı çəkilir, Ermənistanın adı yoxdur. Onda növbəti sual yaranır ki, axı Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu beynəlxalq birlik qəbul edib və Azərbaycan 86,6 min kv.km ərazisi ilə BMT-yə qəbul edilib. BMT 4 qətnamə qəbul edəndə və orada yazılanda ki, erməni silahlı birləşməli Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın təbii ki, Ermənistan qeyd olunub. Dağlıq Qarabağ qeyd oluna bilməz, çünki onsuz da bura Azərbaycanın ərazisidir, işğal edən isə Ermənistandır. Ona görə də Ermənistan prezidentinin belə siyasi manipulyasiya etməsi və BMT Təhlükəsizlik Şurasının mövqeyini təhrif etməsi növbəti dəfə göstərir ki, Sarkisyanın istəyi bu münaqişəni həll etmək deyil, vaxtı uzatmaqdır, beləliklə də bulanıq suda balıq tutmaq siyasətini həyata keçirir. Onun bu davranışı ilə bağlı nümayəndə heyətimizin rəhbəri cənab Səməd Seyidov da Sarkisyanın cavabını verdi.

Sarkisyan deyir ki, guya Azərbaycanda ermənilər əleyhinə bir hərbi ritorika mövcuddur və Azərbaycan Dağlıq Qarabağı erməni əhali olmadan tərkibinə birləşdirmək istəyir. Birləşdirmək istəmirik, Dağlıq Qarabağ bizim əzəli, tarixi, hüquqi torpaqlarımızdır. Biz öz torpaqlarımızın üzərində suverenliyimizi bərpa etmək istəyirik. O, ifadələrin yerini dəyişməklə istəyir ki, özünə haqq qazandırsın. Amma bunlar hamısı mənasız cəhdlərdir, hesab edirəm ki, bu məsələnin Azərbaycanın haqq işi olduğunu indi dünya daha yaxşı dərk etməkdədir. Ermənistanın davranışı göstərir ki, münaqişənin həllini istəmir, müharibəyə çevrilməsi üçün münbit şərait yaradır. Bu isə regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir və Cənubi Qafqazda sülhə, əmin-amanlığa deyil, müharibə ocağının yaranmasına və genişlənməsinə xidmət göstərir. Azərbaycanın bu məsələlərdə mövqeyi bəllidir, cənab prezident dəfələrlə beynəlxalq kürsülərdən də bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağda erməni əhalisinə yüksək status verməyə hazırdır, yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində. Başqa bir həll variantı yoxdur, bizim dəyişməz mövqeyimiz budur”.

Günay Elşadqızı / METBUAT.AZ

Ərdoğan Səməd Seyidova təşəkkür etdi - VİDEO

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI