Play Store

"Qeyrətini qorumaq üçün övladını göndərir ki, get, vuruş!" – Yaşar Aydəmirov

Metbuat.az-ın qonağı ehtiyatda olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirovdur.

64 yaşlı Yaşar Aydəmirov ömrünün 42 ilini hərbidə keçirib.

- Yaşar müəllim, əvvəlcə istəyərdim hərbiyə gəlişiniz haqqında bizə bir az məlumat verəsiz. Bu sizin öz seçiminiz olub, yoxsa ailəniz təkid edib?

- 1972-ci ildə Azərbaycan SSRİ Ali Soveti adına Bakı Ümumqoşun Komandirlər məktəbinə girmişəm. Heç kimin təkidi və ya göstərişi olmayıb, öz arzumla olub. 1976-cı ildə ümumqoşun tağım komandiri, həm də zirehli avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisası verilərək hərbi məktəbi bitirmişəm. Sonra Sovet ordusunun müxtəlif qoşun hissələrinin bölmələrində xidmət etmişəm. 20 il Sovet ordusunda xidmət etmişəm, 22 il Azərbaycan ordusunda. Sovet ordusunda Gürcüstan ərazisində xidmət etmişəm, sonra Əfqanıstan Demokratik Respublikasında da. Gürcüstanda xidmət edərkən 1984-cü ildə bizim xidmət etdiyimiz xüsusi təyinatlı desant dəstəsini Əfqanıstana göndərdilər. O dəstənin tərkibində əsasən Qafqazdan olanlar, xüsusən də azərbaycanlılar çox idi. 2 il orada xidmət etdim. Oradan qayıtdıqdan sonra Azərbaycan Respublikasında dislokasiya olunan hərbi hissələrdə müstəqillik dövründə ərizəmi yazıb SSRİ ordusundan sənədlərimi götürüb milli orduya daxil oldum. Milli orduda Azərbaycan Ali Hərbi Məktəbində müəllim, baş müəllim, silsilə rəisi, sonra isə briqada komandirinin müavini, briqada komandiri olmuşam. Briqada komandiri kimi müəllim işlərəykən I kursun kursantları ilə 1992-ci il dekabrın əvvəllərində Ağdam bölgəsinə dislokasiya olunduq. Sonra isə Qubadlıda, Füzulidə və digər bölgələrdə ezamiyyətdə olduq. Müharibə vaxtı isə 701-ci motoatıcı briqadanın komandiri vəzifəsində idim. Ondan sonra sülh dövründə korpus komandiri vəzifəsində xidmət etdim, sonra isə Təşkilat Səfərbərliyi İdarəsinin rəisi oldum. Oradan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Çin Xalq Respublikasındakı səfirliyində hərbi attaşe vəzifəsində xidmət etdim. Xarici ezamiyyətdən qayıtdıqdan sonra Müdafiə Nazirliyinin yenə Təşkilat Səfərbərliyi İdarəsinin rəisi vəzifəsində çalışdım. Daha sonra isə yaşımla əlaqədar tərxis olundum. General-leytenantlar 58 yaşında həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunurlar. Hazırda ehtiyatda olmaqla bərabər, Heydər Əliyev adına Silahlı Qüvvələrin Hərbi Akademiyasında gələcək generallara, polkovniklərə və s. hərb məharəti ixtisasından dərs verirəm.

- Birlik komandiri olmusuz və bir çox əməliyyatlarda iştirak etmisiz. Bu əməliyyatlardan unudulmaz, hər zaman xatırladığınız əməliyyatlar barədə bir az məlumat verə bilərsizmi bizə?

- Azərbaycan ordusunda uğurlu əməliyyatlar kifayət qədər olub. Mənim komandanlıq etdiyim motoatıcı briqada təlim-məşq toplantısı keçirdikdən sonra Füzuli bölgəsinə getdik və 1-2 gün ərzində Aşağı Əbdürrəhmanlı kəndi alındı. O zaman Ağdam, Bərdə, Tərtər dördyolunda vəziyyət çox kəskin idi. Yağışlı havada bir neçə tabora əmr verildi və əmr veriləndən sonra ora gəlib müdafiəni təşkil etdik. Sağda və solda da vəziyyət gərgin idi, hər gün o ərazilərdə müdafiə zolağını genişləndirməyə başladıq. Ən çox yadımda qalan Füzuli bölgəsində irəliləyən motoatıcı briqadanın, yəni komandanlıq etdiyim briqadanın tabor komandirlərini və əsasən də əsgərlərin şəxsi şücaəti, qəhrəmanlığı idi, onları saxlamaq mümkün deyildi. Bunlar Azərbaycan hərb məharəti tarixinin ən önəmli yerlərindən biridir. Bilirsiz ki, aprel döyüşləri də bir daha bunu göstərdi.


- Yaşar müəllim, aprel döyüşlərində Azərbaycanın geri aldığı ərazilər nəticəsində hansı bölgələrimizdə bu gün əhali təhlükəsiz vəziyyətdə yaşaya bilir?

- Mərkəzi istiqamətdə Tapqaraqoyunlu kəndindən irəlidə ermənilər çox yaxşı müdafiədə durmuşdurlar. Tapqaraqoyunlu və ətraf kəndləri atəş altında saxlaya bilirdilər. Lələ Təpə zirvəsini almaqla işğaldan azad olunan Cocuq Mərcanlı və digər 15-20 kəndi nəzarət altında saxlamaq mümkün olur, yəni Arazboyu kəndləri. Hər hansı avtomobillə gediş olanda, ya da piyadalar gedəndə, yerli əhali işləyəndə, mal-qara otarılanda Lələ təpədən ermənilər nəzarət edə bilirdi. Lələ təpə alınandan sonra həmin kəndlər ermənilərin nəzarəti altında olmaqdan və atəşə tutulmaqdan xilas oldu. Bundan əlavə, Lələ təpədən o tərəfə bizim Silahlı Qüvvələrimiz işğalda olan Cəbrayılın digər kəndlərini və ermənilərin bir çox mövqelərini nəzarət altına ala biliblər. Aprel hadisələrində bir neçə zirvə işğaldan azad olunub. Hərbçilər həmişə hücuma keçəndə birinci zirvələri tutmalıdır. O zirvələr ətraf əraziləri nəzarətdə saxlayır, oradan atəş açmaq da rahatdır, müşahidə aparmaq da, oradan orduların idarə edilməsi, rabitə əlaqələri də rahatdır. Ona görə o zirvələr tutulub.

- Ermənistanda tələbələrin möhlət hüququ ləğv edilir və onlar əsgər göndərilir.

- Birincisi, tələbələr niyə əsgər aparılır? Çünki hərbi çağırış dövründə çağırış ehtiyatları yoxdur. Çağırış ehtiyatları yoxdursa, hərbi hissələri komplektləşdirə bilmirlər. Bundan başqa, axı onların vəziyyəti ağır olduğu üçün gələn gənclərin nə qədəri xəstədir, bir amil budur. Ikinci amil, bunlarda psixoloji cəhətdən də xəstəlik var ki, pul verib əsgərlikdən saxlayırlar, Rusiya və digər ölkələrə qaçırırlar. Onda ordunu nə ilə komplekləşdirsinlər? Bütün işçi qüvvələrini aparacaqlar? Hərbçini əgər MAXE və ya gizir vəzifəsinə götürürlərsə, buna da vəsait lazımdır. Ona görə də rahat yol tapırlar ki, tələbələri çağırsınlar, bir də reklam xatirinə qadın hərbi qulluqçuları ki, bizdə qadın snayperlər hazırlanır, tank sürürlər və s. hamısı yalan sözlərdir. Hansı erməni qadın gəlib Azərbaycan torpağında vuruşub, hərbi xidməti icra edəcək? Ağıllı erməni Dağlıq Qarabağa gələr? Ağıllı erməni anası övladını Dağlıq Qarabağa göndərər? Ağıllı erməni qadını oğul dünyaya gətirərmi? Bilir ki, 10 ildən, 15 ildən sonra gedib öləcək. 10 il, 15 il, 20 il əvvəl doğulanlar hardadılar? Dağlıq Qarabağda xidmətə göndərinlərin nə qədər müraciəti olur ki, bezmişik, qaçıb getmək istəyirik o tərəfə. Sadəcə olaraq, onları idarə edən ideoloji bir mərkəz var. Bəlkə də heç onların böyükləri də istəmirlər, bilmirlər buradan necə çıxsınlar. Onlar kimdir ki, kənardan idarə olunan dövlətdir, necə müstəqil qərar qəbul edə bilərlər ki? Hansı müstəqil istehsal sahəsi yarada bilərlər? Ordunun hansısa bir alayını, birliyini saxlamağa vəsaitləri varmı? 200-300 milyonla ordu saxlamaq olarmı? Onlar baxsınlar bizim müdafiə büdcəmizə, ayrılan vəsaitə. Bu 10 dəfədən də artıq deyilmi?

- Bildiyiniz kimi, Ermənistan Metsamor Atom Elektrik Stansiyasından bir təhdid kimi istifadə edir. Metsamor AES Cənubi Qafqaz üçün və bütün dünya üçün bir təhlükədir. Ermənilər bundan nə kimi istifadə edə bilər?

- Metsamor Atom Elektrik Stansiyası sözsüz ki, region üçün bir təhlükədir. Beynəlxalq ictimaiyyət də Metsamor AES-in texniki cəhətdən zəif olduğunu, nasaz olduğunu, onu bağlamaq məsələsini qaldırırlar, burada da bizim Azərbaycanın da sözsüz ki, rolu var.


- Azərbaycan ailəsində oğul dünyaya gəlir, daima vətənpərvərlik ruhunda böyüdülür, şəhidlərimiz haqqında məlumat verilir, Dağlıq Qarabağ məsələsi haqqında danışılır. Oğullarımız vətənpərvərlik ruhunda əsgər gedir. Həlak olanda isə şəhidlik zirvəsinə qalxır. Ermənistanın işğal altındakı Dağlıq Qarabağa göndərdiyi əsgərlər isə öz vətənində vuruşmur, başqa bir dövlətin ərazisində vuruşur. Bizim əsgərlərimiz şəhidlik zirvəsinə yüksəlir, bəs başqa bir dövlətin ərazisində xidmət edib, həlak olan əsgərə nə ad verilir?

- Onlara heç bir ad verilmir. Ona görə də onların anaları ayağa qalxır ki, bizim övladlarımız Ermənistandan kənarda gedib vuruşurlar, itib-batırlar və ölürlər. Ona görə də onların yüksək rütbəli zabitləri, siyasi rəhbərliyi ölən əsgərlərin analarından qaçırlar. Bizdə isə ən yüksək vəzifəlilər də şəhid anasının qarşısına çıxa bilir. Biz ona deyəndə o ana da qəbul edir ki, övladı öz namusumuz, qeyrətimiz, torpağımız üçün vuruşub, şəhid olub. Biz Ermənistanı işğal etməyə getməmişik ki. Ona görə də Ermənistanda narazılıq baş alıb gedir ki, niyə oğullarımız Dağlıq Qarabağa getməlidir, Azərbaycanın kifayət qədər əsgəri, silahı-sursatı var. Buna görə də ermənilərdə itkilər həmişə çox olacaq. Onların ali rəhbərliyi və ya hərbi rəhbərliyi nə cavab verə bilər? Övladları ölən analar tələb edir ki, cavab verin, onlar isə cavab verə bilmir. Biz haqq işimizə görə mübarizə aparırıq, buna görə vuruşmağa da hazırıq, biz biclik bilmirik, mərdi-mərdanə vuruşuruq. Bu həmişə belə olub, eradan əvvəl Atropaten vuruşmasında da elə olub, Cavanşirin vuruşması da, Babəkin vuruşması da, hamısı. Azərbaycanım digər tayfaları da elə vuruşublar. Bizim qızlar o vaxtı yunanlara qarşı necə vuruşublar at belində, xəncər əlində. Onlar bilirdilər ki, böyük ordu qarşısına çıxırlar. Erməni belə şey edəndi?

- Ermənistan ordusunda xaos, özbaşnalıq olub və getdikcə də daha çox artdığının şahidi oluruq. Qeyri-döyüş şəraitində ölənlərin sayının çox olduğunu da bilirik. Səbəb nədir?

- Yenə hamısı gəlib çıxır vəsaitə. Pul ayrılmalıdır ki, əsgər yaxşı geyinsin, onlar üçün yaxşı yemək hazırlanmalıdır, o yemək yaxşı şəkildə verilməlidir. Onların başının üstündə də zabit olur, gizir olur, onların yaxşı maaşı olmalıdır, ev verilməlidir. Bütün bunları etmək üçün də vəsait lazımdır. Axı Ermənistan ordusunda bu pul yoxdur. Bunlar hamısı da son nəticədə gətirib çıxarır nizam-intizamın aşağı düşməyinə. Ordunun da nizam-intizamı olmursa, o ordu heç bir qələbədən söhbət edə bilməz. Sadəcə ajiotaj yaradılar öz daxilində, nəyinsə üstünü bağlayırlar, hansısa itkini gizlədirlər. Apreldə bir balaca döyüş olan kimi sarsıldılar. İndi onun miqyası və ya müddəti çox olsa, qaçacaqlar, heç onları orada tutmaq mümkün olmayacaq.

- Yaşar müəllim, müəyyən bir hərb yolu keçmisiz, illərinizi vermisiniz, bu sahədə yəqin ki, kifayət qədər əsgər yetişdirmisiz. Sonda istəyərdim bu haqda danışasınız, keçmiş əsgərlərinizlə əlaqələriniz varmı, sizi axtarırlarmı? Bu əlaqələrinizdən bir az danışardız, bununla da söhbətimizi yekunlaşdıraq

- Bayramlarda çox zəng edirlər, toylarda, xeyirdə-şərdə görəndə gəlib görüşürlər. Bəlkə heç imkanı da yoxdur, amma məni görəndə deyir, komandir, gəlin bir limonad alım, su alım. Bilirəm ki, onun heç ona imkanı yoxdur. Bəzən həddindən artıq utanan adam olur, görürəm ki, baxır. Deyirəm ki, əjdaha, mənim əsgərim olmusan? Deyir, “bəli”. Deyirəm, bəs niyə yaxınlaşmırsan? Zəng edirlər, axtarırlar. Bilirəm ki, sabah müharibə başlasa, nə qədər əsgərim mənimlə birgə arxamca gələcək. Mən xoşlamamışam ki, onları hardasa qoyub, geri çəkilim. Onlar da məni qoyub, heç vaxt kənara çəkilməyiblər. Mən çox misal çəkə bilərdim, həyatdır, bu Azərbaycan psixologiyasıdır, Azərbaycan əsgərinin həyatıdır. Azərbaycan anası övladını yetişdirəndə vətənin mühafizəsi, qeyrətini qorumaq üçün övladını göndərir ki, get vuruş.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI