“Ermənilər bu məsələyə görə Türkiyənin Afrin əməliyyatından narahatdır” – Elçin Mirzəbəyli

Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam edir.

Metbuat.az-ın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin bugünkü açıqlamasına görə, 823 terrorçu zərərsizləşdirilib və onların istifadə etdiyi 6 hədəfi məhv edilib.

Qeyd edək ki, ermənilər Türkiyənin Afrin əməliyyatından narahatdır. Onlar Fransadakı erməni təşkilatlarının illik şam yeməyinə qatılan Emmanuel Makrona da müraciət edərək bildiriblər ki, Türkiyə niyə Afrin əməliyyatına görə cəzalandırılmır? Niyə Avropa İttifaqı ilə əlaqələri kəsilmir? və s. Hətta mediada belə fikirlər də yayılır ki, ermənilər Afrin əməliyyatından ona görə narahatdılar ki, bu cür əməliyyat Dağlıq Qarabağ ərazisində də keçirilə bilər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Elçin Mirzəbəylinin sözlərinə görə, Afrin əməliyyatının Dağlıq Qarabağ məsələsi ilə qarşılaşdırılması yolverilməzdir: “Afrin Suriya ərazisidir və Türkiyə ordusu başqa bir dövlətin ərazisində terrora qarşı mübarizə aparır. Təbii ki, bununla öz sərhədlərini qoruyur, vətəndaşlarının təhlükəsizliyini müdafiə edir. Amma Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır və bu ərazilərdə hərbi əməliyyatlar keçirmək Azərbaycanın müstəsna hüququdur. Türkiyə hərbi əməliyyatı keçirəndə təbii ki, Suriyada hərbi mövcudluğu olan bəzi dövlətlərlə müəyyən məsələləri razılaşdırıb. Faktiki olaraq hüquqi müstəvidə məsələyə qiymət verilərsə, Azərbaycan öz suveren hüquqlarının mövcud olduğu Azərbaycan ərazilərinə daxil olan və işğal altında olan ərazilərdə hərbi əməliyyatların keçirilməsi üçün heç bir hüquqi maneə yoxdur. Digər tərəfdən, Dağlıq Qarabağda təkcə terror və separatizm faktı mövcud deyil, eyni zamanda, işğalçılıq faktı var. Yəni ümumilikdə Afrin və digər məsələlərlə uyğunlaşdırılması kökündən yanlışdır”.

Politoloqun sözlərinə görə, Ermənistanı narahat edən başqa məsələdir: “Onlar Azərbaycanın yaxın, strateji müttəfiqi olan Türkiyənin mövqelərinin regionda güclənməsindən və hərbi gücünü ortaya qoymasından narahatdır. Ermənilər Türkiyənin güclənəcəyi təqdirdə, hərbi gücünü regionda artıracağı təqdirdə bunun Ermənistan üçün ağır fəsadlar gətirəcəyini düşünürlər. Bu aspektdən narahatdılar”.

Elçin Mirzəbəyli bildirib ki, Türkiyə ordusu Afrin əməliyyatını uğurla davam etdirir: “Ümid edirəm ki, Türkiyə Silahlı Qüvvələri terrorun kökünü qısa zamanda kəsəcək, sərhədlərinin təhlükəsizliyini təmin edəcək və türk ordusu zəfərlə vətənə qayıdacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“YAP-ın namizədi xalqın ən inandığı namizəddir” – Millət vəkillərindən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI