Yarpaq xəngəlinin hazırlanması - RESEPT

Soyuq qış günlərində Azərbaycan mətbəxində daha çox isti, xəmir xörəklərinə müraciət olunur. Bu xörəklərin içində xəngəl ən məşhurudur.

Metbuat.az bu dəfə yarpaq xəngəlinin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

Xəmir üçün :
2 ½ fincan ələnmiş un
½ çay qaşığı duz
1 ədəd yumurta
1 fincan ilıq su

Xəngəlin üzərinə qoymaq üçün:
¼ fincan yağ
450-500 qram qiymələnmiş mal yaxud qoyun əti
1 ədəd orta boy baş soğan
Duz, istiot

Xəmirin hazırlanmasına gəldikdə böyük bir qaba un, duz töküb qarışdırılır. Unun ortası açılır, yumurta sındırılıb əlavə olunur. Az-az su töküb hamısı birlikdə qarışdırılır, xəmir halına salınır. Xəmirlə işlənəcək yerin üzərinə çoxlu un səpilir, xəmir yoğrulur. Xəmir bərkiyənə qədər yoğrulur. Yoğurarkən xəmir ələ yapışırsa, o zaman az-az un səpmək olar. Hazır xəmir bərabər ölçülü kündələrə ayrılır, bir qaba yığılıb dəsmalla üzəri örtülür, kənara qoyulur.

Xəmirin açılması:

Yuxa yayılacaq yerə azca un səpib diametri 25 sm yuxa açın.

Yuxanın kəsilməsi:

Açılmış yuxa iti bıçaqla paralel və eninə, 5 sm-lik kvadrat şəklində kəsilir.

Qiymə ətin hazırlanması:

Orta ölçülü tavaya yağ tökülür, qızdırılır. Çəkilmiş ət əlavə olunur, tez-tez qarışdırılmaqla ətin suyu çəkilənə qədər 5-10 dəqiqə bişirilir. Yüngülcə qovrulan ətə xırda doğranmış soğan əlavə edilir, tez-tez qarışdırılır, 10 dəqiqə qızaranadək bişirilir. Zövqə görə duz, istiot vurulur.

Xəngəlin bişirilməsi:

Böyük qazana 15 fincan su tökülür, duz əlavə edilib qaynamağa qoyulur. Su qaynadıqda qurumağa qoyulmuş xəngəllər az-az, ehmalca suya salınır. Yapışmaması üçün böyük kəfgir qaşıqla qarışdırılır. Təxminən 5 dəqiqə, yumşalanadək xəngəllər bişirilir. Bişmiş xəngəllər geniş boşqablara düzülür. Üzərinə zövqə görə əridilmiş yağ, qızardılmış qiymə ət qoyulur. Sarımsaqlı qatıqla birgə süfrəyə verilir.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR