“Bu, Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən amillərdən biridir” – Vahid Əhmədov

Xəbər verdiyimiz kimi, gələn ay, yəni martda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi və Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək

Metbuat.az-ın məlumatına görə, İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib ki, Cənub-Qərb dəhlizi və Qara dənizin Fars körfəzinə birləşdirilməsi qarşıda duran böyük layihələrdir və bu dəhliz vasitəsilə Avropa ölkələrinin yükləri Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsi ilə Fars körfəzinə və Hindistana, o cümlədən digər körfəz ölkələrinə daşınacaq. Abbas Nəzəri bildirib ki, bu layihə ilə bağlı ticari və texniki danışıqlar aparılıb: “Avropadan Astara dəmir yolu vasitəsilə sərnişinlər daşınacaq. Bununla bağlı İran, Azərbaycan və Rusiya arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb. Texniki və ticari məsələlər üç ölkənin ekspertləri tərəfindən araşdırılmalıdır. İlk mərhələdə üç ölkə İranın Astara terminalından Moskvaya kimi sərnişin qatarların hərəkətini və Moskvadan Fars Körfəzinə kimi yük qatarlarının hərəkətini nəzərdə tutub. Bu dəmir yolu vasitəsilə ən azından ildə 2 milyon ton yük daşınması və gələcəkdə isə bu həcmin 5 milyon tona çatdırılması nəzərdə tutulur".

A. Nəzəri bildirib ki, Azərbaycan Respublikası Astara terminalının tikintisinə 60 milyon dollar, Astara-Rəşt dəmir yolu xəttinin tikintisinə isə 500 milyon dollar investisiya yatırır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Son vaxtlar Azərbaycan nəqliyyat mərkəzinə çevrilib: “Bildiyiniz kimi, ötən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu dəmir yolunun istifadəyə verilməsi ilə qonşu dövlətlər, Orta Asiya dövlətləri, Rusiya, İran, o cümlədən də Çin və digər dövlətlərdən Azərbaycana maraq həddindən artıq artıb. Hətta bildiyiniz kimi, Ələtdə də böyük liman tikilir və ilin sonuna qədər istifadəyə verilməlidi. Bütün bunlar hamısı qonşu dövlətlərlə əlaqələrimizi genişləndirir.

O cümlədən Azərbaycan Astarası ilə İran Astarası arasında dəmir yolunun çəkilməsi ilə bağlı böyük işlər görülür. Artıq İrandan Naxçıvana dəmir yolu çəkilib, istifadəyə verilib. Azərbaycan Astarasından İran Astarasına dəmir yolu çəkilməsinin təməlqoyma mərasimi də mart ayında keçiriləcək. Bu, həm Rusiya dəmir yolu ilə İran dəmir yolunun birləşdirilməyi üçün böyük əhəmiyyət kəsb edəcək. Həm də Azərbaycandan keçəcəyi üçün də böyük əhəmiyyəti olacaq. Bu, Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən amillərdən biridir. Iranla Azərbaycan arasında bildiyiniz kimi, iqtisadiyyat əlaqələri genişdir. Son vaxtlar İran dövləti Azərbaycan iqtisadiyyatına müəyyən sərmayələr qoyurlar, dərman fabriki tikirlər, iqtisadi islahatlarda iştirak edirlər. Azərbaycan da İrana müəyyən köməkliklər edir, bu dəmir yolunun çəkilməsi üçün də 500 milyon dollar kredit ayırıb. Yəni Azərbaycan, Rusiya, İran arasında iqtisadi əlaqələr inkişaf edir ki, bu da böyük əhəmiyyət kəsb edir”.

Günay Elşadqızı / METBUAT.AZ

“YAP-ın namizədi xalqın ən inandığı namizəddir” – Millət vəkillərindən açıqlama

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI