ARDNF hesabat verdi: aktivlər 2,7 mlrd. dollar artıb

ARDNF hesabat verdi: aktivlər 2,7 mlrd. dollar artıb
10:28 8 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2017-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 12 137,5 milyon manat, büdcə xərcləri isə 11 015,5 milyon manat təşkil edib.

Publika.az xəbər verir ki, 2017-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 053,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 030,0 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 17,9 milyon manat təşkil edib.

Məlumata görə, ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 083,6 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 876,2 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 100,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılıb.

17,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilmişdir. "Star" neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılıb. 2017-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,1 milyon manat təşkil edib.

2018-ci il yanvarın 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 8,02% artaraq 35 806,5 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub.

Könül Cəfərli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR