Play Store

"Əli və Nino" Bostonda təqdim olundu

"Əli və Nino" Bostonda təqdim olundu
12:13 8 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Boston şəhərində, ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin kino zalında "Əli və Nino" filminin təqdimatı keçirilib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan azərbaycanlı icmasının nümayəndələri, şəhər sakinləri iştirak edib.

Təqdimatda çıxış edən Tafts Universiteti Fletçer Hüquq və Diplomatiya Məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, “Əli və Nino” əsərinin tarixi əhəmiyyəti və bugünkü aktuallığı barədə danışıb, əsərin onda böyük təəssürat yaratdığını deyib.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi üçün Prezident İlham Əliyevin müvafiq sərəncam imzaladığını diqqətə çatdırıb, il ərzində müxtəlif tədbirlərin keçiriləcəyini deyib. Diplomat Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olmasını, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.

Səfir “Əli və Nino” filmi haqqında da danışaraq bu kino layihəsinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gəldiyini vurğulayıb, ekran əsərinin yaradıcı heyətində müxtəlif ölkələrdən tanınmış sənətçilərin yer aldığını bildirib.

Qeyd edək ki, səfir həmçinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin müəllim və tələbə heyəti qarşısında çıxış edib və Azərbaycanın həyata keçirdiyi xarici siyasət, irimiqyaslı regional layihələr, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verib.

Ulucay Akif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/230477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR