Xalq artisti Zərnigar Ağakişeyva dünyasını dəyişib

Xalq artisti Zərnigar Ağakişeyva dünyasını dəyişib
00:27 9 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.
“Report” xəbər verir ki, o, Yasamal rayonunda yaşadığı evdə vəfat edib.
Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyevanın yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb. O, indiyə kimi Tatyana (M.Qorki "Meşşanlar"), Xuraman (S.Vurğun "Vaqif"), Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır"), Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?"), Zivər (Anar "Təhminə və Zaur"), Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan"), Fəxrəndə xanım (İ.Əfəndiyev "Mahnı dağlarda qaldı"), Bernardo (Federiko Qarsia Lorka "Dişi canavar"), Pəri xanım (M.F.Axundov "Lənkəran xanıının vəziri"), Qadın ( Elçin "Poçt şöbəsində xəyal"), Yasəmən (S.S.Axundov"Eşq və intiqam"), Ana (B.Vahabzadə "Dar ağacı"), Qadın (N.Hikmət "Kəllə"), Kərbəlayi Fatma (C.Məmmədquluzadə "Ölülər") və s kimi obrazlar yaradıb.
Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb olub. 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdıb.
Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə çəkilib. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara iştirak edib.
Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə Şöhrət ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
Ailə qurmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR