BAXCP İdarə Heyətinin bu gün keçirilən toplantısında partiyanın aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı qərar qəbul edilib.
Partiyadan publika.az-a verilən məlumata görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
İdarə Heyətinin qərarına əsasən, partiya sədrinin müavini Elçin Mirzəbəyli BAXCP-nin səlahiyyətli nümayəndəsi, maliyyə şöbəsinin müdiri İlqar Məmmədxanov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin ediliblər.
Bu gün BAXCP sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Publika.az-a daxil olan bəyanatda deyilir:
“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərin hər bir ölkənin həyatı üçün əsas siyasi hadisə olduğunu, seçkilərdə iştirakın çoxpartiyalı sistemin inkişafı, alternativ proqram və ideyaların təbliği, siyasi mədəniyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını bildirərək;
- mənsub olduğu siyasi və mənəvi mirasın, ideya və prinsiplərin millətin və dövlətin maraqlarını, Azərbaycan xalqının istiqlal məfkurəsini, birlik və bütövlüyünü qorumağın vacibliyini önə çəkdiyini vurğulayaraq;
- Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızın bərpa edilməsinin milli varlığımız üçün həyati əhəmiyyət kəsb etdiyini xatırladaraq;
- ölkədə siyasi, hüquqi, iqtisadi islahatların dərinləşdirilməsinin, iqtisadiyyatın enerji sektorundan asılılığına son qoyulmasının zəruri olduğunu əsas götürərək;
- seçkilərin cəmiyyətdə baş vermiş siyasi dəyişikliklərin hüquq müstəvisində rəsmiləşdirilməsi vasitəsi olduğunu vurğulayaraq;
- bir sıra radikal müxalifət partiyalarının sonuncu seçkilərdən
keçən 4 il 6 ay
ərzində nail ola bilmədikləri dəyişikliklərə son 6 ayda nail ola
biləcəklərini iddia edərək növbədənkənar prezident seçkilərinə
qatılmadıqlarını, bununla da bəzi xarici dairələrə Azərbaycan
əleyhinə təbliğat kampaniyalarını genişləndirmələrinə zəmin
yaratdıqlarını təəssüflə qeyd edərək;
- dünyada və regionda mürəkkəb proseslərin baş verdiyini, belə
bir şəraitdə ölkədə siyasi sabitliyin qorunmasının, təhlükəsiliyin
təmin edilməsinin, kənar müdaxilələrin qarşısının alınmasının
önəmini anlayan bir siyasi partiya kimi Azərbaycan xalqı və
dövlətçiliyi qarşısında məsuliyyətini dərk edərək;
- Prezident seçkilərində vahid namizədlə iştirakla bağlı bir sıra
partiyalarla aparılan müzakirələrin hələlik yekun nəticəyə
varmadığını, seçkilərin rəsmən elan olunduğunu və bu səbəbdən
partiyanın seçkilərdə iştirakla bağlı qərar qəbul etməsi və
seçkilərə hazırlığı üçün vaxtının məhdud olacağını önə çəkərək,
Azərbaycan
Respublikası Prezidentinin növbədənkənar seçkilərinə öz namizədi
ilə
qatıldığını və partiyanın sədri, millət vəkili Qüdrət
Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan
edir.
BAXCP İdarə Heyəti prezidentliyə namizədlərin öz namizədliklərini geri götürmələri üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirəcəyini bildirir”.