Azərbaycan, Rusiya və İran martda... - Ermənistan üçün KABUS

Azərbaycan, Rusiya və İran martda... - Ermənistan üçün KABUS
16:43 12 Fevral 2018
87 Digər
Ölkə mətbuatı
A- A+

“Fevralın 8-də yüklənmiş 6 vaqondan ibarət birinci test qatarı Rusiyadan dəmiryolla İrana qədər çatdı. Astara (İran) – Astara (Azərbayan) dəmir yolunun bu ilin martında tammiqyaslı işə düşməsi gözlənilir”.

Publika.az xəbər verir ki, bu fikirlər erməni yazar Sərkis Artsruninin 1in.am saytında dərc olunan məqaləsində yer alıb.

Erməni yazar qeyd edir ki, dəmir yolunun işə düşməsi sayəsində, faktiki olaraq, Rusiya, Azərbaycan və İranın dəmir yolu sistemləri inteqrasiya olur. İranın IRNA informasiya agentliyinə istinad edən yazıda bildirilir ki, Bakı, Moskva və Tehran hazırda sərnişin qatarlarının işə salınması üzrə aktiv danışıqlar aparır.

“İran dəmir yolunun beynəlxalq işlər üzrə baş direktoru Abbas Nəzəri bildirib ki, regionun bütün ölkələri artıq üçtərəfli dəmir yolu proqramı haqqında xəbərdar edilib. O, deyib ki, Avropa ölkələri Astara–Astara dəmir yolu dəhlizinə böyük maraq göstərir, çünki onların malları Fars körfəzi və Hindistana çatdırıla bilər”, - Artsruni yazıb.

Müəllif qeyd edir ki, beləliklə, regionda Azərbaycan, İran və Rusiyanın iştirakı ilə yeni perspektivli əməkdaşlıq platforması formalaşır və üç ölkənin prezidentlərinin vaxtaşırı keçirdiyi sammitlərlə güclənir.

“Bu layihədə mərkəzi rolu Azərbaycan oynayır və daha çox Ermənistanın siyasi və iqtisadi təcridinə yönəlib. Bakıda rəsmi dairələr gizlətmirlər ki, “Şimal-Cənub” layihəsi yalnız iqtisadi deyil, həm də siyasi kontekstdə onlar üçün cəzbedicidir, çünki Ermənistan regional əməkdaşlıqdan kənarda saxlanılır. Diqqətəlayiqdir ki, belə qlobal proqramlar mütəmadi olaraq İran üçün Ermənistanın önəmini azaldır və faktiki olaraq Tehran Avropa və Rusiya bazarları çıxışının təminatı üçün alternativlərini Azərbaycan ərazilərində tapır. Son illər ərzində Tehranda dəfələrlə işarə edirdilər ki, onlar Ermənistanı qlobal rabitə layihələrində etibarlı partnyor hesab edirlər. Amma bizim hakimiyyətimizin reaksiyası, yumşaq desək, qeyri-adekvatdır. Tehran isə sonsuz şəkildə İrəvanın Rusiya təzyiqləri nəticəsində yaranan qadağaları keçə biləcəyini gözləyə bilməz”.

Müəllif qeyd edir ki, digər tərəfdən isə Ermənistan üçün formalaşan vəziyyət onun Qarabağ siyasətindəki iflasını üzə çıxarır: “Status-kvonun dəstəklənməsi siyasəti, əslində, qeyri-rasionaldır. Belə ki, status-kvo təkcə ön cəbhədə formalaşan balans yox, həmçinin Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, demoqrafik statistikasının müqayisəsidir. Qarabağ münaqişəsinin mövcudluğu, bağlı sərhədlər Ermənistanın Rusiyadan asılılığını artırır və iqtisadiyyat boğulur. Bu kontekstdə Azərbaycan faktiki olaraq, bütün regional layihələrin əsas aktyoruna çevrilir və bu da iki ölkənin iqtisadiyyatının Ermənistanın xeyrinə olmayan formada qeyri-bərabər inkişafına gətirib çıxarır”.

Müəllif qeyd edir ki, Azərbaycana gələn milyardlarla dollar boşaldılan Ermənistan üçün təhlükə olacaq.

“Ermənistan hökumətinin effektiv siyasət göstəriciləri danışıqlar prosesinin uzadılması yox, konfliktin rasional kompromislər əsasında həll edilməsi olmalıdır. Vaxt gözləmir, o, Ermənistana qarşı işləyir. Danışıqlar prosesindən maksimum qazancla çıxmaq üçün vəziyyəti ayıq şəkildə qiymətləndirmək lazımdır”, - o yekunlaşdırıb.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR