XİN: "Ermənistan təxribat əməllərinə cəhd edir"

XİN: "Ermənistan təxribat əməllərinə cəhd edir"
18:12 12 Fevral 2018
63 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təcrübə göstərir ki, ATƏT Minsk qrupunun həmsədrlərinin regiona səfəri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində konkret məsələlər müzakirə olunduğu təqdirdə Ermənistan tərəfi müxtəlif xarakterli təxribat əməllərinə cəhd göstərir".

Milli.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənilərin fevralın 11-də sərhəddə törətdikləri təxribat əməli ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq deyib.

H.Hacıyev bildirib ki, bu xüsusda da Ermənistan silahlı qüvvələrinin sərhəddə törətməyə çalışdıqları təxribat əməli rəsmi İrəvanın yürütdüyü siyasətin növbəti nümunəsidir.

XİN rəsmisi bildirib ki, burada Ermənistan tərəfinin məqsədi hər vəchlə danışıqlar prosesinə mane olmaqdan ibarətdir:

"Bu hadisə bir daha onu göstərir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və işğala əsaslanan mövcud status-kvo dəyişdirilməlidir".

Qeyd edək ki, fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus "UAZ" markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.

Azərbaycan ordusu tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR