Play Store

Prezident İlham Əliyev: İslahatlar bundan sonra da davam etdiriləcək

Bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatlar bundan sonra da davam etdiriləcək.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Prezident İlham Əliyev ölkəmizin bu islahatları bundan sonra da davam etdirilməsinə möhkəm sadiqliyini ifadə etdi.

Dövlət başçısı bildirdi ki, iqtisadi sahədə, o cümlədən institusional, struktur, fiskal və digər sahələrdə aparılan islahatlar artıq uğurlu nəticələr verib və bu islahatlar davam etdiriləcək. “Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir”, - deyən Prezident İlham Əliyev bildirdi ki, bu baxımdan Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir və biz buna nail olacağıq. Biz Azərbaycanda investisiya mühitinə böyük diqqət yetiririk. Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayənin cəlb olunduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, bu sərmayənin ən böyük hissəsinin neft sektoruna qoyulmasına baxmayaraq, - bu da təbiidir, - eyni zamanda, qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması bizə iqtisadiyyatımızın şaxələndirilməsinə və regional inkişafa nail olmağa imkan verib.

Bundan sonra uzun müddət davam edəcək enerji layihələrinin ölkəmizə əlavə gəlir gətirəcəyini deyən dövlətimizin başçısı Azərbaycanda makroiqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi, xarici valyuta ehtiyatlarının ümumi daxili məhsulun həcminə bərabər olduğunu, xarici borcumuzun çox aşağı səviyyədə - təxminən 20 faiz həcmində olduğunu bildirdi. İnflyasiyanın bu ilin ilk ayında 5,5 faiz təşkil etdiyini deyən Prezident İlham Əliyev əhalinin gəlirlərinin isə 11 faizdən çox artdığını bildirdi. Bütün bunlar inkişaf üçün fundamental əsas yaradır. İnfrastruktur və kənd təsərrüfatı sahələrinə qoyulan investisiyaların artıq öz nəticələrini verdiyini deyən dövlətimizin başçısı bu baxımdan bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatların bundan sonra da davam etdiriləcəyini bildirdi.

Prezident İlham Əliyev dedi ki, neft-qaz sektoru bizə yalnız daha çox vəsait toplamaq və Neft Fondunun gəlirlərini artırmaq imkanı verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR