Play Store

“Azərbaycan Hərbi Hava Qüvvələri elit HHQ sırasına daxildir” – Yaşar Aydəmirov

Bu gün Azərbaycanda Hərbi-Hava Qüvvələri (HHQ) Günüdür.

Metbuat.az-ın məlumatına görə, 1992-ci ildə Milli Ordunun Hərbi-Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral - Azərbaycanın Hərbi-Hava Qüvvələri Günü kimi qeyd olunur.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələri bu gün ən yüksək texnologiyaya malik olan və modernləşdirilən uçuş aparatları ilə təmin olunub, həm ordu aviasiyası, həm də cəbhə aviasiyası: “Pilotlarımız isə dünyanın ən yaxşı pilotları sırasındadır. Hərbi Hava Qüvvələrinə malik olan dövlətlərin pilotları ildə müəyyən saatlarda uçuş etməlidilər. Pilotlarımız dünyada qəbul olunmuş normalardan da 2-3 dəfə artıq uçuşa malikdilər. Bundan başqa, hər bir təyyarənin öz heyəti, ehtiyat heyəti ən yüksək səviyyədə təşkil olunub. Azərbaycan pilotları dünyanın bir çox dövlətlərinin pilotları və döyüş təyyarələrindən yüksək döyüş keyfiyyətlərini göstərə bilirlər. Bundan başqa bizdə köhnədən qalan uçuş aparatları yoxdur. Alınan uçuş aparatları ən iri dövlətlərdən alınan, modernləşdirilmiş uçuş aparatlarıdır. Ona görə də Azərbaycan Hərbi Hava Qüvvələri sözsüz ki, Qafqazda ən öndə gedir və elit Hərbi Hava Qüvvələri sırasına daxildir. Bunlar adi sözlər deyil, həqiqətdir”.

Qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib. 2008-2010-cu illər ərzində isə HHQ-nin aviaparkı müasirləşdirilib.

Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazırda 8,000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında "Aero L-29", "Aero L-39" təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, “MiQ-25”, “MiQ-29”, “Su-17”, “Su-24”, “Su-25”, “İl-76”, “An-24”, “An-12”, “Tu-134A”, “Tu-16”, “Mi-2”, “Mi-6”, “Mi-8”, “Mi-24”, “Mi-35M” markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.

2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş “MiQ-29M” döyüş təyyarəsi, həmçinin “Mi-24” helikopterləri alıb. 2017-ci ildən etibarən, Pakistan Azərbaycana müasir, 4-cü nəsil JF-17 "Thunder" qırıcı-bombardmançı təyyarələrini və təlim məqsədilə "Super Mushshak" təyyarələrini təhvil verməyə başlayacaq. Bundan başqa, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin aviadəstəsi var ki, burada da əsasən dağlıq ərazilərdə əməliyyat zonalarına desant atmaq, qüvvələri təxliyyə etmək və digər məqsədlər üçün istifadə edilən YaK markalı təyyarələr, həmçinin müxtəlif helikopterlər cəmləşib.

Günay Elşadqızı / METBUAT.AZ

“BMT öz nüfuzunu düşünməlidir” - Rövşən Rzayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI