​“10 yaşıma qədər gəzdiyim yerlər 15 yaşımadək bir-bir işğal olundu” - Mansur Piriyev ilə MÜSAHİBƏ

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəsisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfəki müsahibimiz fəaliyyətinin böyük hissəsini xidmət sektorlarında keçirən, jurnalistlər arasında “medianın dostu” adlandırılan mətbuat katiblərindən biri – “BakuBus” MMC-nin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyevdir.

Metbuat.az Mansur Piriyev ilə olan müsahibəsini təqdim edir:

- Doğulub-böyüdüyünüz yerlər, uşaqlıq illərinizlə bağlı hansı xatirələriniz var?

- Ucqar kənddə dünyaya göz açmışam. Kəndimiz mənbəyini Şuşadan götürən Qarqarçay ilə Haramı düzü deyilən ərazinin arasında, Ağdam rayonunun hazırda işğal altında olan Mərzili, Yusifcanlı kəndlərinin sərhəddində yerləşir. Kəndimizin qəribə tarixi var. Deməli Sovet hökuməti qurulanda bir Tərəkəmə obası ilə mirzələrin, müəllimlərin olduğu bir nəsili, obanı birləşdirib kolxoz yaradırlar. Bir tərəfdə yüzlərlə, minlərlə qoyunu, malı olan və əsrlər boyu elliklə Dəlidağ yaylağına gedən tərəkəmə camaatı, bir tərəfdə də yazı-pozudan başqa bir şey bacarmayan müəllimlər tayfası. Deyilənə görə, Mirzələr obasının bünövrəsini ailə qurmaq üçün Qarabağ xanının qardaşı qızını qaçırıb Qarqarçayın sol sahilində yurd salan Qarabağ xanının mirzəsi qoyub. Ailəmiz də Kəndimiz kimi iki qədim nəsilin birləşməsindən yaranıb. Atam qədim türk tərəkəmə tayfası olan Qiyamaddınlı, anam isə Mirzəhaqverdili deyilən nəsildəndir. Kəndimiz 1993-cü ilin 12 iyununda işğal olundu, ancaq bir neçə gün sonra kənd camaatının da dəstəyi ilə hərbiçilərimiz tərəfindən geri qaytarıldı. Hazırda kənd əvvəlki vəziyyətindən də yaxşı öz tarixini davam etdirir.

Uşaqlığımda Qarabağın demək olar ki, hər yerini gəzmişəm. 10 yaşıma qədər gəzdiyim, tanıdığım bütün yerlər 15 yaşımadək gözümün önündə bir-bir işğal olundu. Tanımadığım yerləri də hər gün, hər həftə işğal olunduqca tanıdım. Bütün uşaqlıq xatirələrim Qarabağın işğal tarixi ilə bağlıdır.

Çox aktiv və hərəkətli uşaqlığım olub. O qədər hərəkətli ki, 5 yaşımda orta məktəbə gedib 15 yaşında orta məktəbi fərqlənmə ilə bitirmişəm. Məktəbi bitirdikdən sonra test üsulu ilə Bakı Dövlət Universitetinə daxil olmuşam. İkinci kursda oxuya-oxuya yenidən test üsulu ilə imtahan verərək, universitetin Tarix fakültəsinə daxil oldum.

- Necə bir ailədə böyümüsünüz?

- Ailədə 6 uşaq olmuşuq. Atam inşaatçı olub. Uzun müddət kolxozun inşaat briqadiri işləyib. Kəndimizdəki, rayonumuzdakı Sovet höküməti vaxtından qalan bir çox binaların tikintisini həyata keçirib. Əsil sovet adamı olub, özü üçün bu günə qədər heç nə tikməyib. Atam həmişə oxumaq tərəfdarı olub, uşaqlarının hamısına təhsil verib. Buna görə özünü hər zaman xoşbəxt hiss edir. Anam orta məktəb məllimi olub, ancaq uşaqların sayı artıqdan sonra işləməyib.

- Tələbəlik illəriniz necə keçib?

17 yaşım olanda BDU-nun Sosial elmlər və psixologiya fakültəsində əyani, Tarix fakültəsində isə qiyabi oxuyurdum. Əlbəttə, maddi çətinliklərim də var idi. Buna baxmayaraq, atamın hər ay göndərdiyi xərcliyin yarısını geri qaytarırdım. Universitetdəki müəllimimin köməyi ilə Xarici Dillər Universitetinin tədris şöbəsində yarımştat işə düzəlmişdim. Ancaq əməkhaqqı az olduğundan bir sıra qəzetlərə yazı hazırlayıb, qonarar alırdım. Günüm o qədər qızğın şəraitdə keçirdi ki, əksər hallarda vaxt tapıb günorta yeməyini yeyə bilmirdim. Bakalavr təhsillərimi başa vurduqdan sonra BDU-da Sosial-fəlsəfə ixtisası üzrə magistaturaya daxil oldum. Yadımdadır, Universitetin fəlsəfə ixtisası üzrə 1442 qurupumuzda 16 tələbənin 12-si fərqlənmə diploma ilə bitirmişdi. Kənardan sənəd verənlər də çox idi. Qəbul imtahanlarında çoxumuz əla qiymətlər almışdıq. Axırda rektor Abel Məhərrəmli bir-bir bizi qəbul elədi və 4 nəfəri seçdi. Məni seçəndə isə gətirdiyi əsas “Zəhmətkeş və çətinlik görmüş tələbədir, bundan tez filosof olacaq” - sözləri idi. Sevgi məsələsini saymasaq (gülür). Magistraturanı müvəffəqiyyətlə başa vurdum. Ancaq sonradan elmi sahədə kariyera qurmaq istəmədim. Hərbi xidməti baş-leytenant hərbi rütbəsi ilə başa vurduqdan sonra yenidən Jurnalistikaya yönəldim. Ancaq fəlsəfə oxumağa, fəlsəfə öyrənməyə heç vaxt fasilə vermədim. Hərbi xidmətdə olanda bir çox avropa filosoflarının türk dilinə tərcümə olumuş əsərlərini oxudum. İndi də bəzi dostlarım mətbuat sahəsindəki yazılarımı oxuyanda elmi dildə yazdığımı söyləyir, məni tənqid edirlər.

- Gəncliyiniz müstəqilliymizin ilk illərinə təsadüf edir. O illərdən xatirənizdə nələr qalıb?

- Gəncliyi 90-ci illərin keçid dövrünə düşən gənclər tez formalaşdılar. Onlar bioloji yox, şüur olaraq tez qocaldılar. Çünki gözümüzün önündə hadisələr sürətlə baş verdi. Xüsusən, uşaqlıq, yeniyetməlik illəri cəbhə bölgəsində keçən nəsli nəzərdə tuturam. Həmin dövrdə biz sürətlə böyüdük. Filosoflardan birinin belə bir sözü var: “İnsan dünyada nə qədər çox çətinliklə qarşılaşırsa, o qədər tez formalaşır”. Ümumiyyətlə, insanın şəxsiyyət kimi formalaşmasında mühitin rolu yüksəkdir.

- Jurnalistikaya gəlişiniz necə olub?

- Jurnalistika sahəsinə gəlişim elə tələbə vaxtlarından - üçüncü kursdan başlayıb. Tələbəlik illərində həm əyani, həm də qiyabi təhsil aldığım üçün müxtəlif qəzetlərə əməkdaşlıq edib yazılar hazırlayırdım. Eyni vaxtda 5-6 qəzetlə əməkdaşlıq edib, qonorar alırdım. Uzun müddət təhsil və sosial sahədə yazılar hazırlamışam. Daha sonra 2005-ci ildə İctimai Radioda işləməyə başladım. 18 aydan sonra İctimai Televiziyaya keçdim. İctimai Televiziyada Elm və Təhsil Verilişləri Departamentinin redaktoru işlədim. Tədbirlərdə iştirak etdikcə dövlət təşkilatları ilə əlaqələrim yaranırdı. İctimai Televiziyadan sonra dövlət qulluğuna keçdim. Fövqəladə Hallar Nazirliyində işə başaldım. Jurnalistikada sonrakı fəaliyyətim sırf xidmət sahəsi ilə bağlıdır. Kabinetdə faəliyyət göstərən mətbuat katiblərindən biri olmamışam. Həmişə ərazidə, insanlarla əlaqədə olub, onların problemlərini öyrənmək istəmişik. FHN-də də bu sahədə kifayət qədər təcrübə topladım. Daha sonra “BakuBus”a dəvət aldım.

- İctimai Televeziyadakı fəaliyyətiniz dövründə hansı layihələrə imza atmısınız?

- İctimai Televiziyanın təzə yarandığı vaxtlar idi. Kanalda işə qəbul keçirilirdi. Mən işə qəbul üçün 3 layihə ilə - “Qarabağnamə” adında maarifləndirici veriliş, “Həyat tərzi” adında bir ssenari, orta məktəblərin problemləri ilə bağlı bir veriliş ssenarisi ilə kanala getdim. Komissiyada tanınmış jurnalistlər vardı. O layihlərin bir neçəsi qəbul oldu. Öncə televiziyanın radiosunda işləməyə başladım. Radioda təhsil verilişlərinin redaktoru oldum. Həmin müddətdə həftənin 5 günü orta məktəblərdə təhsil problemləri ilə bağlı canlı verilişlər aparırdıq. Həmin verilişin aparıcısı olmaqla yanaşı, sujetlər də hazırlayırdım. Paralel olaraq orta və ali məktəbləri gəzirdik. Daha çox təlbələrlə ünsiyyət qurmağa çalışırdıq. Hazırda Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan Cəsarət müəllimlə dostluğumuz o vaxtdan başladı. “Açıq dərs” layihəsi çərçivəsində birbaşa dərslərə daxil olurduq. Orada tələbələrin təhsillərini hansı formada davam etdirdikləri ilə maraqlanırdıq. Tələbə və şagirdlərin problemini işıqlandırmaq istəyirdik. Təhsili onların gözü ilə görməyə çalışırdıq. İctimai Televiziyada eyni zamanda “Rəqəmsal dünya” adlı verilişin bir müddət aparıcısı oldum. Daha sonra “Hüquq müstəvisi” verilişinin aparıcısı və redaktoru oldum. Bundan əlavə bir sıra tarixi şəxsiyyətlərin həyatı və yaradıcılığı əks olunan sənədli televiziya filimləri hazırlanmasında iştirak edirdim. Bunlardan ən yadda qalanı və xüsusi hörmətlə yanaşdığım filosof Heydər Hüseynovla bağlı teleportretin hazırlanması oldu. Televiziya qaynar bir mühitdir, yaradıcılığa kifayət qədər enerjinin sərf olunmasını tələb edən bir sahədir.

- “BakuBus” MMC-yə necə dəvət aldınız?

- Mətbuat işçilərinin gördüyü işlər hər zaman göz önündə olduğu üçün onlara mütəmadi olaraq təkliflər gəlir. Bəzən də, özümüz hansısa bir təşkilatda işləməyi arzulayırıq. “BakuBus” MMC həmin vaxt yeni yaranmış bir təşkilat idi. İctimaiyyətin marağı “BakuBus”un üzərində idi. İndi də belədir. Təbii ki, bu xidmət sahəsi mənim də diqqətimi çəkdi. Hesab etdim ki, bu sahədə fəaliyyət göstərsəm, imkanlarımı daha geniş şəkildə təqdim edə və təcrübəmdən daha yaxşı istifadə edə bilərəm. Özüm də ictimai nəqliyyatdan istifadə edib, mövcud olan problemləri hər-gün yaşadığıma görə, fikirləşdim ki, burada daha yaxşı fəaliyyət göstərə bilərəm. Bu səbəblə, fəaliyyətə başlamağa qərar verdim.

- Mediadakı fəaliyyətiniz illərində mətbuat xidmətləri ilə münasibətləriniz necə olub?

- İctimai Televiziyada çalışdığım illərdə təhsildəki problemləri araşdırdığımız üçün probemlər deməyim, qarşıdurmalar olurdu. Bizim əsas məqsədimiz təhsildəki problemləri göstərmək idi. Bunun üçün də bizə kifayət qədər şərait yaradılmışdı.

- Yenidən televiziyaya qayıtmaq istərdiniz?

- Elə bir istəyim yoxdur. Televiziyada çalışmağı düşünmürəm.

- Fəaliyyətə başladığı dövrdən “BakuBus” MMC hansı uğurlu layihələrə imza atıb?

- “BakuBus” yarandığı ilk gündən etibarən bu sahədə yeni standartlar tətbiq etdi. Əsas məqsəd uzun illərdir formalaşmış olan mənfi stereotipləri qırmaq, yeni, sivil bir mühit formalaşdırmaq oldu. Söhbət həm nəqliyyatdakı davranış qaydaları, həmçinin ödəniş vasitələrindən gedir. “BakuBus” bu sahədə bir inqilab etdi. Sərnişinlərin bu qaydalara əməl etməsi üçün fasiləsiz olaraq proflaktik tədbirlər həyata keçirməyə başladı. İlk olaraq “ASAN künüllülər ilə layihələr həyata keçirdi. Avtobusdakı qaydalar sosial çarxlar şəklində sərnişinlərə göstərildi, maarifləndirici bukletlər hazırlandı. Burada KİV də bizə yaxından dəstək oldu. Qısa zaman keçməsinə baxmayaraq, müsbət nəticələr əldə olundu. İlk dəfə avtobusların salonunda sərnişinlərin maarifləndirilməsi üçün davamlı olaraq anonslar səsləndirildi. Həmin maarifləndirmə tədbirləri bu gün də davam etdirilir. Eyni zamanda, “Gələcəyin sərnişinləri” layihəsi çərçivəsində azyaşlıları da bu tədbirlərə cəlb etdik. Biz indi valideyini ilə xidmətimizdən istifadə edən 5,10 ildən sonrakı sərnişinlərimizi də maarifləndirməyi özümüzə borc bilirik. İstəyirik ki, bu gün bəzi sərnişinlərimizdə müşahidə etdiyimiz arzuolunmaz vərdişlər, hərəkətlər gələcək nəsillərə ötürülməsin. Elə ona görə də uşaqlarla, gənclərlə maarifçilik işlərinin xüsusi əhəmiyyət daşıdığını düşünürəm. Sevindirici haldır ki, bəzən bilmədən qaydaları pozan yaşlı bir sərnişinə övladı, hətta nəvəsinin xəbərdarlıq etdiyini müşahidə edirik. Bu gələcəyə olan inamımızı daha da artırır. Biz 24 saat ərzində sərnişinlərimizlə ünsiyyətdəyik. Bu səbəblə, öz xidmətimizin keyfiyyəti haqqında daim məlumatlı oluruq. Xidmətimizin kefiyyət səviyyəsini ölçə bilirik. Bu isə nöqsanlarımızın vaxtında aradan qaldırılması imkanını yaradır. “BakuBus”-da bütün iş sistemi, nəzarət və idarəetmə elektronlaşdırılmış şəkildə qurulub. Bu isə işimizi xeyli asanlaşdırır. Hətta gecə saatlarında *4242-yə zəng edən sərnişin siqnal səsindən sonra öz şikayətini daxil edirsə, həmin şikayət səhər tezdən işə gəlib kompüterini açan məsul şəxs tərəfindən görülür və icra edəcəyi ilk vəzifəsi olur. Bütün bölmələrin işi bir-birini tənzimləyən canlı bir orqanizmi xatırladır. “BakuBus”un hər bir əməkdaşı cəmiyyətin onlardan gözlədiyi yenilikçi və müasir xidmətin həyacanı və məsuliyyətini hiss edərək işləyir. Bütün əməkdaşlarımız hiss edir ki, "BakuBus" sərnişindaşıma xidməti sahəsində irəliyə doğru atılmış böyük bir addımdır. Bütün əməkdaşlarımız bu addımı geniş bir yola çevirmək üçün əlindən gələndən də artığını həyata keçirməyə çalışır.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Boş vaxtlarımı daha çox uşaqlarla dəyərləndirməyə çalışıram. Hobbi kimi isə tanınmış filosofların, tarixi şəxsiyyətlərin həyatını oxumağı çox sevirəm. Bəzən fəlsəfi 1-lər yazıram. Amma əsas həftənin, günün yorğunluğunu uşaqlarla olan zaman atıram. Burada söhbət yalnız öz övladlarımdan getmir. Bu hansısa tanışımın övladı, yaxud küçədəki bir uşaq da ola bilər. Atalay və Atilla adında 2 oğlum, Aybia adlı bir qızım var. Hesab edirəm ki, nəinki valideyin olaraq, hətta cəmiyyət olaraq uşaqlarımıza çox vaxt ayırmalıyıq. Bu, əslində gələcəyimizə olan münasibətimizin də bir təzahür formasıdır.


- Hərbi xidmət dövrünüzdən danışaq. Ön xətdə baş leytenant rütbəsində tağım komandiri vəzifəsində olmusunuz. O dövrdəki hadisələrdən yaddaşınızda nələr qalıb?

- Xatırlayıram, kəndimiz bir neçə günllük işğal olunmuşdu. O vaxt nəzarət üçün hər ailədən bir nəfər kənddə qalmalı idi. Ailəmiz qonşu Boyat kəndinə köçdüyü üçün evimizdə mən qalırdım. Atam məni hər səhər gözətçi qalmağım üçün evə gətirərdi. Gözətçi qaldığım müddətdə evimizi Hərbi Hospital etdilər. Uşaqlığım yaralanan əsgərlərin yanında keçib. Onların arasında yüksək təhsilli, hətta universitetin Tarix fakultəsini yarımçıq qoyub cəbhə bögəsinə gələn tələbələr də vardı. Elə həmin şəraitdə universitetə hazırlaşırdım. Fikrimcə, Tarix fakultəsinə daxil olmağımda onların təsiri olub. Cəbhə bölgəsində böyüdüyümə görə hərbi xidmətimi də ön xəttə keçirmək istəyirdim. Çünki tələbəlik illərimdən, qızğın universitet həyatından sonra uşaqlıq xatirələrimdən ötrü çox darıxmışdım. Çox şükür ki, hərbi xidmətimi də ön cəbhədə, düşmənlə üz-üzə, avtomobil yolları belə olmayan dağların başında keçirdim. Cəmiyyət olaraq elə bir dövrü yaşayırıq ki, hər bir vətəndaşın müharibə, hərbi system və əsas düşmənimiz haqqında müəyyən məlumatları olması vacibdir. Çünki qarşıda bizi ikinci Qarabağ döyüşü gözləyir.Hər şey bir yana biz özümüzü həmin müharibəyə fiziki və ya psixoloji olraq hazır saxlamalıyıq.

- Saytımız vasitəsilə “BakuBus” sərnişinləri, eyni zamanda oxucularımıza nə demək istərdiniz?

- Sərnişinlərimizə onu demək istərdim ki, istənilən şəraitdə, istənilən halda öz vətəndaş mövqelərini qoruyub saxlaya bilsinlər. Bu, ictimai nəqliyatda da ola bilər, yaxud digər sahələrdə də, fərq etməz. İctimai nəqliyyatda müşahidə etdiyimiz bəzi xoşagəlməz hadisələri həll etməyin də konkret yolu həmin vətəndaşların münasibətindən asılıdır. Bu gün sərnişindaşıma xidmətləri sahəsində ictimai-fəal sərnişinlərə ehtiyac var. Sərnişinlərimizə xahiş edirəm ki, avtobusda sürücü, yaxud da sərnişin tərəfindən qayda pozuntusuna rast gələrlərsə, buna biganəlik nümayiş etdirməsinlər, mütləq vətəndaş mövqelərini bildirsinlər. Biz istənilən sahədə ictimai nəzarət mexanizmlərini formalaşdırsaq, cəmiyyətimiz öz-özünü qoruya, arzuolunmaz hadisələrdən vaxtında xilas ola bilər. Qarşılıqlı şəkildə məsuliyyətimizi dərk etsək və qaydalara əməl etsək, ictimai nəqliyyatda heç bir problem də yaranmaz.

Bu vaxta kimi heç bir mətbuat orqanına şəxsi məsələlərlə bağlı müsahibə verməmişəm. Saytınızın fəaliyyətini yüksək qiymətkləndiyim üçün müsahibə təklifinizi qəbul etdim. Fikrimcə, işlərinizə çox düzgün istiqamətdən başlamısınız. Arzu edirəm ki, bu peşəkarlığınızı axıra kimi davam etdirəsiniz.

Xəyalə Məmmədova / METBUAT.AZ

FOTOLAR: Sərvan Şəldiyev

“Çörək növbəsində gödəkçəmin kürəyi ortadan cırılmışdı” - Anar Cəbrayıllı ilə MÜSAHİBƏ – Oxumaq üçün TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI