Play Store

"İrəvanın adının "ermənicə danışan" Nuh peyğəmbərlə bağlanması erməni tarixçilərinin növbəti uydurmasıdı"

"İrəvanın adının "ermənicə danışan" Nuh peyğəmbərlə bağlanması erməni tarixçilərinin növbəti uydurmasıdı"
12:52 21 Fevral 2018
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin YAP-ın bu günlərdə keçirdiyi qurultayında "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır" sözləri hər bir azərbaycanlının bilməsi vacib olduğu tarixi gerçəkliklərdəndir. 

Prezidentin İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması"nın vacibliyini bildirməsi hər bir azərbaycanlını planetin harasında yaşamasından asılı olmayaraq bu istiqamətdə kordinasiyalaşmış şəkildə fəaliyyət göstərməsini zəruri edir. İndiki Ermənistanın paytaxtı sayılan İrəvan şəhərinin, tarixi Azərbaycan şəhəri olması dünyanın kiçik tarixçilərində belə, sual doğurmur. Ermənistanın ərazisi, tarixən, Urartu, Sasanilər, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur.

Bu dövlətlərə nəzər salarkən İrəvan şəhərinin və ətraf ərazilərin etnik tərkibinin hansi qruplardan ibarət olması, orada yaşayan əhalinin hansı dinə qulluq etməsi və danışdıqları dil heç kimdə şübhə oyatmır. Təəsüflər olsun kı, Sovetlər dövründə erməni tarixşünaslığında İrəvan və Naxçıvan xanlıqlarının Şərqi Ermənistan kimi təqdim edilməsinə bizim tarixşünaslıq heç bir reaksiya vermir, ona qarşı mübarizə aparmırdı. Ermənilərin 2018 -ci ildə İrəvan şəhərinin 2800 illiyini qeyd etmələri onların növbəti tarixi uydurmalarından biridir.

Bununla da onlar növbəti dəfə özlərinin guya qədim dövlətçilik ənənələrinə və mədəniyyətə sahib olmasını bildirmək istəyirlər. Əslində isə, İrəvan şəhəri heç də onların göstərdiyi tarixə malik deyil. 

Erməni tarixçiləri 1950-ci ildə İrəvan şəhərinin cənub-şərqindəki Qanlı təpədə aparılan qazıntılar zamanı Urartu çarı I Argiştinin dövründə salınmış Erebuni (İripuni) qalasının qalıqlarının tapılmasından sonra İrəvan şəhərinin tarixini bununla bağladılar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişdir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır.

Əslində, urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan bir əlaqəsi olmuşdur. Orta əsrlərdə, artıq, şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. Bununla da ermənilər dünyaya bəyan edirlər ki , İrəvan şəhəri hətta qədim Romadan 30 yaş "böyük" imiş.

İrəvanın adının "ermənicə danışan" Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir. Guya kı, dünyanı su basarkən Nuh peyğəmbərin düzəltdirdiyi gəmi Ararat dağının zirvəsinə yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə "Yereval" (yəni ermənicə "Göründü") olmuşdur. 

Həmin görünən yer isə, guya indiki İrəvan şəhəri imiş. İndiki Ermənistan ərazinin bir hissəsində mövcud olmuş Urartu dövləti - Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədər olan ərazilərdə yaranmışdır. Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər. Ermənilərin dediklərinə baxmayaraq bu dövlətin haylarla heç bir əlaqəsi yoxdur. 

Eramızdan əvvəl VI əsrdə meydana gələn Urartu dövlətinin ermənilər ilə heç bir əlaqəsinin olmamasına rus tarixçilərindən olan Dyakonov da yazır. Tarixi abidələrdə tapılmış Urartu yazısının erməni və gürcü dillərində açılmasına çalışan alimlər bunu bacarmamışlar. 

Bundan sonra, çeçen dili ilə yazılar arasında bağlantını yoxlayan alimlər yazılardakı 85 % sözlərin məhz çeçenlərə yaxın olduğunu iddia etmişlər. Rus arxeoloqu M.V.Nikolski 1893-cü ildə indiki Ermənistan ərazisinə səyahət edərək Göyçə gölünün sahilində qədim yazıları araşdırmış və gölün sahilindəki Gölkənd kəndinin yaxınlığında tapılmış yazıları eramızdan əvvəl VIII əsrə aid etmişdir. Buradan da məlum olur kı, yerli əhalinin ermənilər ilə heç bir əlaqəsi olmamışdır. İrəvan əyaləti 658-ci ildə ərəb qoşunları tərəfindən işğal edilmişdir. 

Xilafət dövründə Cənubi Qafqaz əmirliklərinin idarəçiliyi bir qayda olaraq türklərə həvalə edilmişdir. Görkəmli türk coğrafişünası Evliya Çələbi İrəvan qalasının əsasının XV əsrdə qoyulduğunu iddia edir. O yazır kı, "1407 -08 ci illərdə Əmir Teymurun tacirlərindən olan Xacə xan Ləhicani adlı tacir Rəvan torpağına qədəm qoyduqda çox münbit, məhsuldar torpaq görür. 

Öz ailə üzvləri ilə burada sakin olur. Günü-gündən düyü əkini hesabına varlanaraq bu böyük kəndin əsasını qoyur".

Daha sonra isə, Şah İsmayıl 1501-ci ildə İrəvan şəhərini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi həvalə etmişdir. Rəvanqulu xan da qalanı 7 ilə tikdirərək başa çatdırmışdır. 

Bu dövrdən başlayaraq xanlıqların yaranmasına qədər olan zaman kəsiyində gah Səfəvilərin, gah da Osmanlıların əlinə keçən İrəvan şəhəri 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıq kimi tarixinə davam edir. İrəvan qalası 1827-ci ildə Rus ordusunun işğalına məruz qalır. İrəvan qalasının alınması xəbəri Rusiya İmpreratoru I Nikolaya Riqada olarkən gəlmişdir. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar isə, qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı.

(Həmin qılınc hazırda Kremlin "Silahlar Palatası"nda saxlanılır.) Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdilər. İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması danılmaz həqiqətdir. 

Bunu Qafqazın ali baş komandanı general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç-İrəvanski İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazmışdır.

Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi. Beləliklə, tarixi, ədəbiyyatı, mədəniyyəti olmayan xalqların - "olmayan dəyər"ləri haqda dünyada təbliğat aparmaları Azərbaycan xalqını ayıq olmağa vadar edir. Dünyada çox nadir hallarda hər hansı bir xalqa nəsib olan - tarixin az qala bütün vaxtlarında regional siyasi və hərbi dominantlığa, zəngin mədəni və ədəbi irsə malik olan, sərhədləri Suriyadan Hindistana qədər gedib çatmış bir xalq ilə qürar duymaq lazımdır. 

Sözün həqiqi mənasında Azərbaycan xalqı özü ilə fəxr edə bilər. Neçə-neçə böyük dövlətlərə, geniş coğrafiyada tanınan ədəbi mütəfəkkirlərə, zəngin mədəniyyətə malik olan xalqımız bundan sonra da dünyada iz qoymaqda davam edəcəkdir. Bugün üçün isə, hər bir azərbaycanlının qarşısında duran əsas məqsəd işğal altında qalmış torpaqların yaxın vaxtlarda işğaldan azad edilməsi olmalıdır. 

DİA-nın politoloqu Zaur Məmmədov

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/627328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR