Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində - qurulub / MÜSAHİBƏ

Metbuat.az millət vəkili Vüsal Hüseynovla müsahibəni təqdim edir.

- Vüsal müəllim, hazırda ölkəmizdə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası mərhələsindəyik. Seçicilər təşviqat tədbirlərində hansı əhval-ruhiyyə ilə iştirak edir?

- Artıq Yeni Azərbaycan Partiyasının seçkiqabağı təşviqat kampaniyası dinamik formada başlamışdır və çox böyük ruh yüksəkliyi və əhval ruhiyyə ilə davam edir. Rayonlarda, kəndlərdə vətəndaşlarla görüşlər keçirilir, təşviqat tədbirləri davam etdirilir. İnsanların cənab Prezidentə olan dəstək və sevgisini canlı müşahidə edirik. Bildiyiniz kimi cənab İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olmuşdur. Belə ki, vətəndaşlarımız Onun namizədliyinin müdafiəsi üçün imza toplama kampaniyasında çox aktiv iştirak etmiş və qısa müddətdə bu proses yekunlaşmışdır. Nümunə üçün qeyd edim ki, millət vəkili olduğum Ucar rayonunda imza toplama kampaniyası 3 gündən də qısa müddət ərzində başa çatdırılmışdır.

Ötən 15 il ərzində sosial-iqtisadi sahədə aparılan islahatlar, həmçinin dövlət idarəçiliyi və insan hüquqlarımın daha etibarlı təminatına xidmət edən tədbirlər, ölkəmizin əldə etdiyi nailiyyətlər cənab İlham Əliyevin namizədliyini və növbəti seçkilərdə uğur qazanmasını şərtləndirən başlıca amillər sırasındadır. Bu siyasət və tədbirlər öz müsbət təsirlərini ölkənin gündəlik həyatında göstərir və insanlarımız bunları müşahidə edirlər. Bu isə ölkəmizdə mövcud xalq-iqtidar həmrəyliyi daha da möhkəmləndirir və hazırkı və gələcək inkişafımızı və sabitliyimizi təmin edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyasına əsasən, Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkə arasında yer almışdır.

- Bu il cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 15 il ötür. Sizcə, bu 15 illik dövr Azərbaycan xalqı və dövləti üçün hansı mühüm nailiyyətlərlə yadda qaldı?

- Son 15 il həqiqətən müstəqil Azərbaycan dövlətinin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilə bilər. Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. 2003-cü il seçki kampaniyası müddətində cənab İlham Əliyevin verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yüksək statistik göstəricilərlə icra edildi. Bu isə insanların Prezident İlham Əliyevin siyasətinə və sözünə olan inam və etimadını daha da gücləndirdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs, strategiya, stabillik və inkişaf konsepsiyası müasir dövrün çağırışlarına uyğun olaraq İlham Əliyevin Prezidentliyi dövründə də davamlı şəkildə davam etdirildi. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq aparılan çoxşaxəli islahatlar kursu xalqın rifah səviyyəsini yüksəltməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzuna da ciddi ölçüdə təsir göstərdi. İqtisadi, sosial, hüquqi, elm, xarici siyasət və digər ictimai həyatın və dövlət idarəçiliyinin əhəmiyyətli sahələrində mühüm irəliləyişlər əldə edildi.

Ötən 15 illik dövrün statistik göstəricilərinə qısaca nəzər salsaq, əldə olunan nailiyyətləri əyani şəkildə görə bilərik. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollar təşkil etdi, iqtisadiyyatımızın neftdən asılılığı azaldı, qeyri-neft sektoru üzrə istehsal 2.8 dəfə artdı, Azərbaycan Cənubi Qafqazın ilk və yeganə kosmik ölkəsinə çevrildi, İKT sektorundakı gəlirlərimiz 1.6 milyard dolları ötdü, ölkəmizin 93 faizi qazlaşdırıldı, əhalinin sosial müdafiə sistemi daha da təkmilləşdirildi, 265 min məcburi köçkün yeni mənzillərlə təmin edildi. Belə sosial-iqtisadi, statistik rəqəmlərlə möhkəmləndirilmiş faktlar yüzlərlədir. Bu uğurlu göstəriciləri sadalamaqla davam etmək olar. Ancaq son 15 ilin ən mühüm nailiyyətlərindən biri və digər sahələrdə inkişaf üçün əsas zəmin yaradan ölkədə sabitlik və təhlükəsizlik şəraitinin təmin olunmasıdır. Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilmişdir. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrində biridir.

- Siz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz. Ölkəmizdə ötən 15 il ərzində həyata keçirilən hüquqi dövlət quruculuğu prosesini, eləcə də insan hüquqlarının daha da möhkəmləndirilməsinə xidmət edən islahatları necə qiymətləndirirsiniz?

- Ötən 15 il ərzində insan hüquq və azadlıqlarının daha etibarlı təminatı, eləcə də dövlət idarəçiliyində çevikliyin, səmərəliliyin artırılması və qanunvericilik sistemimizin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə hüquq sistemimizin əsasını təşkil edən Konstitusiyamıza iki dəfə - 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklər edilmişdir. Referendumlarla edilən bu dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələsinə yönəlmişdir. Bu referendumlara çıxarılan məsələlərə xalqın “hə” deməsi ilə Azərbaycanda insan hüquq və azadlıqlarının konstitusion təminatı daha da gücləndirildi, həmçinin, ölkəmizdə güclü prezidentlik institutu yaradıldı. Bunlarla yanaşı, dövlət idarəçiliyində effektivliyi və çevikliyi artırmaq məqsədilə birinci vitse-prezident və vitse-prezidentlik institutları təsis edildi. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə məhkəmə-hüquq sistemi daha da təkmilləşdirildi və müasir dövrün tələblərinə tam uyğunlaşdırıldı. Bu xüsusda, ölkə başçısının 10 fevral 2017-ci il tarixli sərəncamını xüsusilə vurğulamaq lazımdır. Azərbaycan Prezidentinin insan hüquqlarına verdiyi dəyərin təzahürü olan bu sərəncam ölkəmizdə cəza siyasətinin hümanistləşdirilməsini, cinayət qanunvericiliyinin və bütövlükdə penitensiar sistemin təkmilləşdirilərək müasir dünya standartlarına uyğunlaşdırılmasını ehtiva edir. Ötən 15 il ərzində humanizm siyasətinə sadiqlik dövlət idarəçiliyinin əsas prinsiplərindən biri kimi öz əhəmiyyətini qoruyub saxladı. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bəri qəbul edilmiş 5 amnistiya aktının nəticəsində 54 minə yaxın məhkum azadlığa çıxıb. Həmçinin, ötən dövr ərzində Prezident İlham Əliyev tərəfindən 3800 nəfərdən çox şəxsə şamil olunmuş 31 əfv sərəncamı imzalanıb. Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır. Bu məqsədlə, sistemli yanaşma ortaya qoyulmuş, həm instutsional praktiki tədbirlər görülmüş, həm də mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası təkmilləşdirilmişdir. Ötən 15 il ərzində dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, həmçinin, vətəndaş iştirakçılığının artırılması və elektron xidmətlərin genişləndirilməsi məqsədilə silsilə təbdirlər görülmüşdür. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətlərinin artırılması, məmnunluğun təmin edilməsi və korrupsiya hallarının qarşısının alınması üçün ən səmərəli vasitə hesab olunan “ASAN Xidmət” modeli təşəbbüs edilmiş və uğurla icra edilmişdir. 2013-cü ildə fəaliyyətə başlayan “ASAN Xidmət” mərkəzlərinə indiyə kimi 20 milyondan artıq müraciət daxil olmuşdur və xüsusilə qeyd edilməlidir ki, insanların bu xidmətdən məmnuniyyət səviyyəsi 98-100 faiz arasında dəyişir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülməsi isə bu modelə dünyada böyük marağın olmasını göstərir. Bu gün dünyanın aparıcı dövlətləri “ASAN Xidmət” təcrübəsini öyrənməyə və bu mütərəqqi modeli özlərində tətbiq etməyə can atırlar.

- Artıq bir neçə ildir ki, ölkəmiz, transmilli enerji və nəqliyyat layihələrinin birbaşa təşəbbüsçüsü kimi çıxış edir. Bu cür layihələrin əhəmiyyətini və bütövlükdə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini necə dəyərləndirərdiniz?

- Ötən 15 il ərzində Azərbaycanın beynəlxalq nüfuzu olduqca möhkəmləndi və ölkəmiz bütün dünyaya özünü etibarlı tərəfdaş kimi tanıda bildi. Bu müddətdə xarici siyasətdə ən böyük uğurlardan biri, ölkəmizin 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Ölkəmizin dünyanın ən mötəbər qurumuna üzv seçilməsi dünya birliyinin gənc Azərbaycan dövlətinə olan etimadının göstəricisi idi. Müstəqilliyinin 20-ci ilində xarici siyasətdə əldə edilən bu nailiyyət yalnız düşünülmüş, ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün ola bilərdi. Bu gün Azərbaycan Avropanın diqqət mərkəzində olan enerji layihələrinin təşəbbüsçüsü və iştirakçısı rolunda çıxış edir. Bilavasitə ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və hazırda tikintisi sürətlə davam etdirilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə sahibdir. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərindən ibarət olan bu layihənin reallaşması Azərbaycanın beynəlxalq nüfuzuna, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı yeri və roluna ciddi ölçüdə təsir göstərib. Şimaldan cənuba, qərbdən şərqə mühüm nəqliyyat dəhlizlərinin qovuşağında yerləşən Azərbaycan coğrafiyasının təmin etdiyi imkanlardan yüksək səviyyədə istifadə edir.

Ötən il açılışı baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu baxımdan, çox əhəmiyyətlidir. Bu dəmir yolu tarixdə ilk dəfə Şərqlə Qərbi dəmir yolları vasitəsilə birləşdirdi. Ölkəmiz, həmçinin böyük strateji əhəmiyyəti olan və Avropa ilə Asiyanı fərqli marşrutlarla birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas fiqurlarından biri rolunda çıxış edir. Dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən bu layihələr bir tərəfdən ölkəmizdə iqtisadi stabilliyin davamlı olmasını təmin edəcək, digər tərəfdən isə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirəcəkdir.

- Vüsal müəllim, necə hesab edirsiniz, 2018-ci ilin prezident seçkiləri Azərbaycanın qarşısında dayanan gələcək hədəflərə çatmaq baxımından nə kimi əhəmiyyət daşıyır?

- Cənab İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan dövlətinin əsas strateji məqsədləri müasir dövrün qlobal çağırışları fonunda Azərbaycanın davamlı və hərtərəfli inkişafını təmin etmək, xalqımızın həyat səviyyəsini yüksəltmək və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Ötən 15 illik fəaliyyəti dövründə ölkə başçısı bu ümdə məqsədlərin reallaşmasını prioritet məsələlər kimi müəyyən etmişdir. Əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlər artıqlaması ilə yerinə yetirilib. Lakin görüləsi işlər hələ çoxdur. Yaxın perspektiv üçün bir sıra əlavə hədəflər müəyyən olunub. Bu hədəfllərə çatmaq üçün xalqın sosial rifahının yaxşılaşdırılmasından tutmuş, iqtisadi sabitliyin qorunub saxlanılmasına qədər bütün sahələri əhatə edən çoxşaxəli islahatlar kursunun davam etdirilməsi nəzərdə tutulub.

Nəzərə alaq ki, son 15 il ərzində Azərbaycan əhalisinin sayı 1.5 milyon nəfər artıb. Artan əhali isə adekvat iqtisadi inkişaf tələb edir. Qeyd etmək yerinə düşər ki, ötən 15 il ərzində ölkəmizdə əhalinin artım tempinə paralel olaraq, Ümumi Daxili Məhsul (ÜDM) istehsalı da 3 dəfə artmışdır. Bu, olduqca yüksək göstəricidir. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, Azərbaycan 2004-2016-cı illərdə ümumi daxili məhsul istehsalının artım göstəricisinə görə Çin və Qətər kimi ölkələrlə yanaşı dünyada ilk beşlikdə qərarlaşmışdır.

Ölkəmizə investisiyaların yatırılmasını təmin etmək yenə də iqtisadi siyasətdə prioritet məsələ olaraq qalacaq. Onu da qeyd edək ki, Azərbaycana yatırılan sərmayənin 93 faizi son 15 il ərzində qoyulmuşdur. Ümumilikdə isə 2003-2018-ci illərdə ölkəmizə 231 milyard dollarlıq investisiya yatırılıb. Siyasi sabitlik və təhlükəsizliyin möhkəm olması xarici investorları Azərbaycana cəlb edən əsas amillərdir. Regionlarımızın sosial-iqtisadi inkişaf strategiyası isə həmişə olduğu kimi prioritet məsələlələr kimi nəzərdə saxlanılacaq. Həmçinin, dövlət idarəçilik sistemində innovativ islahatların həyata keçirilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin təmin olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdiriləcək.

Növbəti illər üçün müəyyən edilmiş hədəfləri saymaqla bitməz. Mən bunların yalnız bir qisminə toxundum. Ümumilikdə onu deyə bilərəm ki, dövlətimizin inkişaf etməsi, xalqımızın daha yaxşı yaşaması üçün çoxşaxəli islahatlar kursu növbəti illərdə davam etdiriləcək. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub və söz yox ki, bu maraqları təmin etmək üçün qarşıdan gələn 7 ildə də bütün imkanlar səfərbər olunacaq./yap.org.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR