“Azərbaycanda 15 il ərzində görülən işlər 150 illik tarixə sığışmaz” – Millət vəkilləri

Məlum olduğu kimi, aprelin 11-də Azərbaycan prezident seçkisi keçirildi. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Metbuat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Yeni Azərbaycan Partiyasından seçilən millət vəkilləri Metbuat.az-a seçkinin nəticələri ilə bağlı fikirlərini deyiblər.

Millət vəkili Məlahət İbrahimqızı: Prezident İlham Əliyevin 11 apreldə yenidən prezident seçilməsi müasir Azərbaycan tarixində növbəti tarixi hadisədir. Dövlət başçısı bu qələbəni gördüyü işlərlə qazanmışdı, xalq da bunu rəsmiləşdirdi. Çünki bir namizədin, siyasi liderin siyasi mübarizədə, seçkidə qələbəsi üçün həmin qələbəni şərtləndirən nələr var idisə, hamısını prezident İlham Əliyev etmişdi. Azərbaycanda 15 il ərzində görülən işlər 150 illik tarixə sığışmaz. Çünki bizdə 70 il Sovet dövründə bu qədər işlər görülməmişdi.

Təsəvvür edin 3000-dən artıq məktəb yenidən qurulur, inşa olunur, özü də yüksək səviyyədə, beynəlxalq standartlara uyğun. Onlarla universitet, səhiyyə qurumları, mədəniyyət, idman infrastrukturu tikilib, yenilənib. Ordu quruculuğunda, dövlət idarəçiliyində, bütün sahələrdə, hətta Parlamentin, milli qanunvericiliyin inkişafında gördüyü işlər elə dövlət başçımızın qələbəsi idi. Bu qələbəni prezident İlham Əliyev gördüyü işlərlə, xalqına xidmət etməklə qazanmışdı, sadəcə 11 apreldə xalq səsverməyə gedərək bunu rəsmiləşdirdi. Xalqımız da sübut etdi ki, Heydər Əliyev siyasətini davam etdirən İlham Əliyevdən başqa prezident görmürlər.

Gələcək illərdə də bu belə olacaq, möhtərəm prezidentimiz hakimiyyətdə olduqca, xalq da onu dəstəkləyəcək. Xalq dövlət başçısının gördüyü işlərin qədrini-qiymətini bildi, onun gördüyü işlərindən əlavə, həm də dünyanın alov içində, regionumuz alovun çəmbərində olduğu bir zamanda Azərbaycanı sabitlik məkanına çevirməsi də böyük bir nailiyyətdir. Prezidentə təkcə Yeni Azərbaycan Partiyasının üzvləri səs vermədi. Bildiyiniz kimi, YAP-ın 700 mindən çox üzvü var. 10 milyon əhalisi olan bir dövlət üçün 700 min böyük bir rəqəmdir.

Xalqımız bu seçkidə də birlik, həmrəylik göstərdi. Bu həm də ümumxalq bayramıdır, gəncliyin bayramıdır. Bu, gələcək 7 ildə də inkişaf, əmin-amanlıq, tərəqqi üçün olan başlanğıc idi. Eyni zamanda, ən yeni tariximizdə, III minillikdə, çağdaş dövlətçilik tariximizdə ən əlamətdar mərhələyə qədəm qoyduq. Xalqımıza da, ölkəmizə də, prezidentimizə də xeyirli-uğurlu olsun.

Millət vəkili Elman Məmmədov: Seçkilər çox yüksək səviyyədə, Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin tələblərinə uyğun, şəffaf formada keçirildi. Xalq sözünü dedi, prezidentini seçdi. Yəni, Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyadan, insan hüquqlarından, boğazdan yuxarı riyakarlıqdan dəm vuran bütün ölkələrdən üstün, demokratik formada keçirildi. Azərbaycan xalqı çox uğurla, yüksək səviyyədə öz iradəsini ifadə elədi və prezidentini seçdi. Prezidentimizi sevirik və uğurlar arzu edirik. Azərbaycanın müdrik xalqı iradəsini, düzgün seçim haqqını rəyi ilə verdi.

Millət vəkili Aydın Hüseynov: 11 apreldə keçirilən seçkilər demokratik, şəffaf, azad şəkildə hər bir seçicinin öz iradəsini ifadə etməsi baxımından ən nümunəvi seçkilərdən biri oldu. Seçki prosedurları seçki qanunvericiliyinə tam uyğun, seçicilərin böyük izdihamı və aktivliyilə həyata keçdi. Qanun pozuntusu baş vermədi. Bu bir daha göstərdi ki, hər bir Azərbaycan vətəndaşı birinci növbədə bu siyasi proseslərə, prezident seçkilərinə biganə deyil. Seçkidə qanunvericiliyə tam əməl olunması bir daha Azərbaycandakı demokratik proseslərin və demokratik atributların qorunması deməkdir. Vətəndaşların azad şəkildə fikirlərinin ifadə edilməsi üçün bu şəraitin yaradılması bir daha Azərbaycandakı demokratik, şəffaf seçkinin, demokratik prinsiplərin artıq dövlət siyasəti olduğunu birbaşa təsdiq etdi. Seçki prosesinin bu formada getməsi bir daha Azərbaycan cəmiyyətinin yüksək tərzdə inkişafının, siyasi proseslərə yaşanmasının bir təzahürü demək idi.

Millət vəkili Musa Quliyev: Prezident seçkiləri azad, demokratik, vətəndaşların öz seçki hüququndan aşkar şəkildə istifadə etmək şəraitində keçirildi. Azərbaycan xalqı birliklə bu seçkilərdə iştirak etdi və öz rəhbərini seçdi. Seçkilər Azərbaycanda demokratiyaya doğru yeni bir addım kimi qiymətləndirilməlidir. Azərbaycanda seçkidən-seçkiyə həm seçki mədəniyyəti yüksəlir, həm seçkilərin daha da demokratik keçirilməsi üçün lazımi şərait yaradılır, qanunauyğun şəkildə keçirilir. Vətəndaşların düşüncəsində, təfəküründə seçkiyə daha adekvat münasibət formalaşır.

Mən bütün seçki kompaniyası dövründə İlham Əliyevin seçki qərargahının üzvü kimi iştirak etdim və gəldiyim nəticə ondan ibarətdir ki, vətəndaşlarımızın seçkiyə münasibəti daha çox dövlətçiliyə, ölkənin gələcəyinə olan bir münasibətdir. Onlara ən doğru seçimi etmək üçün ən yaxşı şərait yaradılıb. Seçkinin nəticələri də onu göstərdi, seçkidə dünyanın onlarla ölkəsindən gələn yüzlərlə, minlərlə müşahidəçinin rəyi də bunu göstərir ki, Azərbaycanda seçkilər demokratik keçib. İlham Əliyevin seçkilərdə növbəti dəfə qalib gəlməsi Azərbaycan xalqının iradəsinin ifadəsidir. Seçkinin nəticələri barədə artıq rəylər də verilib.

Çox təəssüflər olsun ki, ATƏT-in DemokratikTəsisatlar və İnsan Hüquqları Bürosu burada qərəzli və ədalətsiz münasibət göstərib. Qalan bütün beynəlxalq təşkilatlar, beynəlxalq müşahidəçilər, ayrı-ayrı dövlətlərdən gələn parlamentarlar, qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin hamısı seçkilərin yüksək səviyyədə keçdiyini bəyan etdi. ATƏT-in fikri aydındır, ATƏT onsuz da bir çox dövlətlərə qarşı ikili standartlara uyğun münasibət göstərir, bu təkcə Azərbaycanla bağlı deyil. Bir çox dövlətlərdə onlar seçkilər barədə bu cür bəyənatlar yazırlar. Bu, onları yönəldənlərin şəxsi maraqlarından irəli gələn məsələdir.

Bu, nə seçkinin nəticəsinə, nə də Azərbaycan xalqının öz rəhbərinə münasibətinə təsir edəcək. Əsas Azərbaycan xalqının münasibətidir və ölkəmizdə hakmiyyətin mənbəyi də xalqdır. Xalq öz seçimini etdi, gələcək 7 ildə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha da qüdrətli olacağına səs verdi. Seçkinin nəticələrindən sonra xalqın buna adekvat reaksiyası, Bakıda, Abşeronda və müxtəlif bölgələrimizdə xalqın toy əhval-ruhiyyəsində müxtəlif şüarlarla küçələrə, meydanlara çıxıb bayram etməsi səsvermənin əyani təsdiqi idi.

Seçkidə uduzan namizədlərin qalibi təbrik etməsi də yaxşı bir ənənənin, seçki mədəniyyətinin nümunəsidir. Hesab edirəm ki, bu da pozitiv qarşılanmalı və qiymətləndirilməlidir. Müxtəlif dövlətlərin başçıları qələbə münasibətilə cənab İlham Əliyevi təbrik edirlər və bu artıq o deməkdir ki, seçkinin nəticələri beynəlxalq səviyyədə tanınır və doğru da qiymətləndirilir. Bütövlükdə isə bu seçkini Azərbaycan xalqının ümumi qələbəsi hesab edirəm.

Qeyd edək ki, səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Günay Elşadqızı / METBUAT.AZ

“Onlar bəyənatı əvvəlcədən hazırlamışdılar” – Şərhlər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI