Play Store

“Media şəxsi həyatımdan deyil, rollarımdan yazsın” - Naibə Allahverdiyeva

Metbuat.az əməkdar artist Naibə Allahverdiyeva ilə müsahibəni təqdim edir.

- Naibə xanım, məncə, sevgisiz yaşaya bilməz...

-Yox qətiyyən... Məni yaşadan inanın ki, sevgidir. Və hər şey bu sevgidən yaranır... Tamaşalar da, obrazlar da. Həyatın özü də... İnsanlara elə gəlir ki, bir aktrisa kimi tək onlar məni sevirlər. Halbuki bu sevgi qarşılıqlıdır. Və yenə də deyirəm ki, bu sevgi aramızda olan ən möhkəm körpüdür.

- Hər an insanlarla təmasdasınız və əsla bundan qaçmırsınız.

- Bəli. İnsanlarla hər addım iç-içəyəm və mən bundan narahat deyiləm. Onların mənə olan hörməti günü-gündən artdıqca anlayıram ki, boşuna yaşamıram. Zərrə-zərrə qazandığım sevgi mənə hər şeydən əzizdi.

- Teatrda müxtəlif obrazlarınız var. Ən kiçik rolda belə yadda qalırsınız. Sevimli rolunuz hansıdır?

- Doğru dediniz. Bunu tamaşaçı da dönə-dönə deyib. Rolun böyüyü, kiçiyi olmur axı... Mənə "Pəri cadu" tamaşasındakı rolum çox əzizdir. Hər dəfə bu obrazı oynayanda sanki yenidən oynayıram və tamaşaçı da bunu hiss edir. Bu tamaşa vətəndən xaricdə də bir çox mükafatlar qazanıb. Bu da bütün yaradıcı heyətin, teatrın uğurudur məncə.

- Bəs kinoda vəziyyət necədi? Dəvət alırsınız?

- Düzünü desəm o qədər də yox. Çünki o qədər təsadüfi insanlar filmlərə cəlb olunur ki, nəticədə nə film yadda qalır, nə rejissor. Belə filmlərdə görünməkdənsə, görünməmək daha yaxşıdır.

- Son zamanlar şəxsi həyatınızla bağlı bir çox yazılar dərc olundu...

- Yeri gəlmişkən qeyd edim ki, bu, xoşagəlməz bir haldır. Yazı yazan jurnalist qarşı tərəfin münasibətini bilmədən heç nə yazmamalıdır. Çox təəssüflər olsun ki, jurnalistikada da təsadüfi insanlar var ki, araşdırmadan fikir yürüdürlər. Mənim şəxsi həyatım mənə aiddir. Onu mənim yerimə heç kəs yaşamır axı. Niyə gəlib tamaşalarım haqqında yazmırlar? Halbuki maraqlı rollarım var. Bunu təbliğ etsinlər. Mən aktrisayam və eyni zamanda da şəxsi həyatı olan qadın. Bu həyat mənə aiddir. Əlbəttə işini professional quran jurnalistlərimiz də az deyil. Və mən bu yaxında "Medianın dostu" mükafatını da aldım. Demək ki, bu sahədə də dostlarım çoxdu.

- Artıq yeni tamaşanın məşqlərinə başlamısınız?

- Bəli. Əziz Nesinin "Öldürsənə məni, canikom" tamaşasının məşqləri gedir. Quruluşçu rejissor Nicat Kazımovdur. Rollarda mənlə bərabər Allahverdi Yolçuyev və Qəmər Məmmədova məşğuldurlar. İnanıram ki, tamaşa uğur qazanacaq və hər kəsi dəvət edirəm. Məhz bizi, aktrisaların həyatını deyil, rollarını təhlil etsinlər. Çünki bir tamaşanın yaranması çox çətin bir prosesdir.

- Sonda özünüzə verəcəyiniz sual və cavab.

-"Sən nə zaman xoşbəxt olursan?"

Cavabım: sevdiyim, sevildiyim zaman... Və bu sevgidən doğan alqışların sədasını eşitdiyim an.

Təranə Feyzullayeva/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR