​Yerdən görünməyən halqalar - Kainatın ən ecazkar üzüklərinin sirri

Saturnun halqaları necə formalaşıb? Digər planetlərin də üzükləri varmı?

Günəş sisteminə daxil olan və əksəriyyəti qazlardan yaranan 4 planet: Yupiter, Saturn, Uran və Neptun. Saturn deyəndə ağlımıza gələn ilk şey onu əhatə edən halqalarıdır. Sadə bir teleskopla dünyadan baxanda da o üzükləri görmək mümkündür. Astronovtlar həmin halqaları A, B və C adlandırır. A halqası ən kənardadır və B ilə arasında Cassini deyilən boşluq var. A halqasının yarı diametri Saturnun təxminən 2-2,3 qatı qədərdir. B halqası ortadadır və görüntüsü olduqca parlaqdır. C halqası isə iç hissədədir və rəngi solğundur. Yaxından baxanda bu halqalardan əlavə daha 4 üzük görünür. Onlar isə D, F, F və G adlanır.

Üzüklər Saturnun ekvatorial xəttinin ətrafındadır və Yerdən baxanda fərqli görünə bilər. Çünki planet öz oxu ətrafında fırlanmağa meyillidir. Buna görə də parlaqlığı dəyişə bilir. Halqalar bəzən bizim baxış bucağımızla üfüqi olur, bu zaman onları görmək mümkün olmur. Səbəb isə üzüklərin olduqca nazik olmalarıdır. Bəli, radiusları təxminən 74 min-300 min km olan halqaların qalınlığı sadəcə, bir neçə yüz metrdir.

Halqaların tərkibi

Üzükləri təşkil edən hissələr planetlərin peykləri kimi çox böyük cisimlər deyillər. Saturnun halqalarının tərkibi kiçik hissəciklərdən ibarətdir. Hətta peyklərə nisbətən toz dənəciyi qədər kiçikdirlər. Parlaq olduqları üçün sudan ibarət olduğu düşünülürdü, lakin araşdırmalardan sonra buz nisbətinin yüksək olduğu ortaya çıxdı. Planeti yaxından izləyən Cassini kosmik cihazı halqalarda palçığa və toza bənzəyən hissəciklər olduğunu iddia edib. Radar tədqiqatlarından sonra isə həmin hissələrin millimetrdən metrə qədər dəyişdiyi sübut edilib.

Halqalar necə yaranıb?

Bu suala cavab vermək üçün əvvəlcə Aya bənzəyən peyk düşünək. Həmin peyk Saturna yaxınlaşır. Planetlərin peyklərə tətbiq etdiyi “tidal force” (qüvvət, güc) var. Bu güc peyk yaxınlaşdıqca artır və peyk hər iki tərəfindən dartılırmış kimi uzanır. Müəyyən bir nöqtəyə çatanda peyki saxlayan daxili qüvvələrlə planetin gücü bərabərləşir. Həmin nöqtədən sonra peyk bir az da yaxınlaşsa, planetin qravitasiya qüvvəsi tərəfindən hissələrə bölünür. Yaranan hissələr halqaları təşkil edən cisimlər kimi planetin ətrafında fırlanmağa başlayır.

Planetlə peyk arasındakı məsafəyə Roche Limiti deyilir. 1847-ci ildə fransız alim Edouard Roche tərəfindən riyazi olaraq hesablanıb və təsdiqlənib.

Belə bir sual çıxır ortaya: məhdudiyyət varsa, dünyaya geri qayıdan kosmik gəmilər Roche limitini keçsə, parçalanmazdı? Xeyr, parçalanmaz. Çünki kosmik cihazlar böyük peyklər kimi öz qravitasiya sahəsi olmayan cisimlərdir. Kosmik cihazlar elektromaqnit qüvvələr tərəfindən bir arada saxlanılır və planetin qravitasiya sahəsi bu qüvvəni keçib cihazı parçalaya bilməz.

Dünyadan görünməyən halqalar

İndi gələk dünyadan baxanda görmədiyimiz halqalara. Bildiyimiz kimi Günəş sistemindəki ilk dörd planet (Merkuri, Venera, Dünya və Mars) kontinental planetlər adlandırılır və struktur olaraq bir-birinə bənzəyirlər. Son dörd planet Yupiter, Saturn, Uran və Neptun isə Jovian planetlərdir. Onlar da bir-birinə bənzəyir. Məsələn, onların əksəriyyəti qazlardan ibarətdir. Amma nəyə görə Saturnun ətrafındakı halqalardan digər Jovian planetlərdə yoxdur? Ya da doğrudanmı yoxdur?

Dünyadan baxanda bəzi halqaları nadir hallarda görmək olur. Lakin bu günə kimi həmin planetlərə tərəf səyahət edən Voyager 1, Cassini, Pioneer 11 və Voyager 2 adlı kosmik cihazlar Yerdən görünməyən və kəşf edilməyən halqaları bizə göstəriblər. Yəni Yupiter, Uran və Neptunda da halqalar mövcuddur.

NASA-nın ard-arda göndərdiyi Voyager 1 və 2 Yupiterin yanından keçərkən Yer kürəsindən görünməyən Yupiter halqasını kəşf edib. Bu üzük çox rəngsizdir və planetin ekvatorial xəttində yerləşir. Qaya və toz kimi hissəciklərdən ibarətdir. Meteoridlərlə Yupiterin peyklərinin toqquşmasından yarandığı düşünülür.

Uranın üzüklərindən bəziləri 1977-ci ildə kəşf edilib. Bir əsrdə bir neçə dəfə reallaşan ulduz qeybi (stellar occultation) hadisəsi zamanı Uran parlaq bir ulduzun qarşısından keçib və ulduzun işığı azaldığı üçün Uranın 9 halqasını görmək mümkün olub. Voyager 2 kosmik cihazı sonradan əlavə iki halqanı da aşkar edib. Saturn ilə müqayisədə Uranın üzükləri çox nazik, solğundur və aralarındakı məsafə daha çoxdur.

Neptun isə 5 qara halqa ilə əhatə olunub. Dünyadan baxanda bu halqaları görmək mümkün deyil. Sadəcə, hissə-hissə ox fırmasında görmək olur. Bu üzüklərin daha gənc olduğu düşünülür.

Saturnun halqalarını görmək istəyirsinizsə, lazım olan tək şey görütünü 25 dəfə böyüdən teleskopdur. Daha yaxşı görmək üçün diametri 7,5-10 sm olan və 50 dəfə böyüdə bilən teleskopdan istifadə edə bilərsiniz. Xüsusilə buludsuz yay gecələrində Saturn və Yupiter kimi planetlər göydə parıldayan ulduzlara bənzəyirlər.

Nərgiz Nənə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR