Play Store

"Ömürlərinin sonuna qədər köpdən əziyyət çəkirlər" - Tarixi şəxsiyyətlərə sataşanlara ETİRAZ

Bəzən sosial şəbəkələrdə, mediada xalqın hörmətini qazanmış, cəmiyyətdə müəyyən rol oynayan insanlara qarşı hörmətsizliyə yol verilir. Bu təbii ki, xalqın ziyalı şəxsləri, vətəndaşlar tərəfindən birmənalı qarşılanmır.

Bununla bağlı məşhur şair, tərcüməçi Səlim Babullaoğlu Metbuat.az-a bildirib ki, illərlə öz əməlləri, yaradıcılıqları ilə xalqın hörmətini qazanan dəyərli insanlara bilərəkdən ya bilməyərəkdən təhqiramiz ifadələr işlədənləri, hörmətsizlik edənləri qınayıram.

Tanınmış telejurnalist Eldəniz Vəliyev isə məsələyə belə münasibət bildirib:

"Birmənalı olaraq pisdir. Xüsusilə, həmin sözləri deyənlər ortaya heç bir iş qoymayanlardır. İnsanın özünün bir dəyəri olmalıdır ki, dəyərə qiymət verə bilsin. Cəmiyyətə heç bir xeyir vermədən başından böyük danışmaq yolverilməzdir."

Yazıçı-publisist, aparıcı İlham Tumas isə "Sosial şəbəkələrdə belə yazılara rast gəlirəm. Mən artıq qərara gəlmişəm ki, həmin insanları blok edim. Belə yazılarla qarşılaşdığım zaman əgər hörmət başa düşən insandırsa, bir neçə dəfə məsləhət verirəm, fikrimi bildirirəm. Başa düşmürsə, həmin insanı blok edirəm. Əvvəllər düşünürdüm ki, belə insanları ictimai qınağa məruz qoymaq lazımdır, ancaq bu halda onlar özlərini diqqətə layiq insan kimi hiss edirlər. Ən yaxşısı blok etməkdir"-deyib.

“Publika.az” saytının redaktoru Bəxtiyar Əlirzayev isə "tarixi şəxsiyyətlər toxunulmazdır" deyənlərlə heç cür razılaşa bilmədiyini bildirib.

"Toxunulmaz kimsə yoxdur. Ömrünü xalqa həsr etmiş insanların bütləşdirilməsi onlara qarşı ədalətsizlikdir. Əminəm ki, bu düşüncəsiz bütləşdirilmə ilə onlar özləri də qətiyyən razılaşmazdılar. Hər halda böyük əksəri razılaşmazdı. Normal insan özünə suallar verməyi bacarandır. Bu suallar isə təkcə insanın özü ilə bağlı olmur. Həm də ətrafında, dünyada baş verənlərlə bağlıdır. Şübhələnməli, araşdırmalısan ki, təsdiqini də tapa biləsən. Bu həm inanc sisteminə, həm də elmə aiddir. Bu baxımdan tarixi şəxsiyyətlərin fəaliyyəti, yaradıcılığı ilə tanış olduqca da insanda bəzi suallar yaranır. Bəzən onların razılaşmadığın fikirlərinə, əməllərinə rast gəlirsən. Hətta, indiki dövrdə həmin fikirlərin cəmiyyət üçün ziyanlı olduğuna əmin olursan. Məsələn, mən bir ədəbiyyatçı, bir vətəndaş kimi Səməd Vurğunun yaradıcılığının böyük qismini indiki halda ziyanlı hesab edirəm. Dərsliklərdə geniş şəkildə tədris olunmasının əleyhinəyəm. Adam Hüseyn Cavidi, Əhməd Cavadı, Rəsulzadəni və neçə-neçə digər şəxsiyyətlərimizi düşmən adlandırıb. Adam lap xəcalət çəkir. Amma yenə də bütün bunlar o demək deyil ki, mən Səməd Vurğunu söyə, Babəkə, Şah İsmayıla istədiyim formada qara yaxa bilərəm. Özü də fikir vermişəm, tarixi şəxsiyyətlərə alçaldıcı formada yanaşanlar elə adamları seçirlər ki, onların arxasında güclü biri yoxdur və bütün bunlar indi baş vermir. 90-cı illərdən hələ qəzetlərdə kimlər tez məşhurlaşmaq istəyirdilərsə, bu mövzuları çeynəyirdilər. İndiki ağzızayların müzakirə etdikləri, yeni bir şeymiş kimi ortaya atdıqları mövzular o vaxt çeynənib atılmış saqqızlardır. Sadəcə həmin materialların çoxu internet məkanında yoxdu deyə, gənc oxuculara yeni mövzuymuş kimi asanlıqla sırıya bilirlər. 3 günə məşhurlaşırlar, sonra da ömürlərinin sonuna qədər köpdən əziyyət çəkirlər. Bir şey unudulur ki, irad bildirəndə alternativ qoymalısan. Tarixin qaranlıq çağlarında itib-batmış ziyalılarımızı, dövlət xadimlərimizi, yazarlarımızı, alimlərimizi üzə çıxartmağa çalışmalı, onlar haqqında oxumağa və yazmağa daha çox önəm verməlisən. Yoxsa, Səmədə söyüm, camaat də mənə söysün, bunu da saytlar yazsın, 2-3 verilişə çağırıb müzakirə etsinlər, məşhurlaşım. Bu, ən yaxşı halda dolamaqdı insanları. Yenə deyirəm, biz babalarımızın səhvlərini ört-basdır etməməli, əksinə, təhqirsiz formada, aşağılamadan onları olduğu kimi təqdim edib, gələcəyin tarixi şəxsiyyətinə çevriləcək indiki nəsli düzgün yola istiqamətləndirməliyik. Bunu edənlərin sayı çoxalsa, özünü "artistliyə" vuran gənc yazarlar ona-buna dil uzatmaq yerinə, başlarını kitabların arasına soxacaqlar."

Gənc şair Aqşin Evrən qeyd edir ki, nəinki xalqın dəyərlərini, heç dəyərsizlərini belə təhqir etmək olmaz. "Amma onları tənqid etmək mütləqdir. Tarixi şəxsiyyətlər haqqında əsaslı tənqidi fikirlər səsləndirən adamlara meydan vermək lazımdır. Çünki ola bilər ki, hansısa şəxsiyyət bizə yanlış təqdim edilib və ya onu yanlış tanımışıq. Məsələn, davamlı debatlardan sonra vaxtında bizə qəhrəman kimi təqdim olunanların, iç üzü, böyük yanlışları üzə çıxdı. Və ya bu gün bizə "vətən xaini" kimi təqdim olunanlar var ki, ciddi araşdırma aparılsa, görərik ki, həmin şəxslər Azərbaycan üçün mühüm işlər görüblər. Amma insan şəxsiyyəti haqqında ehtimallar üzərindən danışmaq olmaz. Yəni "mən bu yazıçıdan yaxşı yazıram, o, yaltağın yekəsidir" kimi əsassız fikirlər səsləndirmək mahiyyətsizdir, boşdur."

Radio aparıcısı, yazar Cavid Osmanov məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib:

"Kimsə hansısa tarixi şəxsiyyəti təhqir edirsə, nə qədər paradoksal olsa da, onun buna haqqı var. İstənilən şəxs istənilən dahi şəxs haqqında öz subyektiv fikrini söyləyə bilər. Bu demokratik qaydadır. Ancaq problem onu hansı formada-təhqir, tənqid yaxud əsaslı, əsassız olaraq etməkdədir. Onu deyə bilərəm ki, əlbəttə təhqir yaxşı deyil, amma bu onun hüququdur."

Gənc yazıçı Ayxan Ayvaz qeyd edib ki, bu məsələ ilə bağlı təhqir heç vaxt qəbulolunmazdır.

"Ancaq hansısa şəxsiyyəti, xalqın dəyərli hesab etdikləri adamları üzə çıxarmalıyıq. Onları müsbət və mənfi tərəfləri ilə bütöv şəxsiyyət kimi qiymətləndirməliyik. Təbii ki, bunlar etik çərçivə daxilində olmalıdır. Təhqir yolverilməzdir, ancaq tənqid olmalıdır."


Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR