Play Store

"Qonaq gedəndə ürəyimi tualetə rahat boşaltmaq istəyirəm" - Onlar danışdı

Zaman-zaman rayonlardan Bakıya gəlib, burda yaşayan insanlar müxtəlif şəxslər tərəfindən sosial şəbəkələrdə, hətta bəzi media qurumlarında dərc edilən köşələrdə təhqir edilir, aşağılanırlar. Bu məsələ yenə gündəmə gəlib.

Metbuat.az bununla bağlı bəzi fikir adamlarımızdan münasibət öyrənib:

Tanınmış jurnalist, teleaparıcı İlham Tumas bunun yanlış düşüncə olduğunu bildirib:

“Vallah, hesab eləmirəm ki, Lalə Babayevanın dediklərinə bu qədər geniş reaksiya vermək lazım idi. Təbii ki, yanlış düşüncədi... Şəhərli, kəndli məsələsi yoxdu, var mədəni insan, bir də mədəniyyətsiz insan. Belələrinə şəhərdə doğulanlar arasında da, kənddə doğulanlar arasında da rast gəlinir. Sadəcə, son vaxtlar çoxları feysbukun nə qədər geniş auditoriyaya malik olduğunu, elə bil unutduqlaırından belə fikirlər paylaşırlar. Düşünürəm faciə baş verməyib, cavan qızdı, deyib, sonra da üzr istəyib, yazıqdı, qoy yaşasın.”

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Bakının mərkəzində doğulub, böyüyüb, yaşayan kəndçilərin də olduğunu bildirib:

“Kəndçi-şəhərli bölgüsü yoxdur, şəhər mədəniyyətini əxz edə bilmiş və bilməmiş adamlar var. Bu, vacib məqamdır. Ünvan baxımından şəhərdə yaşayan, amma şəhər mədəniyyətinin daşıyıcısı olmayan kifayət qədər insan mövcuddur. Əksi də doğrudur: Fiziki olaraq rayonda, kənddə yaşayan, amma şəhər mədəniyyətinin daşıyıcı olan nə qədər desəniz, insan da var. Məsələyə belə yanaşmaq lazımdır. Sırf şəhərdə doğulması, böyüməsi, yaşaması bir insanı mədəniyyət baxımından şəhərli etmədiyi kimi, kənd qeydiyyatı da hələ kiminsə kəndçi olmağı demək deyil. Bakının düz mərkəzində doğulub, böyüyüb, yaşayan o qədər kəndçi var ki!”

Şair-publisist Aqşin Yenisey bu problemin bütün şəhərlərdə olduğunu deyib:

"Hindistanda hər il kənddən gələnlərin gecəqondularını buldozerlərlə uçururlar. Burada təhqiramiz heç nə yoxdur. Mən özüm də universitetə qəbul olunana qədər kəndimizdən qırağa çıxmamışdım. Və hər dəfə ucuz idi deyə tətildən Bakıya qayıdanda şor-pendir, dovğa dolu zənbillə metroya enirdim. Bu hal şəhər həyatının bir parçasıdır. Heç bir kənddən gələn bunu özünə təhqir kimi götürüməməlidir. Mən də şəhər həyatını sevmirəm, qonaq gedəndə ürəyimi tualetə rahat boşaltmaq istəyirəm, amma məcburam evimizə qayıdana kimi səbr edim. Bəlkə də, bizi səbrli xalq olmağa şəhər evlərindəki tualetlər öyrədib. Təhqir odur ki, kəndli olduğunu boynuna almayasan, Kant demiş, "özündənşey" düzəldəsən. Bütün xalqların genetik enerjisi, milli şüuru kənddən gəlir. Kəndlilər olmasaydı, Azərbaycan mədəniyyəti deyə bir şey olmazdı".

Teleaparıcı Aynur Vəliqızı isə bildrib ki, həmin şəxsin fikirlərini yanlış ifadə etdiyini düşünür:

"İnanmaq istəyirəm ki, o, artıq bu yanlış fikrinə görə peşmandı. Çünki hər birimizin kökü kəndə gedib çıxır. "Bakılıyam" deyənlərin belə kökü Bakı kəndlərinə söykənir. Bununla fəxr etmək lazımdır. Nə yaxşı ki, kökümüz var, kəndimiz var. Pisdisə, niyə yayı-qışı kəndə qaçırıq? Kənddəki insanların səmimiliyi, istiliyi, saflığı danılmazdır. Onların zəhməti, əziyyəti qarşısında necə onlara yuxarıdan aşağı baxmaq olar? Bizim kəndlərimizdən o qədər dahilərimiz, ziyalılarımız, generallarımız çıxıb. Həm də ümumiyyətlə, vətənimizi zonalara bölmək düzgün deyil. Niyə metronu məhz kəndlilər çirkləndirir? Bahalı maşınlarından yola zibil atan şəhərlilər azdımı? Biz belə yanaşmalıyıq ki, Vətənimizin hər bir insanı gözəldir. Pis azərbaycanlı yoxdur! Bunu hər kəs belə bilməli, belə təbliğ etməlidir".

Yazar-publisist Cəlil Cavanşir bildirib ki, "şəhərli-kəndli", "bakılı-rayonlu" polemikası süni yaradılan və heç bir sosial-ictimai, mədəni əsası olmayan polemikadır:

"Çünki, Azərbaycan mədəni və sosial baxımdan böyük bir kənddir. Əgər bu polemikaya rəvac verən insanlar anlasalar ki, "şəhərli-kəndli" söhbəti etmək üçün bizim coğrafiyamız uğurlu məkan deyil, sözsüz ki, susarlar. Bakını meqapolis, şəhər hesab edənlər zəhmət olmasa, şəhərin mərkəzindən 1-2 kilometr ətrafa da nəzər salsınlar. Şəhər özlüyündə böyük mədəniyyət, sənaye mərkəzi olmalıdır. Bakı isə sadəcə və sadəcə iş mərkəzidir. Rayon və kəndlərdən Bakıya üz tutanların əksəriyyəti işsizlikdən bu yolu seçir. Şəxsən mən bu cür polemikanı izləyəndə qeyri-ixtiyarı gülməyim gəlir. Hamımız kəndliyik, elat, oba camaatıyıq. Təfəkkür baxımından "şəhərli-kəndli" polemikası da uyğunsuzdur. Çünki, özünü anadangəlmə şəhərli hesab edənlər nadir hallarda şəhər mədəniyyətinə uyğun həyat yaşayır.. Ola bilsin tikintidə fəhlə işləməyi özlərinə sığışdırmırlar, amma opera salonlarında da görünmürlər. Bir sözlə, Azərbaycanı bir kənd kimi, elat kimi, aul kimi sevməyin tərəfdarıyam. Şəhər mədəniyyətindən danışmaq üçün, hələ çox tezdir".

Tahirə Əlirzayeva/ Metbuat.az

Öldürülən süpürgəçi qadın kimin anası idi? - BAXIŞ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR