Play Store

"Sosial şəbəkələrdə xeyli sayda mənasız insanlar məşhurlaşıb" - Fikirlər

Son illər yaradıcılıqla məşğul olan gənclər imzalarını deyil, sosial şəbəkələr üzərindən adlarını, soyadlarını tanıtmağa çalışırlar. Baxırsan ki, biri sosial şəbəkədə olduqca məşhurdu, 5 min dostu, 10 min izləyicisi var. Bir satusuna 500-600 adam reaksiya verir. Ancaq yeni çıxan kitabının imza gününə 20 nəfər gəlmir. Onların da çoxu real həyatdakı dost-tanışları olur.

Metbuat.az bütün bunlara cavab tapmaq üçün yaradıcı insanlarla əlaqə saxlayıb:

Tanınmış jurnalist, teleaparıcı İlham Tumas səbəbi yazarların səmimi olmamağında, ciddi mətn yazmamaqlarında, eyni materialları təkrar-təkrar yazmalarında görür.

Yazar-publisist Aqşin Yenisey sosial şəbəkələşmənin Azərbaycan ədəbiyyatında müəllif dilini, müəllif mövzularını öldürdüyünü bildirib.

“Sosial şəbəklər istənilən vətəndaşı günlük informasiya daşıyıcısına çevirib. Sizin dediyiniz məsələnin ziyansız tərəfidir, yəni, şəxsi məsələdir. Ziyanlı olan odur ki, sosial şəbəkələşmə Azərbaycan ədəbiyyatında müəllif dilini, müəllif mövzularını öldürüb. Gənc yazıçı və şairlərimiz günlük media mövzularını, mediativ dilləri ədəbiyyata gətirirlər. Müvəqqəti populyarlıq gələcəyin xatrələrini yox edir. Azərbaycan ədəbi dili sovet ədəbi çərçivəsindən çıxıb media darısqallığına düşüb. Bugünkü Azərbaycan yazıçısının dili ilə heç bir ciddi mövzunu əsərə çevirmək olmaz və heç bir gənc də çevirə bilmir. Çünki günlük mövzu günlük sözlər tələb edir, onların da sayı 100-200 kəlmədir. 100-200 kəlmədən istifadə etdikləri üçün bu gün hamının yazdığı bir-birinə oxşayır.”

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, belə adamlar bizim virtual dostlarımızın arasındadırlar, statusları xoşumuza gələndə bəyənirik, bəzən münasibət bildiririk, amma onların heç birinin “yazar” kimi fəaliyyəti nə mənə, nə də başqalarına lazım deyil.

“Biz əvvəllər kitabı oxuyub, sonra maraqlanardıq ki, görəsən, bunu kim yazıb? İndi isə əvvəlcə “yazarı” tanıyırıq, sonra maraqlanırıq ki, görəsən bu, nə yazıb? İndi “yazar” – feysbukda status yazmadan başqa heç bir ciddi işlə məşğul olmayan gənclərin yekə görünmək üçün özlərinə yapışdırdıqları statusdur. Onlar ancaq adlarını “raskrutka” edirlər, yalnız addan ibarətdirlər, həmin adın arxasında isə heç nə dayanmayıb. Məsələn, mən feysbukdan tanıyıram ki, Akif Ulucay adında gənc oğlan var, özünü “yazar” kimi təqdim edir, yenə də feysbukdan bilirəm ki, Ayselin ayaqları haqqında şeir yazıb. Oxşar fikri məsələn, Akif Eminqueyin haqqında deyə bilərəm. Yaxud, Elşad Baratın. Bu adamlar bizim virtual dostlarımızın arasındadırlar, statusları xoşumuza gələndə bəyənirik, bəzən münasibət bildiririk, amma onların heç birinin “yazar” kimi fəaliyyəti nə mənə, nə də başqalarına lazım deyil axı. Onlar özləri-özlərinə bu adı qoyublar, bizim də mübahisə etməyə həvəsimiz yoxdur. Ümumiyyətlə, yazar olmaq nə deməkdir? Bütün normal ölkələrdə bu, biznesdir, əgər sən bazarda varsansa, kitabların satılırsa, yazar fəaliyyətin sənə gəlir gətirirsə, deməli, bəli, həqiqətən də yazarsan. Yazar – tiraj deməkdir. Yazar - Den Braundur, Stiven Kinqdir, Çingiz Abdullayevdir, Aqşindir, Salamdır – bunların hamısını birləşdirən odur ki, yazdıqlarının kommersiya dəyəri də var. Əgər kiminsə yazdıqlarının kommersiya dəyəri yoxdursa, insanlar onu almaq üçün pul ödəmək istəmirlərsə, deməli, mənasız işlə məşğuldur. Çox cüzi istisnalar ola bilər, amma ümumən vəziyyət bu cürdür.”

Yazar-publisist Cəlil Cavanşir bildirib ki, sosial şəbəkələrdə məşhurluq istedad və ya keyfiyyət göstəricisidir.

“Yaradıcılıqla məşğul olan şəxslərin sosial şəbəkələrdə aktiv olması, özlərini təqdim etməyə, tanıtmağa çalışması normaldır. Sosial şəbəkələrdə məşhurluq istedad və ya keyfiyyət göstəricisidir. Uzun illərin müşahidəsindən bilirəm ki, sosial şəbəkələrdə xeyli sayda mənasız insanlar məşhurlaşıb. Buna təsadüf də, zamanın tələbi də demək olar. Qaldı ki, kitab təqdimatlarına, bu, sırf məşhurluqla, tanınmaqla bağlı məsələ deyil. Bunun çox fərqli, dərin sosial-mədəni-ictimai səbəbləri var. Sosial şəbəkələrdə tanınmaq, məşhurlaşmaq fərdi çəkilən əziyyətin, sosial şəbəkələrin verdiyi imkanın nəticəsidir. Kitab təqdimatlarına gələn oxucuların azlığı isə başqa problemdir. Qəribədir ki, kitab oxuyanların sayı, təqdimatlara, imza günlərinə qatılanların sayından çoxdur. Amma kitab oxuyan təbəqənin təqdimatlara qatılmağa vaxtı və zamanı yoxdur. Eyni zamanda nəşriyyatlar və müəlliflər PR kampaniyasında uğurlu ola bilmirlər. Bir sözlə, sosial şəbəkələrdəki məşhurluq başqadır, yazıçı, şair kimi tanınmaq başqa.”

Yazar-publisist Mirmehdi Ağaoğlu günahı cəmiyətimizdə maariflənmənin olmamasında görür.

“Bütün bunların bircə səbəbi var ki, bizim cəmiyyətdə kitab, ədəbiyyat, sənət təbliğ olunmur. Təəssüf ki, azərbaycanlılar kitab oxumurlar, biz kitab oxuyan xalq deyilik. Sovet dövründəki qondarma statistikaları kənara qoyub birdəfəlik bununla barışmalıyıq. Əgər bizim xalq kitab oxuyan olsaydı, gənc yazarların, heç gənc yazarları demirəm, müstəqillik dövründə yetişmiş neçə-neçə yazarın imzaları bütün ölkədə tanınar, kitablıarı oxunardı. Xalqımızın da kitab oxumamamağının müxtəlif səbəbləri var. Bu haqda bəlkə minlərlə yazı yazılıb, ancaq problem o qədər də bəsit deyil. Burda xalqın sosial vəziyyəti ilə yanaşı kültürəl səviyyəsi də rol oynayır.”

Yazar-publisist Aqşin Evrən səbəbi ədəbi mühitin saxta olmasında görür.

“Tanınmış rus rejissoru Vitali Manski Şimali Koreyaya səfəri ilə bağlı verdiyi müsahibədə demişdi: "Müşayiətçilərin gözündən yayınmağa imkan tapanda binanın yanına gəldim - qəribədir, binaya girişi yox idi. Bununla belə axşamlar binanın pəncərələrində işıqlar yanırdı. Ancaq diqqətlə baxanda hamısında lampaların eyni olduğunu gördüm. Güman ki, hansısa sistem qurulmuşdu- axşamlar ümumi mənbədən işıq verilir və binada həyat olduğu təəssüratı yaradılırdı. Hərçənd orda heç kim yaşamırdı və bir dənə də girişi yox idi. Orda hər şey saxtaydı". İndi bizdə yaradılmış ədəbi mühit də saxta mənzərədir: işıqlar var, amma heç kim o işığın altında yaşamır. Çünki işıqların olduğu otaqların, binaların qapıları yoxdur."

Rəqsanə qızı ilə baş həkimin qalmaqalı haqda:"Basıb gözünü çıxarmalıdır" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR