Play Store

​“Adi bir qəzet elanı ilə işə düzəldim” - Dilarə Zamanovayla MÜSAHİBƏ / VİDEO+FOTOLAR

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Budəfəki müsahibimiz "AtaHolding" ASC-nin Koperativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanovadır.

Metbuat.az Dilarə Zamanovayla olan müsahibəni təqdim edir:

- İstərdik ki, oxucularımız sizi yaxından tanısınlar...

- 2013-cü ildən bəri "AtaHolding"də çalışıram. Bakı şəhərində ingilis təmayüllü 225 nömrəli məktəbi bitirmişəm. Məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimi fakültəsinə daxil olmuşam. Universiteti qırmızı diplomla bitirmişəm.

- Necə bir ailədə böyümüsünüz?

- Ziyalı ailəsində anadan olmuşam. Atam Azərbaycan Dillər Universitetində fəlsəfə müəllimi işləyib. Anam Leninqrad Dövlət Universitetinin Tarix fakültəsini bitirib. O zaman Bakıda Lenin muzeyi vardı. Həmin muzeydə böyük elmi işçi vəzifəsində çalışıb.

- Orta məktəb illərinizi necə xatırlayırsınız?

- Çox gözəl məktəbimiz, nümunəvi sinfimiz, savadlı müəllimlərimiz vardı. Həmin illərdə məktəbin ictimai həyatında çox yaxşı iştirak etmişəm. O vaxt pioner qəzeti vardı. Həmin qəzetin redaktor müavini olmuşam. Məktəb vaxtı rəsm müsabiqəsində iştirak etmişəm. Bu müsabiqədə birinci yeri tutmuşam. Həmçinin, şeir müsabiqəsinə qatılmışam, ümumiyyətlə çox fəal şagird olmuşam.

- Ali məktəbə ixtisas seçimində valideynlərinizin təkidi olub?

- İngilis təmayüllü məktəbdə oxuduğum üçün ingilis dili mənim sevimli fənnim idi. Ona görə, universitet ixtisamı özüm seçmişəm.

- Universitet illərinizdən danışaq. Necə tələbə olmusunuz?

- Universitetin axşam fakültəsində təhsil almışam. Ona görə, universitetin ictimai həyatında iştirak edə bilməmişəm. Universitet illəri deyəndə imtahanlara hazırlaşmağım, dərslər yadımda qalıb. Həmin illərdə səhər 9-dan axşam 6-ya qədər işləyir, axşam 7-dən 10-a kimi isə dərsdə olurdum.

- Universiteti bitirdikdən sonra hansı işlərdə fəaliyyət göstərdiniz və indiki işinizə necə dəvət aldınız?

- Universiteti bitirdikdən sonra ərəb-ingilis dil təmayüllü gimnaziyada ingilis dili müəllimi vəzifəsində çalışmışam. 1994-cü ilin sentyabrın 2-də ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra Azərbaycanda neft bumu başladı. Ölkəmizdə çoxlu sayda xarici neft şirkətləri fəaliyyətə başladı. O zaman qarşıma məqsəd qoydum ki, bu xarici şirkətlərdə çalışım. Öz inglis dilimi təkmilləşdirməyə başladım. Həmin vaxt işlə bağlı qəzetdəki elanlara baxırdım. O vaxt “Zerkalo” qəzeti nəşr olunurdu. Bir dəfə bu qəzetdə Böyük Britaniyanın Azərbaycandakı səfirliyində vakansiya ilə bağlı elan gördüm və CV-mi səfirliyə göndərdim. Səfirlik məni müsabiqəyə dəvət etdi. Burada yazılı və şifahi imtahandan keçdim. Sonda iki namizəd qalmışdı. Amma onlar məni yox, digər namizədi seçdilər. Bildirdilər ki, məni işlə təmin edəcəklər. Elə də oldu. Qısa müddətdən sonra mənə Britaniyanın Yaxın Şərq Bankından (HSBC bank) zəng gəldi. Onlar məni işə dəvət etdilər. Orada işlədiyim zaman Azərbaycan İqtisad Universitetinin Maliyyə-Kredit fakültəsində ikinci təhsilimi aldım. Çox gözəl kollektivdə 6 il fəaliyyət göstərdim. Bank bağlandıqdan sonra CV-mi “AtaHolding”ə göndərdim və işə qəbul olundum.

- CV ilə işə qəbul olmaq şansı o qədər də yüksək olmur. Bu gün əksər şirkətlər gələn CV-lərə heç cavab belə vermir. Sizcə, bunun səbəbi nədir?

- Bununla heç razı deyiləm. CV-mi göndərdiyimə görə mənə çox iş təklifi gəlirdi, tez-tez müsahibələrə dəvət alırdım. Bəlkə, o dövrdə ingilis dili bilən ixtisasçılar az idi. Məni ingilis dilini bildiyim üçün hər yerə dəvət edirdilər. Bunu şans kimi qiymətləndirmirəm. Çünki o vaxt iş üçün CV göndərən tanışlarıma da müsbət cavablar gəlirdi. İnanıram ki, bu gün də öz CV-mi hansısa bir şirkətə göndərsəm, müsahibəyə dəvət edəcəklər. Bunun üçün hər bir insan öz ixtisasını yaxşı bilməlidir. Tələbələr bəzən universitet illərində dərslərə, xüsusilə də xarici dilə məsuliyyətlə yanaşmırlar, öyrənmirlər. Sonra da deyirlər ki, iş yoxdur. Bu gün universiteti bitirən kimi çox yaxşı yerlərdə işləyən tələbələr tanıyıram. İndiki zamanda gənc kadrlara önəm verilir. Bütün şirkətlər gənc kadrları işə götürür. Gənclərə tövsiyə edərdim ki, öz şanslarını itirməsinlər.

- İşləyən xanımların çox vaxt mətbəxlə arası olmur. Sizin necə?

- Sözün düzü, mətbəxlə aram yoxdur. “AtaHolding”də işlədiyim müddətdə, həmçinin 10 il Dillər Universitetində ingilis dili müəllimi işləmişəm, işdən çıxıb dərslərə getmişəm. Bu səbəblə vaxtım az olub. Mətbəxə daxil olub, nə isə hazırlmaq istədiyim zaman az vaxt aparan yemək hazırlamağı düşünmüşəm. Ona görə, mətbəxi sevmirəm.

- Əksər xanım seriallara baxmağı sevir. Bəs, siz necə, vaxt edib serialları izləyirsinizmi?

- Seriallara baxmağı sevmirəm. Lakin bioqrafik və sənədli filmləri çox xoşlayıram.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiz?

- Boş vaxtlarımda PR ilə bağlı məqalələr oxuyuram, yazıram. İdmanla məşğul oluram. Əlavə olaraq, Azərbaycan və Rus Dram Teatrlarında olan bütün tamaşalara baxıram. Film təqdimatları, qala gecələrində iştirak edirəm. İctimai tədbirlərdə oluram.

- Özünüzü bəyənirsiz?

- Bəli, bəyənirəm. Özümə güvənirəm.

- Moda ilə aranız necədir? Yenilikləri izləyə bilirsinizmi?

- Moda işimizin bir hissəsidir. “Excelsior Hotel Baku”nun təşkilatçılığı ilə tez-tez moda ilə bağlı tədbirlər keçirilir. Bu tədbirlərin təşkili və mətbuatda işıqlandırılmasında fəal iştirak edirəm. Həmin tədbirlərdə tanınmış modelyerlər iştirak edirlər. Onlar son işlər, dəblə bağlı məlumat verirlər. Modasevərlər bu tədbirlərdə iştirak edirlər. Ona görə, moda işimin bir hissəsi olub.

- Hərdən vicdansızlıq etdiyinizi düşündüyünüz məqamlar olubmu?

- Yox, heç vaxt.

- Özünüzə nə qədər güvənirsiz?

- İnsan özünə güvənməsə, heç bir uğur əldə edə bilməz. Hansısa bir iş görüşməsinə gedən zaman işə qəbul edən şəxs sizin özünüzə güvəndiyinizi düşünməlidir. Çünki qarşı tərəf özünüzə güvənmədiyinizi bilsə, işi sizə əmanət etməz. İnsan daim öz üzərində işləyəndə, oxuyanda özgüvən yaranır.

- Mətbuat katiblərilə münasibətiniz necədir? Ən çox bəyəndiyiniz mətbuat katibləri kimlərdir?

- Mətbuat katibləri lə münasibətim çox yaxşıdır. Onlarla tez-tez tədbirlərdə görüşürük, dəyirmi masalar keçiririk. Fəal, işini yaxşı bilən mətbuat katibləri çoxdur. “Cinema Plus” kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin Həsənova, “Veysəloğlu” Şirkətlər Qrupunun mətbuat katibi İlham Məmmədzadə, “Azərsun Holding”in mətbuat katibi Afiq Səfərov, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və başqalarının adını çəkmək olar. Bundan başqa, “Express Bank”, “Paşa Bank”, “UniBank” və digər şirkətlərin mətbuat katiblərinin işini yüksək dəyərləndirirəm. Çox fəaldırlar, mətbuatda onların fəaliyyət göstərdikləri şirkətlə bağlı daim məlumat olur. Şirkətlərdə mətbuat katiblərinin vəzifələri müxtəlif gedir. Onlar çox vaxt hansısa bir şöbənin rəhbəri olub, eyni zamanda mətbuat işlərini həyata keçirirlər.

- “AtaHolding”də daxili kommunikasiya ilə bağlı hansı tədbirlər keçirilir?

- Bizim şirkətin daxili kommunikasiya planı var. Həmin plana uyğun olaraq tədbirlər keçirilir. Artıq 5 ildir ki, Respublika Günü ilə bağlı hər il “Kim, harada, necə?” oyununu keçiririk. Həmin oyunda bizim şirkətə daxil olan komandalar oynayır. Bu, çox maraqlı tədbirdir. Bundan əlavə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan mini futbol yarışı keçirilir. Yarışda komandalarımız iştirak edir. Bu yarışlar başlayıb, hazırda da davam edir.

- Mediada sizi nələr qıcıqlandırır?

- Mediada məni heç nə qıcıqlandırmır. Əksinə, media nümayəndələrinə daim təşəkkürümü bildirirəm. Bizim məlumatlarımızı agentliklərində işıqlandırırlar. Biz daim tədbilər keçirir, həmin media nümayəndələrini ora dəvət edirik.

- Qadının işləməsi sizcə, vacibdir?

- Düşünürəm ki, vacibdir. Vacib o deyil ki, ağır işlərdə işləsinlər. Bir yerdən başlamaq lazımdır. Müəllimə, bağça müəllimi, ən azından kiçik də olsa bir işdə çalışmaq lazımdır. Çünki bu, həm dünyagörüşünə xidmət edir, həm onların təkmilləşməsində rol oynayır və onları heç kimdən asılı vəziyyətə salmır. Bu gün məktəbdə müəllim işləyirsə, sabah universitetdə müəllim işləyə bilər. İşləmək, kariyera qurmaq lazımdır.

- Arzuladığınız nöqtədəsiniz, yoxsa hədəfləriniz var?

- Hədəflərim çoxdur. Bu hədəflərə də çatmağa çalışıram.

- Azərbaycanda PR işinin inkişafı ilə bağlı hansı təkliflər verərdiniz?

- Azərbaycanda PR işi ilə məşğul olan güclü mütəxəssislər var. İstərdim ki, PR işi ilə bağlı televiziyalarda verilişlər olsun və həmin mütəxəssislər o verilişlərə dəvət olunsunlar. Hər bir şirkətin uğurlu fəaliyyətində PR-ın əhəmiyyəti böyükdür. Ona görə, bu sahədə maarifləndirməyə böyük ehtiyac var. Çünki hər hansı bir şirkət, agentlik yarandıqdan sonra özü haqqında heç bir məlumat vermir. Sonra da deyir ki, heç bir müştərisi yoxdur. Uğurlu fəaliyyət göstərmək üçün ilk növbədə fəaliyyət haqqında ictimaiyyətə məlumat vermək lazımdır. Ən azından hamı bilməlidir ki, Azərbaycanda bu şirkət fəaliyyət göstərir. Bu şirkətlərin vəzifəli şəxsləri tez-tez mətbuatda, televiziya və radiolarda çıxış etməlidirlər. İnsanlar bu şirkəti tanımalıdırlar. İstərdim ki, PR mütəxəssisləri, mətbuat katiblərinin çoxlu məqalələri çıxsın. Azərbaycanda PR jurnalı olsun, mətbuat katibləri həmin jurnalda məqalələrini dərc etsinlər. Bu jurnal vasitəsilə Azərbaycanda fəaliyyət göstərən mətbuat katibləri və PR mütəxəssisləri ilə yaxından tanış ola bilərik.

- Sonda oxucularımıza nə demək istərdiz?

- Metbuat.az saytının kollektivinə təşəkkürümü bildirirəm. Çox şadam ki, Metbuat.az saytında mətbuat katibləri ilə görüş rubrikası yaratmısınız. Bu, çox maraqlı rubrikadır. Layihə vasitəsilə mətbuat katiblərini yaxından tanıyırıq. Bu işlərdə sizə uğurlar arzulayıram.

Xəyalə Məmmədova

Foto və video: Sərvan Şəldiyev


"Etiraz olaraq qalstukları yandırdıq" - Tural Müseyibovla MÜSAHİBƏ –TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI