Play Store

​Murad Əzimzadə: “Ekrandan baxılıb, söyülmək mənim üçün problem deyil” - ÖZƏL MÜSAHİBƏ

Metbuat.az-ın budəfəki müsahibi teleaparıcı Murad Əzimzadədir.

- Əvvəllər sosial məzmunlu veriliş aparırdınız, sizinlə müsahibəyə hazırlaşanda gördüm ki, həmin ərəfədə ətrafınızda şou əhli olmadığını demisiniz. İndisə sosial şəbəkədə şou əhli ilə fotolarınızı xüsusi paylaşırsınız.

- Yox. Sadəcə verilişimdə qonaq olan şou nümayəndələri və gündəmdə olan, tanınan insanlarla şəklimi paylaşıram. Ona görə ki, verilişimin qonağıdırlar. Bu sferada Murad Dadaşov, Hacı Nuran, eləcə də bəzi başqa həmkarlarım var ki, onlara dərin hörmət bəsləyirəm. Həmçinin bəzi xalq və əməkdar artistlərimizlə də xətir-hörmətimiz var. Onlarla şəkil çəkdirəndə paylaşıram. Ancaq xüsusi olaraq hər zaman şou-biznes aləmi ilə bağlı şəkil paylaşdığımı düşünmürəm.

- Yuxarıdakı sualı bir az başqa cür verim. Sosial şəbədəki hesablarınıza göz gəzdirəndə görürsən ki, əvvəllər yaradıcı insanlarla bağlı daha çox paylaşımlar etmisiniz. Öz şeirlərinizi paylaşmısnız. Son bir ildə isə sanki özünüzü şou adamı kimi aparırsınız. Bu da sizi tanıyanlarda qıcıq yaradır.

- Yox, razı deyiləm. Heç bir tərəfdə deyiləm. Hərəkətlərim hər kəsdə müsbət aura yaratsaydı, qeyri-səmimi olardı. Hərəkətlər hərədə bir reaksiya yaradarsa, bu, normal olar. İnsan öz ruhuna görə hərəkət edir. Yaradıcı insanlarla əlaqəm var. Ancaq bir qədər uzaqlaşdım. Düşünürəm ki, o aurada olub yaradıcı qalmaq, boğazdan yuxarı və pafoslu olardı. İnsanın özü-özünü tanıması üçün gərək çevrəsi məhdud ola.

- Əvvəl sıx-sıx mütaliəli təbəqəyə ünvanlanmış fikirlər paylaşmısnız. Buna görə də, haqqınızda intelektual aparıcı obrazı yaranmışdı. İndi artıq yoxdur. Bəs bunun səbəbi nədir?

- Sadəcə düşünürəm ki, bu gün Azərbaycan üçün Feysbuk dönəmi bitib. Bu sosial şəbəkə əvvəlki qədər maraqlı deyil, əvvəlki qədər insanları təəccübləndirmir. Ona görə də Feysbukda aktivliyimi bir qədər azaltmışam. Əvvəllər çox paylaşırdım. Sonra baxdım ki, Feysbuk yazmaq aclığımı doldurur. Yəni, yaradıcılıq həvəsim itir. Buna görə də düşünürəm ki, artıq sosial şəbəkələrdən nisbətən uzaqlaşım və yazdıqlarımı kitab şəklində dərc etdirim.

- Fikirinizdə tutduğunuz kitabı hansı səpkidə yazmaq istəyirsiniz?

- Təbii ki, bu nə qədər rahat səslənsə də, bir o qədər çətin prossesdir. Bu sözün altında istər mənəvi, istər fiziki, istər zehni ağırlıq var. Açığı roman filan yazmağı düşünmürəm. Heç vaxt kitab yazmayan insanın durub “roman yazacam” deməsi gülünc səslənər. Kiçik memuarlar, esselər, hekayələrlə öz təssüratlarımı bölüşəcəm. Adı nə olur, olsun. Yəni, öz düşündüklərimi yazaraq başlamaq istəyirəm.

- İndi gənc yazarların kitablarını ancaq ətrafındakılar alır.

- Bəli. Düşünürəm ki, bu gün gənc yazar olmaq trenddir. ...Və çox pis trenddir. Çünki bacara bilən, bilməyən hər kəs özünə gənc yazar, gənc şair deyir. Bu, çətin və məsuliyyətli bir prosesdir. İnsanlar qarşısında öhdəliyin olur. Səni bir-iki nəfər də olsa, izləyən varsa, deməli bir öhdəliyin də var. Elə etməlisən ki, “yazar” adına layiq olasan. Bütün bunlara görə də mən bu ada qıcıqlanıram. Özümdən asılı deyil. “Yazar” adını götürmədən də nələrsə yazmaq olar. Mən nə gənc şairəm, nə də ki, gənc yazar, ancaq şerlərim də, hekayələrim də var. Kitabın satılması məsələsinə gəlincə isə düşünürəm ki, bu, ədəbi aləmdə tanınmayan insanlar üçün problemdi. Onların kitablarını ətrafındakılar alır. Mənim televiziya aparıcısı, aktyor kimi azdan-çoxdan izləyici təbəqəm var. Heç olmasa bir 10-15 min insan fəaliyyətimi izləyir. Sağ olsunlar, hamısından çox razıyam. Buna görə də məncə, kitabımın satılmağında problem yaranmayacaq.

- Oxucularımız fərqli üslubu, dəsti-xətti olan müəllif axtarırlar. Çünki indi əksər yazarlarımız digərlərini təkrarlamaqla məşğuldular.

- Bəlkə də. Heç kəs inciməsin, indi yazılarda Salam Sarvan, Aqşin Yenisey, Vaqif Bayatılı Odər, Ramiz Rövşən, Musa Yaqub dəsti-xətti var. Yəni, özlərini onlara oxşadırlar.

- Bəs sizin yazılarınızda kimləri görmək olar?

- Düzdü, təsirləndiyim yazarlar var. Bu, Nazim Hikmət, Salam Sarvan, Ramiz Rövşən ola bilər. Sən istəsən də, istəməsən də kimdən təsirlənirsənsə, ona də bənzəyəcəksən. Bənzədikcə də özün ola bilmirsən. Özün olduqca bəzən yazmamaq lazımdır, hətta oxumamaq lazımdır. Bəzən qapanmaq lazımdır.

- Bəs elə bir yazar varmı, onu heç xoşlamırsınız?

- Gənc yazarlardan demək olar ki, 80%-ni oxumamışam. Qıcıq oluram. Ancaq Aqşin Evrəni, Qismət Rüstəmovu bəyənirəm. Kəramət Böyükçöl də istedadlıdı, amma yeri gəldi-gəlmədi dozası çox olan tənqidlər edir. Fikir, söz azadlığı desək, haqqı var. Ancaq düşünsək ki, ədəbiyyat adamının kimisə o dərəcə tənqid etməyi yaxşı deyil, məsələnin mahiyyəti dəyişir. Kəraməti çox istəyirəm, istəməzdim o cür reklam olunsun. Onun hamının tənqid etdiyi şeirini bəyənirəm. O vaxt Elgizin verilişində dediyi şeiri. Özünə də demişdim. Ancaq onu da deyim ki, gənc yazarların bu cür anti-reklamla reklam olunma tərzini qəbul etmirəm. Məsələn, Nazim Hikmətin elə tərəfləri var ki, mənə qaranlıq qalır. Həmişə də onu tənqid edirəm. Ancaq bunu ictimayət qarşısında etmirəm. Nazim Hikmət, yaxud Səməd Vurğun sevilən insanlardı. Sən onu nə qədər düz olub tənqid etsən də, xalq səni tənqid edəcək, qınayacaq. Məsələ budur ki, xalq sənin ardınca getməyəcək.

- Əvvəllər çoxlu kitabınızın olması ilə öyünürdünüz. Deyəsən, kitablar artıq sizə maraqlı deyil.

- İndi kitablarım əvvəlkindən daha çoxdur. Sadəcə şəkillərini çəkib, paylaşmıram.

- Niyə?

- Çünki, bizdə kitab trend oldu. Biri var, ictimai yerdə kitabı qucağında tutanlar, biri də var evində oxuyanlar. Əvvəl təqdir edirdim ki, təki hamı əlində kitab gəzdirsin. Sonra baxdım ki, bu da bir uçurumdu. Əlində kitab tutmaq hələ kitab oxumaq deyil.

- Hansı istiqamətdə daha çox mütaliə edirsiniz?

- Klassik rus ədəbiyyatını çox sevirəm. Həmişə düşünmüşəm ki, rus ədəbiyyatı dünya ədəbiyyatından çıxarılsa, ədəbiyyat sahəsi boş qalar. Ancaq onu deyim ki, bugünki iş rejimimə görə əvvəlki qədər oxuya bilmirəm. Həm də serial çəkilişləri vaxtımı çox alır.

- Seriallara çəkilən aparıcılar çox adamda qıcıq yaradırlar. Nə gərək var idi ki, seriala çəkildiniz? Hələ bu azmış kimi mənfi obrazı canlandırırsınız.

- Yəqin ki, qıcıq yaradanlar öz obrazlarının öhdəsindən gələ bilmirlər. Yəni öz missiyalarını həyata keçirə bimirlər. Deməli, onlarda alınmır. Xalq onları yalnız aparıcı kimi görmək istəyir. O ki qaldı mənə, təklif gəldi, razılaşdım. Çünki mən işimə həm də kommersiya tərəfdən yanaşmalıyam. Çünki bu tərəf olmasaydı, mən ac qalardım, işsiz olardım və gəlib burda müsahibə verə bilməzdim. Bunu düşündüyüm üçün sosial həyatım, yaşayışım, karyeram yerindədir. Mənfi obrazı canlandırmaq isə sözün düzü, məni qorxudurdu. Axı heç vaxt mənfi bir obrazım olmayıb... İstər apardığım verilişlər, istər dediyim sözlər həmişə kütlə tərəfindən qəbul olunub. Düzdü, tənqidlər də olub. Mənfi obrazda ona görə oynamaq istədim ki, məni “bu yaxşı oğlandır” sifətindən çıxarsınlar. Görsünlər ki, pis də ola bilirəm. Həm də mənfi obraz daha çox tanınır. Mənfi obraz insanlar tərəfindən daha çox yeyilir. Biz o dördkünc çərçivənin içindəyiksə, hər şeyə hazır olmalıyıq. Ekrandan baxılıb, söyülmək mənim üçün problem deyil.

- Məlik Dadaşov da mənfi obrazlar ifaçısı idi... Sizcə, yaratdığınız obraz necə qarşılandı?

- Mənim gördüyüm iş Məlik Dadaşovun işinin yanında zərrə də deyil. Ancaq düşünürəm ki, bu serial anlayışı çərçivəsində bizim işimiz alındı. Alınmasaydı, obraz yarıda kəsilərdi.

- Bu obrazdan sonra insanlar arasında hansı reaksiya ilə qarşılaşdınız?

- 2009-cu ildən peşəkar televiziyadayam. Bu illər ərzində sosial, ədəbi, ictimai motivli verilişlər aparmışam. 10 ilə yaxın vaxt edir... Heç bu qədər tanınmamışdım. 8 aylıq çəkilişdən sonra insanların münasibəti məni təəccübləndirdi. Serialdan sonra partlayış oldu sanki.

- Ola bilərmi ki, gələcəkdə sırf aktyorluqla məşğul olasınız, aparıcılığı atasınız?

- Yox, qətiyyən. Aparıcılığı atmaq kimi fikirim yoxdur. Çünki hədəflərim böyükdür. Və istəmirəm ki, televiziyalarımız, telelayihələrimiz seriallara, mənasız proqramlara uduzsun.

- 10 ilə yaxın dediniz... Niyə gündəmə gələ bilmədiniz?

- Çünki mən gündəmdə olan aparıcıların etdiklərin etmirəm.

- Nə əcəb?

- Çünki mənim tutduğum yola ziddir. Elə şeylər var ki, onları etmək olmaz. Öz xarakterini qoruyub, bu yolda addımlamaq çox çətindir. Hökm deyil ki, bu gün gündəmdə olan aparıcıların etdiklərini edəsən. Şərt odur ki, insanlar sənin fikrilərinin arxasınca getsin.

- İş burasındadır ki, indi tolk-şou formatlı və əvvəlki verilişlərinizə bənzər yeni layihələrdə də görünmürsünüz...

- Düşünürəm ki, o formatda hələ mənə ehtiyac yoxdur.

- Bəs harda var?

- Mən tolk-şou, canlı efir aparıcısıyam. Gələcəkdə böyük bir realiti-şou etmək istəyirəm. Və media ilə bağlı gündəlik tolk-şou. Məncə, hələlik məqamı deyil.

-Sanki sizə tolk-şou tipli verilişlərdənsə, xəbər aparıcılığı daha çox uyğun gəlir...

- Türkiyədə yayımlanan “Kanal D” televiziyasında Mehmed Əli Birant var idi. Onun kimi xəbər aparıcısı olmaq istəyərəm. Bizim “Xəbər sizsiniz” də o formatdaydı, sadəcə tolk-şou versiyada. Çox güman ki, bu istəyimi 30 yaşdan sonra gerçəkləşdirməyə çalışacam.

- Əvvəllər aparıcısı olduğunuz verilişlərə daha çox istinad olunurdu. İndi əlaqələriniz genişlənsə də, əvvəlki aktuallığı itirmisiniz. Bunu necə izah edərdiniz?

- İstinad formatdan asılıdır. İnsanlar tərəfindən qınaq olurdu deyə, səhifələr də görüntüləri kəsib paylaşırdı. O gündəmə hesablanmış veriliş idi. İndi isə proqram daha çox mədəniyyətə hesablanıb.

- Kinorejissorluğu bitirmisiniz. Müsabələrinizin birində də kino çəkəcəyinizi demisiniz. Çəkdinizmi?

- Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsini bitirmişəm. Rəhmətlik Tofiq İsmayılov və Yalçın Əfəndiyevin kursunda təhsil almışam. Kino sahəsində isə heç vaxt fəaliyyətim olmayıb. Hə, demişəm ki, ölməmişdən əvvəl bir film çəkmək istəyərəm (Gülür). Ən azından öz diplomuma sadiqliyimi nümayiş etdirmək üçün.

- Bu istəyinizi gerçəkləşdirmək üçün şərait yaransa, hansı janrı seçərdiniz?

- Təbii ki, komediya çəkə bilmərəm. 5 dəqiqəlik qısametrajlı film ola bilər. Hər halda fərqli bir şey olar məncə.

- Yeni ailə həyatı qurmusunuz. Xoşbəxt olun! Subaylıqla evlilik arasında hansı fərqlər var?

- Xarakterini tanımaq, dərk etmək baxımından evlilikdən daha çox ailə önəmlidir. İnsan var evlidir, ancaq ailə ola bilmir. Bir yerdə yaşayırlar, danışa bilmirlər, ünsiyyət qura bilmirlər. Bu sadəcə kağız üzərində olan evlilikdir. Hər zaman ailəni seçirəm və həmişə də tərəfdarı olmuşam. Heç bir iş, yaradıcılıq, məşhurluq ailədən ağır deyil. Gördüyüm bütün işlər ailəm üçündür.

- İş və maddiyat xətrinə hansı rollara çəkilməzsiniz və hansı verilişlərdə aparıcılıq etməzsiniz?

- Film sahəsində birmənalı olaraq istənilən rola çəkilərəm. Ancaq efirdə aparıcı kimi yalan danışa bimərəm, tamaşaçını aldada bilmərəm.

- Gənc həmkarlarınızı izləyirsinizmi?

- Bəzi məşhur adamlar hərdən deyirlər ki, yerli heç nə izləmirlər. Elə adamlara qıcıq oluram. Bizim olan hər şeyə diqqət edirəm, həmçinin bütün aparıcıları da tanıyıram və izləyirəm. Kim deyir ki, baxmıram, izləmirəm, gözünün içinə kimi yalan danışır. Sadəcə istəyərdim ki, daha yaxşı, daha düşündürücü, fərqli layihələr etsinlər. Çox təəssüf ki, yaşıdlarımın əksəriyyətinin intellektual səviyyəsi çox aşağıdır. Demək olar ki, gündə bir dəfə xəbər oxumurlar. Ancaq pul qazanmağı düşünürlər. Bu pisdi, çox pisdi. İstəyərdim ki, əcnəbi kanallara daha çox baxsınlar. Daha çox fərqli şeylər etməyə çalışsınlar.

- Gələcəkdə özünüzü hansı səviyyədə görürsünüz?

- O səviyyəni mən özüm təyin edə bilmərəm ki... Onu zaman təyin edəcək. Bilmirəm mən zamanı qabaqlayanlardanam, yoxsa gecikənlərdən... Ancaq istəyərdim ki, televiziyada çalışanlara örnək olacaq bir adam olum. İstəyərəm mənə hansısa bir ixtiyar verilsin ki, gəncləri yönləndirə bilim. Demirəm çox bilirəm. Bildiklərimi məndən sonra gələnlər üçün aşılayım. Özümü gələcəkdə, televiziyada xəbər formatında etimad olunan yerdə görürəm.

- 2009-dan bəri televiziyadasınız. Maraqlıdır, gördüyünüz işlər özünüzü qane edirmi?

- Təbii ki, yox. İllər sürətlə keçir. Daha çox işlər görə bilərdim.

- Günahı kimdədir?

- Özümdə də, zamanda da, çevrəmdə də ola bilər.

Tahirə Əlirzayeva \\ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR