Play Store

Yazarlar nə qədər qazanır? - "Boş və mənasız yazıların qonorarı ilə dolanıram"

Dünyada kitab satışından kifayət qədər yüksək məbləğdə pul qazananlar var. Təəssüf ki, ölkəmizdə vəziyyət başqa cürdür. Kitab satışı çox aşağı səviyyədə olduğundan yazarlar nəinki pul qazanır, hətta kitab nəşri üçün pul xərcləyirlər. Belə olan halda bir sual ortaya çıxır:

Bizim yazarlarımız dolanışıqlarını necə təmin edirlər və nə qədər maaş alırlar?

Metbuat.az sizə yazarlarımızın bu ağrılı mövzu ilə bağlı rəylərini təqdim edir:

Şair-publisist Murad Köhnəqala maddi durumla bağlı kitablarını satışa çıxara bilməməsindən və işsizlikdən gileylənir:

“Üç kitab müəllifiyəm. Maddi durumumun ürəkaçan olmadığından onları çap etdirərkən geniş oxucu kütləsi üçün nəzərdə tutmamışam. Yaxın adamlarımın maddi dəstəyi ilə çap elətdirdiyim 300-500 nüsxədən ibarət kitablarımı özüm şəxsən dost-tanışa hədiyyə eləmişəm. Yəni, kitablarım, demək olar ki, heç vaxt satışda olmayıb. Hazırda Bakıda kirayə evdə yaşayıram, üç aydır ki, işsizəm”.

Şair-publisist Aqşin Yenisey yaxın 50 ildə kitab sənayesində maraqlı heç bir irəliləyiş olmayacağını vurğuladı:

“Biz hətta birdən-birə kitab oxuyan xalqların cərgəsinə qoşulsaq belə yazıçımız kitab satışından özünə yetəcək qədər pul qazana bilməz. Çünki sayımız azdır. Cənubi Azərbaycanla birlikdə bəlkə nəyəsə nail olmaq olar. Ya da gərək bizim yazıçı, şair də televiziyalarımız kimi kütlə quluna çevrilsin, kütləvi zövq və təlabata işləsin. Bu da ədəbiyyat olmayacaq. İndiki halda ən uyğun yol Türkiyə, yaxud Rusiya bazarına yol tapmaqdır, buna görə isə ölkədə oxumuş, intelektual layihələr hesabına varlanmış milli burjuaziya olmalıdır. O da eşitdiyimə görə bizdə yeni-yeni yaranır, camaat imkan versə. Yəni yaxın 50 il üçün kitab sənayesində maraqlı heç bir irəliləyiş olmayacaq. Ona görə özünə hörmət edən yaradıcı adamlar ən azı 100 il sonranın əsərlərini yazmalıdır bu gün. Şəxsi qazancıma gəldikdə, ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi olmayan işlərlə məşğulam, boş və mənasız yazıların qonorarı ilə dolanıram. Çörəyim "ədəbi zəncilikdən" çıxır.”

Şair-publisist Səlim Babullaoğlu da kitab satışı ilə dolanmadığını söylədi:

“Açığı deyim ki, mən kitab satışı ilə dolanmıram. 1-2 dəfə imza günü keçirirəm, kitablarımın əksər hissəsi satılır. Şair var ilə 3 min kitab satır. Ancaq şair də var ilə 500 kitabı 5 manatdan satır, 2500 manat qazanır. Bunun da yarısı kitabın nəşrinin puludur. Qalır 1200 manat. Şair il ərzində bu pula necə yaşasın? İndi internet əsridir deyə, kitab oxuyan yoxdur. Kitab satışı inkişaf etməlidir. Bu, təkcə Bakıda yox, rayonlarda da təşkil olunmalıdır. Müvafiq sturkturlar işi elə qurmaldıırlar ki, hər bir yazarın heç olmasa, ilə min kitabı satılsın. Mən daha çox redaktələrin, layihələrin hesabına yaşayıram. İndi kitab satmaqla yaşamaq olmaz".

Şair-publisist Aqşin Evrən bildirdi ki, kitab satışının aşağı səviyyədə olmasının tək səbəbi aiddiyyatı qurumların bu sahəyə lazımi diqqəti göstərməməsidir.

Şair-publisist Cəlil Cavanşir isə söylədi ki, aylıq gəliri sadəcə gündəlik qayğılara kifayət edir:

“Yazdığı kitablara görə yüksək qonarar alan yazıçıların sayı o qədər də çox deyil. Sadəcə bestseller müəllifləri yüksək qonarar alır. Azərbaycanda da kitab satışında pul qazanan yazıçılar var. Amma böyük əksəriyyət təbii ki, başqa işlərdə çalışmağa məcburdur. Əksəriyyət jurnalistika ilə məşğul olur, saytlarda və nəşriyyatlarda redaktorluq edir, tərcümə ilə məşğul olur. Mən 3-cü ildir ki, Azərbaycan respublikası Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik Evində çalışıram. Eyni zamanda redaktor və tərcüməçi kimi nəşriyyatlarla işləyirəm, hərdən köşə yazıları yazıram. Qazancım sadəcə gündəlik qayğılara kifayət edir. Vəziyyətimdən şikayətçi deyiləm. Kitablarımın satışından pul qazanmıram və kitablarımın çapına pul xərcləmirəm. Artıq 6 aydır ki, aktiv yaradıcılıqla məşğul ola bilmirəm. Mövcud şərtlərdə hələ uzun zaman yaradıcılıqla məşğul ola bilməyəcəm. Sonra nə olacaq, bilmirəm.”

Tahirə Əlirzayeva/ Metbuat.az

Kanal himni yayımlamaq üçün ödəniş istədi - VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR