"Jurnalistlərə meydan vermək lazımdır ki, özlərini göstərsinlər" – Bəhruz Quliyevlə müsahibə/ FOTOLAR

Metbuat.az-da yeni layihəyə başlayırıq. “Medianın üzü” adlı yeni layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.

Layihəmizin ilk qonağı “Səs” Media Holdinqin rəhbəri, alim, KİV-ə Dövlət Dəstəyi Fondunun müşahidəçilər şurasının üzvü, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü olan Bəhruz Quliyevdir. Bəhruz müəllimlə həm həyatı, həm də karyerası ilə bağlı səmimi müsahibəmiz oldu.

- Bəhruz müəllim, sizin haqqınızda məlumatlara baxanda həyatınızla bağlı müsahibələrinizə rast gəlmədim. Bu səbəbdən istəyərdim sizi yaxından tanımaq üçün uşaqlıq dövrünüzdən başlayaq

- Mənim maraqlı uşaqlığım olub. Şahbuz rayonunun Qarababa kəndində anadan olmuşam. İndi isə Şahbuz rayonuna şəhər statusu verildiyi üçün, kənd də bura birləşib. Uşaqlığım orada keçib, orta məktəbi VII sinfə qədər orada oxumuşam. VII sinifdən isə təhsilimi Ordubad şəhər internat məktəbində davam etdirmişəm. Atam ziyalı adam idi, müəllim idi, anam isə bağça müəlliməsi. VII sinfi bitirəndə müstəqil yaşamağa qərar verdim. Özümü dərk edəndən sonra atama müraciət etdim ki, icazə ver gedib internatda oxuyum. Düzdür, onlar üçün çətin idi təbii ki, balaca uşağını başqa bir yerə oxumağa göndərsin. Ailədə 5 uşağıq, 3 qardaş, 2 bacı. Hamımız da onda orta məktəbdə oxuyurduq. Sözün əsl mənasında yaşayışımız ağır idi, müəllim maaşı ilə 5 uşağı böyütmək o dövr üçün çətin idi. Ona görə özüm təşəbbüs göstərdim getməyə, atam narazı olsa da, amma sonda icazə verdi.

Beləliklə, təhsilimi Ordubadda internat məktəbində davam elədim. O internatın profili elə idi ki, orada sırf valideynini itirən uşaqlar idi. Ona görə orada oxumaq mənim üçün bir az çətin oldu. Valideyn himayəsindən məhrum olmuş uşaqlarla oxuyurduq, bu ona görə çətin idi ki, onları gördükcə özüm vicdan əzabı çəkirdim. Balaca vaxtından onların həyatı artıq mənim üçün maraqlı olmuşdu ki, bu uşaqlar niyə ora atılıb, niyə orada oxuyur? Orada atası-anası olan cəmi 3-4 nəfər var idi, onlardan da biri mən idim. Valideynlərim hər dəfə yanıma gəlib-gedəndə özüm əziyyət çəkirdim, uşaqlar baxırdılar, onların da nəvazişə ehtiyacı var idi. Eşitmişdim ki, Bakıda 1 saylı Fizika-Riyaziyyat təmayüllü internat məktəbi var. VIII sinfi bitirəndən sonra atamdan xahiş elədim ki, orada oxumağıma icazə versin. Atam etiraz eləmədi, çünki bilirdi ki, dedimsə, ardınca gedəcəyəm. O vaxt həmin internat məktəbi universitetin nəzdində idi, ora daxil oldum.

Bu məktəb Bakıda bir nömrəli məktəb sayılırdı. Təsəvvür edin məktəbi bitirəndə 35 şagirdin hamısı universitetə girdi. Ora da internat məktəbi idi, amma orada oxuyanlar ölkənin elitası idi. Məktəbi bitirəndən sonra İnşaat və Mühəndislər Universitetinə (İndiki Memarlıq və İnşaat Universiteti) daxil oldum.

- 20 yanvar günü anadan olmusuz və 1990-cı ilin yanvar hadisəsi günü Bakıda olmusuz...

- Bəli, 1973-cü il 20 yanvarda anadan olmuşam. 1990-cı ilin 20 yanvar günü qara xatirə kimi yaddaşımda qalıb. Həmin il 19 yanvar günü uşaqlar ad günümü keçirmək üçün təşəbbüs göstərmişdilər. O dövrdə restoranlar belə kütləvi şəkildə yayılmamışdı ki, harada istəsən qeyd edəsən. Heç bizim də restorana gedəcək imkanımız yox idi. Uşaqlarımız pul yığmışdı ki, ad günümü qeyd edək. O vaxtlar 1988-ci ildən başlayan meydan hərəkatına biz də qoşulmuşduq. Mən onda hələ orta məktəb şagirdi idim, amma buna baxmayaraq, tələbə hərəkatında yaxından iştirak etmişəm. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həmin hadisə baş verdi. Hadisələr Elmlər Akademiyası metrosu ətrafında da baş verirdi.

Soyuq qış gecəsi idi. Həmin gecə biz uşaqlarla birlikdə “Salyanski Kazarma”ya (İndiki Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi) gəldik. Çox soyuq idi, geri gəldik ki, paltarımızı dəyişək. İnternat məktəbdə qalırdıq, məktəbə çatanda artıq gördük ki, hadisə baş verib. Silahsız, əliyalın insanların üstünə ağır texnikalarla hücum edirdilər. Ona görə bizi məktəbdən çölə buraxmadılar. Səhər oyananda artıq ad günü ab-havasından əsər-əlamət qalmamışdı. Onda hamının valideynləri gəlib uşaqlarını evə apardı. Ona görə də 20 yanvar günü hər zaman acı xatirə kimi yadımda qaldı.

- Sonra universitetə daxil oldunuz, ancaq yarımçıq saxladınız, əsgərliyə getdiniz...

- Universitetin qiyabi şöbəsinə daxil oldum ki, həm oxuyum, həm də işləyim. 1992-ci ildə təhsilimi saxladım və ərizə yazıb könüllü şəkildə Naxçıvanda həqiqi hərbi xidmətə getdim. Sərhəd Qoşunlarının ilk əsgərlərindən biri olmuşam. Naxçıvanda Sərhəd Qoşunlarının ruslardan alınması prosesində iştirak etmişəm. O dövrdə Qarabağda rayonlarımız ard-arda işğal olunurdu. Ona görə fikirləşirdim ki, gedib müharibədə vuruşacağam, amma tale elə gətirdi ki, Sərhəd Qoşunlarına düşdüm. Dediyim kimi, Sərhəd Qoşunlarını ruslardan aldıq, o dövrdə çox çətinliklərimiz var idi. Onda hələ Sərhəd Qoşunları tam formalaşmamışdı deyə bizim əsgər kimi öhdəçiliyimiz daha çox idi. Sərhədlər qorunmalı idi, ən uzağı 4 saat yuxu yata bilərdik. Əsgərliyə gedəndə cəmi 20 gün öyrənmə müddətim oldu. Ondan sonra avtomatı əlimə götürdüm və düz 5 il avtomat çiyinlərimdə oldu.

- Niyə 5 il?

- Mən əsgər gedəndə avqust ayı idi. 1996-cı ilin noyabrında Azərbaycan Respublikasında əsgərlərin buraxılmasilə bağlı ilk sərəncam oldu. Həmin dövrə qədər elə sərəncam olmamışdı. Bizim yaş dövründə olan əsgərlərin hamısı 4 il, 4 il 6 ay, 5 il əsgərlik çəkmişdi. Hətta rus ordusunda 2 il xidmət edib gələn əsgərlər var idi, gəlmişdilər ki, Azərbaycandan hərbi bilet alsın. Gəlib yenidən öz ordumuzda da xidmət keçdilər, ümumilikdə 6-7 xidmət keçmiş oldular. Onda sözün əsl mənasında kişi kimi xidmət elədik. Yeri gələndə döyüşdük, yeri gələndə ölkəmizin sərhədlərini xarici təxribatçılardan qorumaq naminə gecə-gündüz çalışdıq. 5 il xidmət etdiyim üçün müharibə veteranıyam.

- Əsgərlikdən gəldikdən sonra birbaşa qəzetdə işə başladınızmı?

- Bəli, sonrakı dövrlərdə “Səs” qəzetində işə başladım. 1997-ci ilin yanvarından “Səs” qəzetilə əməkdaşlıq etməyə başladım. O dövrdə “Səs” qəzeti artıq peşəkar qəzet kimi çox sevilirdi. Bildiyiniz kimi, bu qəzet 1991-ci ildə, yəni, müstəqillik qazanmamışdan bir neçə ay əvvəl, yanvarın 11-dən fəaliyyətə başlayıb. O dövrlərdə “Səs” qəzeti 30-35 min tirajla çap olunurdu və əllərdə satılıb qurtarırdı. Mən bura gələndə artıq bu qəzetin kifayət qədər nüfuzu var idi. “Səs” qəzeti ulu öndərin qəzetidir. Bu qəzet haqqında yaxşı məlumatım var idi, böyük qardaşım Rasim Quliyev burada çalışırdı, müxbir idi. İndi o, Bakı şəhər İcra Hakimiyyətində aparatın rəhbəridir. Mən bir az yumoristik stildə, xüsusilə felyeton yazmağa üstünlük verirdim. Dahi mütəfəkkirlərimizin satirik janrda yazdığı ənənəni davam etdirmək istədim. Mənim də xarakterimdə satirik janr üstünlük təşkil edirdi, ona görə bu qəzetdə bir müddət felyetonlar yazdım.

Mənim inkişafım “Səs” qəzetində olub, bu qəzetdə böyümüşəm, özümü dərk eləmişəm. 1997-ci ildən öz doğmam kimi, ailəm kimi bura bağlanmışam. Burada müxtəlif vəzifələrdə çalışmışam, məsul katibin müavini, məsul katib, baş redaktorun müavini olmuşam. 2005-ci ildən bu günə qədər, 13 ildir ki, “Səs” qəzetinin baş redaktoruyam. Qəzeti inkişaf etdirmək, müasir dövrün, qlobal dünyanın çağırışlarına cavab vermək məqsədilə 2008-ci ilin prezident seçkiləri ərəfəsində “Səs” informasiya agentliyini yaratdım. Hiss etdim ki, geniş oxucu kütləsinə real, obyektiv informasiyanın verilməsinə əlavə zərurət var. Ona görə də bu informasiya agentliyini yaratdıq. Bizim kollektivlə informasiya agentliyimiz artıq böyük bir yol keçib. Avqust ayında informasiya agentliyimizin 10 illiyini qeyd edəcəyik.

Yarandığı dövrdən bu günə qədər “Səs” informasiya agentliyi geniş oxucu auditoriyasını özündə cəmləyə bilib. 2001-ci ildə “Səs” qəzetinin 20 illik yubileyində istədik oxuculara müasir dünyanın tələblərinə uyğun olan yeni resursumuzu təqdim edək. Düşündük ki, görüntülü xəbər resursumuzu yaradaq. Azərbaycanda ilk olaraq internet üzərindən yayımlanan onlayn televiziyanın ideya müəllifi mən olmuşam. Beləliklə, onlayn televiziyamızı yaratdıq və 24 saat internet üzərindən canlı yayımlanır. “Səs TV”-nin əməkdaşları gündəlik tədbirləri, ictimai-siyasi həyatda baş verən hadisələri işıqlandırırlar, video görüntüsünü yayımlayırlar. Qeyd edim ki, 2010-cu ildə dövlət tərəfindən “Tərəqqi” medalına layiq görülmüşəm. Qəzetimizin 20 illiyi dövründə cənab prezident xüsusi olaraq öz imzası ilə bizə təbrik məktubu yazıb. Yubileyimiz günü də bir neçə əməkdaşımız dövlət mükafatlarına layiq görülüblər. Bu gün də mətbuat ənənəsini davam etdiririk.

- Sizin haqqınızda məlumatda qeyd edilib ki, Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra Dövlət İdarəçilik Akademiyasında da təhsil almısız. Amma dediniz təhsilinizi yarımçıq saxlayıb əsgər getmişdiniz, sonra davam etdirdiniz?

- Çox maraqlı sualdır, bunu sizə açıqlayım. Əsgərlikdən gələndən sonra 1997-ci ildə universitetə bərpa oluna bilməzdim, çünki təhsil ilinin ortası idi. Ona görə məcbur olub 1998-ci ildə universitetə bərpa olundum. Onda artıq universitetimizin adı dəyişərək Memarlıq və İnşaat Universiteti olmuşdu. 2002-ci ildə universiteti bitirdim və 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına ikinci ali təhsil kimi qəbul olundum. Özüm riyaziyyatçıyam, ancaq açığını deyim ki, texniki elmlərdən daha çox poeziyaya, şairliyə üstünlük verirəm. Bu sahədə çalışmağı sevirəm.

Ona görə elmlər namizədliyində fəlsəfədən iş götürdüm, dissertasiya mövzum, öz işimlə, yəni, Azərbaycan mətbuatı ilə bağlıdır - Modernləşmə siyasəti dövründə Azərbaycan jurnalistikası, sosial fəlsəfi təhlil. Bu mövzuda iş götürdüm və çox uğurla başa çatdırdım, artıq müdafiə də etmişəm. İndi doktorluq işi götürmüşəm, onun da çox maraqlı mövzusu var – Azərbaycan siyasi jurnalistika institutunun formalaşması prosesi, sosial fəlsəfi baxış. Bu işim Azərbaycanda yenidir. Bildiyiniz kimi, bir tərəf, yəni Qərb, siyasi jurnalistika anlayışını qəbul eləmir. Amma bildiyiniz kimi, elə siyasi jurnalistikanın formalaşması Qərbdə olub. Burada müəyyən araşdırmalara, konkret fikir ortaya qoymağa ehtiyac var. Ona görə də düşündüm ki, bu mövzu maraqlıdır, artıq başa çatdırmaq üzrəyəm. Xarici saytlarda da, Azərbaycanda da kütləvi elmi məqalələrim çap olunub.

- Maraqlıdır ki, illərdir jurnalistikadasız və iş yeriniz yalnız bura olub. Dediniz ki, siz burada çalışmağa başlayanda artıq qardaşınız burada işləyirdi. Ümumiyyətlə sizin özünüzdə jurnalistikaya maraq olub, yoxsa qardaşınız maraq yaradıb bu sahəyə?

- Qardaşım Rasim Quliyev jurnalistikaya bağlı adam olub və uzun illər müxtəlif qəzetlərdə fəaliyyət göstərib. Onun məsələlərə fundamental baxışı var, analitik təfəkkürü çox güclüdür. Qəzetçi ailəsində olduğum üçün qəzetçiliyə marağım həddindən artıq çox idi və özümü bu sahədə görürdüm. Baxmayaraq ki, riyaziyyatçıyam, inşaatçıyam, amma həyatımı jurnalistikayla bağlamışam və özümü burada tapmışam. Ona görə də bu sahədən ayrılmaq fikrim yoxdur. Belə bir söz var ki, daş düşdüyü yerdə ağır olar. Bura gələn jurnalistlərə ilk tövsiyəm bu olur ki, ciddi jurnalistika ilə məşğul olmaq istəyirsinizsə, bir yerdə çalışıb potensialını ortaya qoymalısan. Bu isə yəqin ki, baş redaktor tərəfindən zaman-zaman qiymətləndiriləcək.

Nəzərə alaq ki, indiki dövrdə dövlətin özünün jurnalistika ilə bağlı planları var, 2008-ci ildə mətbuatın inkişaf konsepsiyası qəbul olundu. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Jurnalist iş üçün müraciət edəndə ondan təcrübəsi olub-olmadığını soruşurlar. Ancaq jurnalistlərə meydan vermək lazımdır ki, özünü göstərsin. Hesab edin ki, bir jurnalist öz əmək haqqısı ilə illərlə çalışsa da, mənzil ala bilməz. Amma bizim kollektivdə faktiki olaraq dövlət tərəfindən 12 nəfərə yaxın jurnalist mənzilə layiq görülüb. Düşünürəm ki, hər kəs işlədiyi yerdə öz potensialını ortaya qurub, gələcəyini orada qurmalıdır.

- Bəhruz müəllim, jurnalistikada mövqe məsələsinə necə baxırsınız?

- Biz istəsək də, istəməsək də dünyada bu gün qəzetlər təsnifata bölünürlər. “Səs” qəzeti iqtidaryönümlü qəzetdir. “Səs” o qəzetdir ki, 1992-ci ildə ulu öndərə ilk dəfə ziyalıların müraciətini dərc edib. Bu, tarixi sənəddir. Həmin ilin oktyabrında ulu öndərin ziyalılara cavabı da məhz “Səs”də dərc olunub. Ona görə də “Səs” qəzeti mövqeyi olan, konkret desək, ulu öndərimizin qəzetidir. Bu ənənəni yaşatmaq mənim üçün bir şərəfdir. Burada çalışan jurnalistlər, jurnalist olmaqdan başqa, həm də əqidəsi olan vətəndaşlardır. Bəzən deyirlər ki, jurnalistin mövqeyi olmaz, siyasi baxışları sərbəst olmalıdır. Bununla razıyam, amma ikinci tərəfdən hər bir kəs vətəndaş olduğu kimi, eyni zamanda onun əqidəsi, mövqeyi də olmalıdır.

Bizim kollektivdə çalışan jurnalistlərin hər bir eyni zamanda vətən qarşısında öz borclarını dərk edən jurnalistlərdir. Bütün dövrlərdə jurnalistika çox ağır peşə olaraq qalır. Xüsusilə də siz xanımlar üçün jurnalistika peşəsi həqiqətən də çox ağırdır. Ulu öndər də hər zaman deyirdi ki, jurnalistika peşəsi ən şərəfli və ağır peşədir. Jurnalistlər, xüsusilə də xanım jurnalistlərimiz bu gün çiyinlərini o ağır yükün altına verib bu peşədə çalışa bilirsə, demək bu, böyük bir qəhrəmanlıqdır. Kollektivimizin üzvləri də burada təkcə jurnalist kimi yox, eyni zamanda əqidəli vətəndaş kimi xidmət göstərirlər. Artıq 1991-ci ildən bu yana, 27 ildir ki, burada əziyyət çəkən insanlar var. O insanlar qəzetimiz yaranan gündən burada çalışıblar, burada yaşlanıblar, öz əqidələri ilə çalışaraq, əziyyət çəkiblər, vicdanla işləyiblər. Onlar üçün də fəxrdir ki, həyatlarını “Səs” qəzetinə, dövlətçiliyə həsr ediblər. Hətta müxalifət belə “Səs” qəzetinin əməkdaşlarına hörmətlə yanaşır, ona görə ki, hər kəsin bir əqidəsi olmalıdır, bizim də əqidəmiz bəllidir.

Bildiyiniz kimi, “Səs” qəzeti ilk dəfə müxalifət qəzeti kimi yaranıb. 1991-ci ildə Yeni Azərbaycan Partiyası yox idi, ulu öndər Heydər Əliyev iqtidarda deyildi. “Səs” qəzeti müxalifət qəzeti kimi yaranıb, amma sağlam müxalifətçilik edib, dövlətçiliyə qarşı müxalif olmayıb, işini bilməyən iqtidara qarşı müxalifətçilik edib. Açıq arqumentlərlə, analitik yazılarla çıxış edib. Ona görə o dövrdə 30-35 min tirajla əl-əl alınırdı, tələbat yüksək idi. Qürur duyuram ki, ömrümün müəyyən bir hissəsini bura həsr etmişəm. Necə ki, müharibədə dövlətçilik üçün çalışmışam, həqiqi hərbi xidmətdə əsgər kimi xidmət etmişəm, indi də öz işimdə əsgər kimi xidmət edirəm. O hissi də həmişə keçirirəm ki, mən əsgərəm.

- Qəzetin jurnalistikada öz çəkisi, öz yeri olsa da, bu gün internet dövrüdür və insanlar məlumatı daha çox internetdən oxumağa üstünlük verir. Bu baxımdan “Səs” qəzetinin və ümumilikdə qəzetlərin gələcək taleyini necə görürsüz?

- Gəlin dünya praktikasına müraciət edək. Bilirsiz ki, dünya praktikasında “Vaşinqton Post”, Rusiyanın məşhur qəzetləri var ki, quruluşun dəyişməsindən asılı olmayaraq illərdir onlar yaşayırlar, çap olunurlar. Sözsüz ki, informasiya baxımından rəqabətə tab gətirməz. Çünki qəzetdə çıxanda informasiyalar onlayn mediada çıxan informasiyalara zaman olaraq uduzur. Amma buna baxmayaraq, qəzetdə materiallar, yazılar, araşdırmalar daha peşəkardır. Yəni, yazılı mətbuatı peşəkar mətbuat adlandırıram. Bu gün internet resurslarının azadlığı bizə imkan verir ki, müxtəlif şəxslər istənilən vaxt bir portal yaradıb jurnalistika ilə məşğul ola bilsinlər. Xüsusilə də son dövrlər vətəndaş jurnalistikası daha geniş yayılıb.

Sosial şəbəkələrdə hamı jurnalist kimi çıxış edir, informasiyanı dərhal ictimailəşdirir. Ancaq buna informasiya yox, məlumat deyim. Araşdırılmamış, istinad olunmamış məlumatlar olur ki, kimsə eşidib paylaşır və yaxud da kiminsə şəxsi mənafeyinə xidmət edən informasiyanı internet vasitəsilə ictimailəşdirir. Belə bir həssas dövrdə yaşayırıq. Peşəkar mətbuat kimi qəzetin yükü ağırdır, araşdırma aparılır, istinadlar olur. Jurnalist qəzetə bir material vermək üçün saatlarla əziyyət çəkir ki, gözəl bir məqalə hazırlayıb ortaya çıxarsın. Amma portalda və ya informasiya agentliyində və yaxud sosial şəbəkələrdə məlumatı bəzən heç bir istinad yeri olmadan, araşdırmamış paylaşanlar da var. Yazılı mətbuat eyni zamanda “padşivka”dır, bu mətbuat tarixi özündə yaşadan bir vasitədir. Yazılı mətbuatın tam olaraq ortadan çıxması mümkün deyil. Sadəcə bugünkü azad rəqabət dövründə mətbuat öz peşəkarlığını ortaya qoymalıdır ki, daima yaşasın.

Sözsüz ki, rəqabətə tab gətirməlidir, bu rəqabətdə dözümlülük nümayiş etdirməlidir, oxucu kütləsini ətrafında saxlaya bilməlidir ki, qəzet yaşasın. “Səs” qəzeti bunu bacarıb və ümumilikdə götürəndə, peşəkar qəzetlər hər zaman yaşayacaq, rəqabətə dözəcək. Amma qeyri-peşəkar yazılı mətbuat necə ki, zaman-zaman ortadan çıxıb, bundan sonra da elə olacaq. Bu isə qəzetçilik bazarında rəqabətin nəticəsidir. Elektron mediaya gəldikdə isə, həqiqətən də zamanı tuta bilir, zamanın çağırışlarına, tələblərinə cavab verə bilir. Bu gün bütün dünya telefonun monitoruna yerləşib. Bütün dünya sanki eyni dildə danışır. Bunun da öz yeri var, amma tarixi yaşadan, bugünkü günə gətirən və bu gündən gələcəyə ötürən yazılı mətbuatdır və bundan sonra da belə olacaq. Bu, isbata ehtiyacı olmayan teoremdir.

- Bəs, ümumilikdə mətbuatımızın bugünkü gününü necə qiymətləndirirsiniz?

-Baxmayaraq ki, Azərbaycan mətbuatı 1875-ci ildən yaranıb, amma yarandığı müddətdən müxtəlif dövrlərdə müxtəlif basqılarla qarşılaşıb. Bilirsiz ki, Çar Rusiyası dövründə yaranan, “Əkinçi”dən başlayan mətbuat Çar Rusiyasının çərçivəsinə düşmüşdü. Yəni, bilirsiz ki, o dövrdə siyasətdən yazmaq mümkün deyildi, yalnız müxtəlif mədəni hadisələrdən yazılırdı və broşüra kimi çıxırdı. Artıq inkişaf edib bu dövrə qədər çıxmışıq. Bu il Cümhuriyyətin 100 illiyini qeyd edirik. Həmin dövrdə bir neçə mətbuat vasitəsi ortaya çıxdı, özünü təsdiq elədi. Amma Cümhuriyyətin uzun müddət yaşamamasına görə, mətbuat yenidən bir çərçivəyə düşdü. O zaman da Sovet çərçivəsinə, ideologiyasına düşdü. Amma çox sevindirici haldır ki, bu gün uzun illər təcrübəsi olan fundamental mətbuat vasitələrimiz gəlib bu dövrə çıxıb.

Bugünkü mətbuatda çalışan kifayət qədər peşəkar jurnalistlərimiz var. Texnologiyanın, innovasiyaların inkişafı özündə yeni jurnalistikanın yaranmasını ehtiva edir. Hesab edirəm ki, bu gün yeni jurnalistika labüddür, yenilik lazımdır, dünyayla ayaqlaşmaq lazımdır. Bizim mətbuatımız bütün dünya mətbuatı sferasında özünəməxsus yeri, forması olan yer tutub. Son dövrlərdə inkişaf tempinə görə, dünya mətbuatı ilə rəqabətə girə biləcək Azərbaycan mətbuatı formalaşıb. Müstəqillik dövründən sonra mətbuatımız çətinliklə də olsa, müstəqilliyi özündə cəmləyə bilib. Çünki vaxt var idi bizim jurnalistlərə öz yazdığını “yedirirdilər”. 1980-ci illərin sonunda 90-cı illərin əvvəlində cəmiyyətdə xaos var idi, mürəkkəb dövrdə yaşayırdıq. Bir quruluş dağılıb digər quruluşa keçid prosesində dövlətin özü kimi, mətbuat da mürəkkəb vəziyyətə düşmüşdü. Elə bir dövr idi ki, bir tərəfdən mətbuatda reketlik inkişaf edirdi, digər tərəfdən mətbuat sıxılırdı. Ancaq 1993-cü ildən sonra ulu öndər mətbuata çoxsaylı yardımlar elədi.

Bilirsiz ki, mətbuatdan senzuranın götürülməsi ulu öndərin sayəsində oldu. Konstitusiyamızda mətbuat azadlığı, söz, fikir plüralizmi təmin olunduqdan sonra, buna uyğun olaraq Kütləvi İnformasiya Vasitələri haqqında Qanun qəbul olundu. Bugünkü dövrdə Azərbaycan jurnalistlərinin hətta dövlət tərəfindən mükafatlandırılması çox böyük bir addımdır. Mətbuatımız çox inkişaf edir. Bizim informasiya agentliyimiz 3 dildə fəaliyyət gösrərir və bizim kimi Azərbaycanda onlarla saytlar var ki, müxtəlif dillərdə fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə böyük səhifələrimiz var, orada paylaşımlar edirik. Bu gün Azərbaycan mətbuatından danışanda fikrimizi tam pozitiv ifadə edə bilirik.

- Sosial şəbəkələrdən söz salmışkən, siz də sosial şəbəkədə varsız. Ancaq çox da aktiv deyilsiz. Bu, zamanın azlığındandır, yoxsa sosial şəbəkələrin fəaliyyətini bəyənmirsiniz?

- Gözəl sualdır, səbəb isə budur ki, bəzi hallarda sosial şəbəkələr məişət səviyyəsinə enir. Çox təəssüf edirəm ki, insanların bəzən həyatları, ailəsindəki davranışı ictimailəşir. Mən bunun tam əleyhinəyəm. İnsanların ailəyə aid olan həyatının ictimailəşdirməsi çox da yaxşı hal deyil. Amma sözsüz ki, biz dünyanın bir parçasıyıq, bundan qaça bilmərik. Sosial şəbəkələrə sırf ictimai-siyasi proseslər məsələsi konteksindən yanaşıram. Ona görə də şəxsi həyatımla bağlı heç nə paylaşmıram, başqalarının da belə paylaşımlar etməyinin əleyhinəyəm. Bundan əlavə, kimisə təhqir etmək, aşağılamaq üçün də bəzən sosial şəbəkələrdən istifadə olunur, bunun da qəti əleyhinəyəm. Amma ümumilikdə dünyanın çağırışlarıdır, yeni resursların inkişafı vətəndaş jurnalistikasının da inkişafıdır. Azərbaycanda internet azadlığı imkan verir ki, əhalinin 70%-dən çoxu sosial şəbəkələrdən istifadə etsin. Hesab edirəm ki, sosial şəbəkələr aktualdır, biz də dünyanın bir parçası olaraq sosial şəbəkələrdən istifadə edirik.

- Bildiyiniz kimi, bu il Azərbaycan üçün siyasi proseslər baxımından mühüm bir il oldu. Həm prezident seçkisi keçirildi, həm dövlət başçısının sərəncamları ilə kadr təyinatları oldu, xüsusilə də gənc siyasətçilərə yeni vəzifələr verildi. Bu proseslərlə bağlı fikrinizi öyrənmək istəyərdim

- Fundamental hüquqların qorunması baxımından hesab edirəm ki, Azərbaycan dünyaya nümunə göstərilə biləcək dövlətdir. Bu gün Azərbaycanda həyata keçirilən, siyasi-iqtisadi, mədəniyyət siyasəti dövlət başçısı tərəfindən alqışlanır. Mən də seçki ərəfəsində müxtəlif rayonlarda görüşlərdə iştirak edirdim. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təşviqat kampaniyasında iştirak etdim. Artıq dünya Azərbaycanı demokratik ölkə kimi qəbul edir və Azərbaycanda baş verən bütün prosesləri izləyir, ölkəmizdə bütün fəaliyyət sahələrində görülən işləri müsbət qiymətləndirir. Azərbaycanda aparılan siyasətin kökündə vətəndaş amili dayanır. Cənab prezident dəfələrlə bütün çıxışlarında qeyd edib ki, bizim siyasətin mərkəzində vətəndaş, vətəndaşa xidmət, dövlət, dövlətçiliyə xidmət etmək dayanır. İştirak etdiyim təşviqatlarda şahidi oldum ki, insanlar sözün əsl mənasında öz liderini sevir. Elə dövlətlər var ki, kimsə prezident olur, amma xalqın liderinə çevrilə bilmir. Bizim xalqın xoşbəxtliyi həm də ondadır ki, onun lideri həm də prezidentidir. Seçki günü isə Azərbaycanda toy-bayrama çevrildi.

Beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti Azərbaycanda keçirilən seçkiləri demokratik ölkədə keçirilən seçkilər kimi qeyd eləməklə yanaşı, seçki günü bir toy-bayramın şahidi olduqlarını vurğuladılar.Dünyada gedən kataklizmlərə baxın, elə Azərbaycanın yerləşdiyi coğrafiyanın ətrafında, Şərq ölkələrində, dünyada baş verən hadisələrə baxın. Artıq dünya üçüncü dünya müharibəsi ərəfəsindədir. Amma Azərbaycanda bu gün sabitlik hökm sürür. Bunun hamısının kökündə xalq-lider birliyi dayanır.

Kadrla bağlı aparılan dəyişikliklərə gəldikdə isə hesab edirəm ki, cənab prezidentin yeni kadrların vəzifəyə gətirilməsində marağı var. Bütün sahələrdə inkişaf olduğu kimi, eyni zamanda dövlət idarəçilik sistemində də yeniləşmələr labüddür, zəruridir. Zaman keçdikcə yeni kadrların hazırlanmasına ehtiyac var. Belə hesab edirəm ki, Azərbaycanda dövlət idarəçiliyində kifayət qədər kadr potensialı var. Son dəyişikliklərdə gördük ki, yeni vəzifəyə təyin olunan nazirlərimiz, komitə sədrləri daha çox gənclər oldu. Bunların hamısı dünyanın yeni çağırışlarına cavab verə bilən dəyişikliklərdir. Eyni zamanda çevik idarəçilik sistemini yaratmaqdan ötrü bu dəyişikliklərə ehtiyac var idi. Cənab prezident də vaxtında kadr islahatlarını aparır, yəqin ki, bunun davamı da olacaq.

- Ermənistanda son dövrlərdə yaşanan qarışıqlığa baxanda, necə düşünürsüz sizcə, belə bir dövrdə Qarabağı geri almaq üçün hər hansı addım ata bilərikmi? Ümumiyyətlə Ermənistandakı hadisələr bu prosesə necə təsir göstərə bilər?

- Prezident İlham Əliyevin Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız bir mövqeyi var ki, qeyd-şərtsiz torpaqlarımız özümüzə qayıdacaq. Sözsüz ki, biz torpaqlarımızın beynəlxalq hüquq çərçivəsində həll olunmasını istəyirik. Torpaqlarımızın işğali ilə bağlı bildiyiniz kimi, BMT-nin 4 qətnaməsi var. Amma Ermənistan hələ də buna əhəmiyyət vermir. Bildiyiniz kimi, Serj Sarkisyan Xocalı hadisələrinin bilavasitə rəhbər şəxslərindən biri olub və komandası o hadisəni törədib. Faktiki olaraq bu hadisədə günahkar olan şəxs hakimiyyətdən devrildi. Ən təəssüfedici vəziyyətlərdən biri budur ki, Ermənistanda seçkiöncəsi baş verən hadisələri bəzi beynəlxalq qurumlar təqdir edirdi. Amma nəticə nə oldu? Azərbaycandakı seçkilərlə müqayisə edəndə ölkəmizdə xalq seçkinin nəticəsini toy-bayramla qarşıladı. Amma Ermənistanda inqilablar, çevriliş, çevrilişə cəhdlərin nəticəsi artıq ortadadır. Xalq ayağa qalxdı və Sarkisyan rejiminə "yox" dedi.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə deyim ki, yeni baş nazir Nikol Paşinyanın xisləti elə əsl erməni xislətidir. Onlar nə qədər bu problemi uzatsalar, o qədər beynəlxalq layihələrdən uzaqda qalacaqlar, necə ki, bu gün regionda gedən layihələrdən təcrid olunublar. İşğalçılıq siyasəti Ermənistana heç nə verməyib. Uzun illərdir ki, bu proses davam edir. Əgər onlar öz siyasətlərində erməni xislətini kənara qoyub, dünyaya real baxsalar, Azərbaycanın ata-baba yurdlarını boşaltsalar, ola bilsin ki, bundan sonra dünyaya inteqrasiya edə bilsinlər.

Dağlıq Qarabağla bağlı məsələdə Azərbaycanın və dövlət başçısının mövqeyi ortadadır, status-kvonun saxlanması bizə sərf eləmir. ATƏT-in Minsk qrupu bu işlə məşğul olsa da, çox təəssüflər olsun ki, uzun illərdir bu məsələdəki fəaliyyətləri sıfır dərəcəsindədir. İstəyərdik ki, Ermənistan beynəlxalq hüquqa əsasən, torpaqları rahat şəkildə geri versinlər, əks halda Azərbaycan ordusu çox güclüdür. Ordumuzun bugünkü gücü NATO standartlarına cavab verir və regionun ən güclü ordularından biridir. Aprel hadisələri göstərdi ki, bizə qısa müddət lazımdır ki, nəniki 1990-cı illərdə gedən torpaqlarımızı, hətta tarixi ata-baba yurdlarımızı belə erməni işğalçılarından təmizləyək. Onlar dənizdən dənizə böyük Ermənistan xülyasından, işğalçılıqdan əl çəksələr, ola bilsin ki, dünyaya inteqrasiya edə bilələr, regionda hər hansı layihədə iştirak edə bilərlər. Amma gedişatlar onu göstərir ki, hələ ki, onların belə bir fikri yoxdur. Baxmayaraq ki, rejim dəyişdi, amma ermənini başqa bir erməni əvəzləyir. Ona görə küçə inqilabından nəsə gözləmək absurddur. Onların xarici siyasətlərində yeniliyə ehtiyac var.

- Bilirik ki, jurnalistin boş zamanı az olur. Siz də həm baş redaktorsuz, həm gündəlik olaraq bir sıra tədbirlərdə iştirak edirsiz. Bəs, boş zaman tapanda bunu necə dəyərləndirirsiniz?

- Açığını deyim ki, boş vaxt məsələsi məndə çox az olur. Amma imkan tapan kimi ilk olaraq idmanla məşğul oluram. Keçmişdə idmançı olmuşam, əsgərlikdə də idman rotasında xidmət etmişəm, birinci dan qara kəmər olmuşam. Yaxşı voleybol oynayıram, yaxşı komandam var. Dediyim kimi, bekar vaxt tapan kimi, idmana üstünlük verirəm. Eyni zamanda, ovu həddindən artıq çox sevirəm. “Soyqırım” şəklində yox, yəni, heyvanları kütləvi şəkildə, vəhşicəsinə qırmağı yox, amma təbiətlə təmasda olmağı sevirəm. Yəni, vaxt tapsam, əlimdə ov silahı vaxtımı təbiətdə keçirməyə üstünlük verərəm.

- Bəs, onda övladlarınıza necə zaman ayırırsız?

- Övladlarım buna görə həmişə məndən küsürlər. İki qızım, bir oğlum var. Qızım artıq bu il XI sinfi bitirəcək, sınaqlarda yaxşı nəticələr göstərir. İkinci qızım mənim kimi riyaziyyatçıdır, testdə 25 sualdan 25-nə də düz cavab verir. Həmişə uşaqlara vaxt ayırmağa cəhd edirəm. 1998-ci ildə nişanlamışam, 1999-cu ildə isə ailə həyatı qurmuşam. Həmin ildən bu yana həmişə cəhd etmişəm ki, ailəmə heç olmasa 1-2 gün vaxt ayıra bilim. Yaydan-yaya 1-2 gün vaxt ayıra bilirəm. Düzünü deyim ki, özümün də onlara zaman ayırmağa ehtiyacım var. Uşaqlar necə böyüdü heç özüm də bilmədim. Bəzən uşaqlar düşünür ki, atam niyə bizdən qaçır? Amma həqiqətən də uşaqlarıma, ailəmə bağlı insanam.

Biz 3 qardaş, 2 bacı- hamımız bir həyətdə yaşayırıq. İndiki dövrdə kompakt yaşamaq bilirsiz ki, nə deməkdir. Yaxşı mənada xoşbəxtik. Bizim varımız, malımız, dövlətimiz elə birgə yaşamağımız, bir həyətdə yaşayıb axşam yeməklərini birgə yeməyimizdir, həftə sonları oturub birgə nahar eləməyimizdir. Atamız 2006-cı ildə rəhmətə gedib. Anam bizimlə birgə yaşayır, hər evdə də bir otağı var, hansı bacı-qardaşımızın evində istəsə, orada qala bilər.

Uşaqlarımdan da çox razıyam. Böyük qızım mənim yolumu davam etdirmək, jurnalistikaya meyllənmək istəyir. Amma açığı düşünürəm ki, jurnalistika xanımlar üçün çox ağır peşədir. Bu işin içində olduğuma, çətinliyinə yaxından bələd olduğuma görə qızımın o fikrinin əleyhinə olmuşam. Deyirəm ki, bəlkə başqa peşəni seçəsən? Deyir ki, “yox, mən atamın getdiyi yolu seçəcəyəm və jurnalist olacağam”. Bunu da tarix göstərər. Ən balacası isə oğlumdur, adı Yusifdir. O da idmanı sevir, xarici dil öyrənir, daha çox mənimlə vaxt keçirməyə həvəslidir. Bəzi ailəvi filmlər var ki, onlara hər zaman birgə baxırıq. Dərslərini həvəslə tez oxuyub bitirir ki, mən evə gəlim. bir yerdə kinoya baxaq, vaxt keçirək. Zamanım çox olmur, amma vaxt tapan kimi uşaqlarıma zaman ayırıram.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI