DİM rus bölməsi abituriyentlərinə müraciət etdi

Ümumi təhsil müəssisələrini cari ildə bitirən rus bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlum olduğu kimi, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2018-ci il martın 1-dən 27-dək aparılmışdır. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının birinci mərhələsində iştirak edən abituriyentlər mayın 18-dən 29-dək ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.

Göstərilən tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri 10 iyun tarixində keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak edə biləcəklər. Yəni, bu abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər.

Qeyd edək ki, kolleclərin müsabiqəsində iştirak etmək üçün 1-27 mart tarixlərində qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 6-dan avqustun 6-dək qeydiyyatdan keçib müsabiqədə iştirak etmək imkanı yaradılacaq.

Dünya birjalarında neftin - Son qiyməti - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR