Play Store

Gəzməli-görməli GÜRCÜSTANA səyahət - Şəhərlər, qiymətlər...

Minimum büdcə ilə Azərbaycandan kənarda istirahət etmək istəyənlərin üz tutduqları şəhərlər sırasında Gürcüstan öndə gəlir.

Bu gün azərbaycanlılar Gürcüstana səyahət edənlərin siyahısında birincidir. Statistika da bunu təsdiq edir. Belə ki, təkcə bu ilin mart ayında Gürcüstana 133 448 Azərbaycan vətəndaşı səfər edib.

“Gürcüstana həm təyyarə, həm də ki maşınla gediş-gəliş çox sərfəlidir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, insanlarımız xüsusən də həftə sonları Gürcüstana səyahət etməyi xoşlayırlar:

“Səyahət üçün ən çox gedilən yerlərdən biri də Tiflisdir. Tiflis maraqlı şəhərdir. Onun tarixi yerləri çoxdur, bu şəhər gecə həyatı ilə də tanınır. Həmçinin, Gürcüstanın Batumi şəhəri Qara dəniz sahilində yerləşdiyi üçün ən çox gedilən yerlərdən biridir. Ümumiyyətlə, Gürcüstanın gəzməli yerləri çoxdur, tarixlə bağlı varlı şəhərdir. Gürcüstanının demək olar ki, bütün şəhərlərində qiymətlər münasibdir. Sadəcə dəniz kənarı sevən turist Batumiyə, şəhərdə qalmaq istəyən, gecə həyatına üstünlük verənlər isə Tiflisə getməlidir. Müalicəvi turistik səfər üçün isə Borjomi şəhərinə getmək olar.

Azərbaycandan Gürcüstana gedənlər adətən bir həftəlik orada qalmırlar. Azərbaycan vətəndaşları Gürcüstanda Türkiyə və Avropada qaldıqları müddət qədər qalmırlar. Gürcüstana gedən azərbaycanlıların təqribən 95%-i həftə sonu gedir, ən yaxşı halda iki gün qalırlar”.

"Baku Travel and Tourism" şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev əlavə edib ki, Gürcüstana qış və yay səfərləri bir-birindən fərqlənir:

“Qışda turizm şirkətləri Bakuriani və Gudauri istiqamətində, yayda isə Borjomi və Batumi istiqamətində işləyirlər. Təbii ki, Tiflis mərkəz olduğuna görə həm yayda, həm də qışda ora səyahət olunur. Yayda olan turların proqramı daha geniş olur. Turizm şirkətlərində qiymətlər 99 dollardan 289 dollar civarında dəyişir”.

Şəxsi avtomobili ilə Gürcüstana getmək istəyənlər bu şəhərlərə gedə bilərlər:

“Tiflis özü tarixi cəhətdən çox zəngindir. Lakin Gürcüstanın Siqnaxi kimi bəzi tarixi şəhərləri Azərbaycanın Lahıc rayonu, Şamaxının Dəmirçi kəndinə bənzəyən yerlərdir. Özlüyündə tarixi əks etdirir. Gudauri şəhərində isə bizim Şahdağ, Qusardakı kimi şərait yaradılıb. Qiymətlər isə çox sərf edir. Azərbaycan manatı Gürcüstan bazarında məzənnəyə görə yaxşı bir mövqe tutub. Maddi baxımdan sərf edir. Turistik səyahət üçün ilk növbədə Batumi gəlir. Çünki Bakını xatırladır. Şəhərdə ən məşhur yer “Əli və Nino”dur. Orada 5 ulduzlu otellər, yüksək səviyyədə xidmət göstərən mərkəzlər var. Fikrimcə, bu şəhəri gəzməyə dəyər”.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az saytına açıqlamasında qeyd edib ki, Gürcüstana səfər edənlər bir neçə qrupa bölünür:

“Bisnes məqsədi ilə Gürcüstana gedən vətəndaşlarımız çoxdur. Onlar ölkəyə avtomobil, yaxud hissələrini gətirən şəxslərdir. Həmçinin, Gürcüstandan digər ölkələrə səfər edənlər də az deyil. Gürcüstanın Tbilisi və Kutaisi şəhərindən bir çox ölkələrə sərfəli qiymətlərlə uçuşlar var. Digər tərəfdən, Gürcüsta istirahət üçün yollanan kifayət sayda azərbaycanlı var. Məsələn, Batumi Kabuletiyə səyahət edənlər çoxdur. Həmçinin, müalicəvi olan Borjomi, qar mövsümündə xizək üçün Bakuriani ən çox gedilən bölgələr sırasındadır. Gedilən yerlər mövsümə görə dəyişir. Gürcüstanın gözəl və gəzməli yerləri çoxdur. Fikrimcə, vətəndaşlarımızın əksəriyyəti Gürcüstandana digər ölkələrə səfər etmək üçün gedirlər. Çünki qeyd etdiyim kimi, Gürcüstandan rahat və sərfəli uçuşlar çoxdur. Düşünürəm ki, tezliklə ölkəmizdən bütün istiqamətlər üzrə bu cür uçuşlar olacaq. Buna dair işlər görülməkdədir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Az bir büdcə ilə səyahət etmək istəyənlər - Bunları mütləq bilin! – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR