Play Store

Sara Axundova: “Natiq Əliyev qızıma gözəl baba idi...” - MÜSAHİBƏ

Suallarımızı dizayner, Azərbaycana 10 il rəhbərlik etmiş Vəli Axundovun nəvəsi Sara Axundova cavablandırıb.

Metbuat.az teleqraf.coma-a istinadən onunla müsahibəni təqdim edir.

- Sara xanım, bir neçə gün öncə bütün dünyanın diqqət mərkəzində olan şahzadə Harri və Meqan Markl cütlüyünün toyu, gəlinin və dəvətlilərin libasları hələ də müzakirə mövzusudur. Azərbaycanlı xanımların əksəriyyəti tanınmış markadan seçilsə də, gəlinliyin sadə olduğu qənaətindədir. Yəqin toyu izləmisiniz, mütəxəssis kimi fikirləriniz maraqlıdır...

- Çox gözəl toy idi, bir əfsanə yaşadıq... Uşaqkən inanırdıq ki, şahzadələr də sadə həyat yaşaya bilər və bunun şahidi olduq. Gəlin özü də, əlbisəsi də çox gözəl idi. Toy fərqli ruhda və atmosferdə baş tutdu.

Toyun epizodlarını müxtəlif saytlarda izlədim. Meqan Markl çox fərqli qızdır, gözləri, üz cizgiləri gözəldir, fikrimcə, o, gözəçarpan yox, məhz bu cür sadə geyimdə olmalı idi.

- Səhv etmirəmsə, atelyenizdə gəlinliklər də hazırlanır. Ümumiyyətlə, atelye ideyası haradan qaynaqlandı?

- Biz 6 il əvvəl atelye yaratmışdıq, o zaman peşəkarlar çox az idi, bu işi sıfırdan başlamaq ağır və çətin idi. Bizim çox gözəl komandamız, işçi heyətimiz vardı, Bakıda, eləcə də Tiflisdə bir çox nümayişlər keçirdik. Bütün kolleksiyalarda milli ənənəlrə əsaslanırdıq. Nizami Gəncəvi və Məhsəti Gəncəvinin şeirlərinin, miniatürlərin əks olunduğu şərflərdən ibarət gözəl bir kompozisiya hazırlamışdıq.

Vaxtilə xanların həyat yoldaşlarının nitqləri həmişə müxtəlif formalarda, eləcə də divarda, taxta parçalarına həkk olunub, biz bunu, eləcə də Qacarlar sülaləsinin nitqini şərf üzərinə çəkmişdik. Bu kolleksiya çox gözəl qarşılandı və böyük rəğbət qazandı.

Onu da qeyd edim ki, hazırda atelyedə çalışmıram .

- Bəs niyə atelyedən ayrıldınız?

- İndi hər addımbaşı atelyelər açılıb, artıq mənim üçün ümumi layihələr üzərində işləmək daha maraqlıdır. Müştərilərlə işləmək o qədər də asan deyil, həmişə öz istədiyini gerçəkləşdirə bilmirsən. 6 illik bir təcrübəmiz var və hesab edirəm ki, işimizi inkişaf etdirmək lazımdır.

Sonuncu dəfə “Məşədi İbad” kolleksiyası üzərinə işləmişik, orada klassikadan götürülmüş “Gəncə qumarbazı”, “Şamaxı lotusu” kimi ifadələrdən istifadə etmişdik. Amma bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

- Hərdən olur ki, böyük bir iş ortaya qoyulur, amma insanlar xırda bir detalı müzakirə edirlər...

- Dəsmalda poema yazası deyildik ki. Düzü, tənqidlər də absurd idi. Uşaqlıqdan “Gəncə qumarbazı”, “Şamaxı lotusu” kimi ifadələri eşitmişik, amma bu ifadəni qabartdılar. Biz bu işə həm yumor, həm ənənələrimizə olan sevgi ilə yanaşmışdıq, amma gözlənilməz bir reaksiya ilə qarşılaşdıq. Hər halda həyat belədir, nə edəsən....

- Hazırda hansı layihə üzərinə işləyirsiniz?

- “ZEL Home”la birgə Novruz bayramı ilə bağlı maraqlı layihə həyata keçirdik, idman kolleksiyası barədə düşünürəm, bununla əlaqədar danışıqlar aparıram... Planlar çoxdur, əvvəlcədən açıqlamayaq.

- Tez-tez məmur qızlarının moda evi açdığını, dizaynerliklə məşğul olduğunu eşidirik. Bu, təsadüfdir, yoxsa bir-biri ilə bəhsə girdiklərindən yaranan zərurət?

- İndi bu tendensiya dəbdədir. Xatırlayırsınız, bir ara hamı gözəllik salonu açırdı. Mən onlardan olmaq istəmirəm (gülür).

- Sovet dövründə Bakıda Novruz bayramının qeyd olunmasına aid siyasi məsuliyyət həm də babanız Vəli Axundovun üzərinə düşmüşdü. Tarixiliyə önəm verdiyiniz hazırladığınız məhsullardan da sezilir. Maraqlıdır, milli ornamentlər kolleksiyanızda hansı rolu oynayır? Həmişə bayramlarda, o cümlədən Novruz bayramı ərəfəsində xüsusi kolleksiya hazırlayırsınız?

- Novruz bayramı ilə bağlı küçələrdə nənə-babalarımızın geyimlərini nümayiş etdirməyi arzulayıram. Tiflisdə toylarda bəylə gəlin milli geyimdə olurlar. Bizim çox gözəl milli geyimlərimiz var. Çox istərdim, bizim də toylarımızda, böyük tədbirlərimizdə milli geyimlərimizi görək. Doğrudan da, Novruz bayramının qeyd olunması ilə bağlı məsuliyyət babamın üzərində idi. Evimizdə də həmişə adət-ənənə qorunurdu və milli bayramlar qeyd olunurdu. Novruz isə ən sevimli bayram idi.

- Yeri gəlmişkən, babanız və adını daşıdığınız nənənizdən fərqli olaraq incəsənətə meylləndiniz. Sizə kim dəstək oldu? Ailənizdə tibb sahəsinə yönəlməyiniz üçün təpkilər vardı, yoxsa seçim ixtiyarınıza buraxılmışdı?

- Mühafizəkar ailədə böyümüşəm, bizdə sərbəstlik, demək olar, yox idi. Şəxsən mənim komplekslərim vardı, nənəmin adını daşıyıram deyə sanki qulağıma sırğa eləyirdim ki, bu cür davranmalı, hərəkət etməliyəm. Hansısa addım atanda düşünürdüm ki, görəsən nə deyəcəklər.

- Bununla belə, incəsənət sahəsinə getdiniz...

- Bəli, çünki bilirdim ki, tibb sahəsi mənlik deyil. Dizaynerlik üzrə təhsil aldım. Bacım tibb istiqamətində təhsil almaq istəyirdi, ancaq politologiyanı seçdi, indi də psixologiyaya meyllənib.

- Xaricdə oxumusunuz?

- Yox, Rəssamlıq Akademiyasında oxumuşam, ikinci kursda ailə qurdum, burada qalmalı oldum.

- Tələbə ikən ailə həyatı qurmaq öz seçiminiz idi, yoxsa ailənizin?

- Bu, mənim seçimim idi, belə alındı.

- Tez ailə qurmağın avantajı o olur ki, qadın gənc yaşında ana olur və illər ötsə də, öz yaşını göstərmir.

- Razıyam, 14 yaşında qızım var, mənim dostum kimidir.

- Ailə qurmaq təhsilinizə mane olmadı, təhsilinizi başa vura bildiniz, elə deyilmi?

- Bir illik dərslərimə fasilə verib, sonra yenidən başladım.

- Ananız Nigar xanım deyir ki, sovet dövründə Bakıda metropolitenin yaradılması babanızın ən böyük sevinclərindən biri olub. İctimai nəqliyyatdan istifadə edirsiniz?

- Balaca olanda metronun iyini çox sevirdim. “Azneft” dairəsi yaxınlığında yaşayırdıq, İçərişəhər metrosu evimizə yaxın idi, həmişə deyirdim ki, olarmı metroya gedək, oranı qoxulayım... İndi metrodan istifadə edə bilmirəm, çünki sıxılıram. Yalnız taksiyə və ya marşrut avtobusuna minirəm. Biz Moskvada olanda qızımla metroya girmişdik, bir neçə stansiya gedəndən sonra mənə baxıb dedi ki, sən qorxursan hə, gəl, çıxaq (gülür). Bakı metrosu da, Moskva metrosu da gözəldir.

- Yəqin babanız dünyasını dəyişəndə çox kiçik olmusunuz, nələrisə xatırlayırsınız?

- Təəssüf ki, xatırlamıram. Ancaq onun məzarını tez-tez ziyarət edirəm. Babam mənim üçün çox önəmli insandır. Düşünürəm ki, hər zaman mənim yanımdadır. Bəlkə də mən onun sevimli xanımının adını daşıyıram deyə belədi, ancaq həmişə hiss edirəm ki, yanımdadır və mənə dəstək olur.

- Babanızın daha geniş ictimaiyyətin, xüsusilə gənclərin tanıması üçün onun ictimai-siyasi fəaliyyətindən bəhs edən hansısa material və ya kitab tərtib etməyi planlamısınız?

- Əlbəttə, istərdim. 2016-cı ildə babamın 100 illik yubileyini qeyd elədik. Prezidentin sərəncamı ilə tədbirlər keçirildi, anamın müəllifliyi ilə kitab nəşr olundu, film çəkildi. Anam o dövrün maraqlı məqamları barədə tez-tez söhbət açır, bunları kitaba da daxil edib. Anamın kitabını tarix üçün vacib məqam hesab edirəm.Təəssüf ki, mən babamı yaxşı xatırlamıram, o, vəfat edəndə iki yaşım varmış...

- İnternetdə qısa məlumatlar olsa da, istərdik, babanızla nənənizin sevgi hekayətini dilinizdən eşidək...

- Babamla nənəm 14 yaşından bir-birini tanıyıb. Bir yerdə oxuyublar, babam uzun müddət nənəmi sevsə də heç vaxt ürəyini açmayıb. Yalnız müharibəyə gedəndə gəlib hislərini nənəmə bildirib və soruşub ki, məni gözləyəcəksənmi? Nənəm razılıq verib, babam müharibədən qayıdandan sonra ailə qurublar.

Babam vətənə qayıdanda Saranı tapmayıb, həkim kimi Göyçaya ezam olunan nənəmi axtarmaq üçün bu rayona üz tutub. Amma gedəndə xəstəxanada olmadığını deyiblər, kimsə həkimi təcili yardıma çağırıbmış. Uzun axtarışlardan sonra atın üstündə çəkisini xeyli itirmiş, bənizi solğun nənəmi görüb, gözlərinə inanmayıb.

Nənəm də babamı görəndə huşunu itirib... Sonra ömürlərinin axırına kimi bir yerdə olublar. Bu, çox böyük sevgi idi. Bəzən fikirləşirəm ki, o cür sevgi daha qalmayıb. Ancaq mayın 19-da şahzadə Harri ilə Meqan Markl göstərdi ki, yox, qalıb...

- Tez-tez boşanma hallarına görə bu qənaətdəsiniz?

- İndi çox şey dəyişib. Nənə və babalarımız çox məhrumiyyətlər yaşayıblar. Vaxtilə qadınlara, qızlara qarşı kobud davranışa az halda rast gəlinirdi. Mən kişinin qadınla pis rəftar etdiyini görəndə dəhşətə gəlirəm. Məncə, bu, qadınlardan da asılıdır, münasibətlərdə elə şərait yaradılmamalıdır ki, səninlə pis rəftar edilsin. Boşanma hallarının çoxalması bəlkə də zəmanədəndir. Hər kəs sərbəst olmaq istəyir. Lakin unudur ki, arada uşaqlar qalır. Əgər münasibət qurulmasına qərar verilirsə, bunu davam etdirmək, uşağı nəzərə almaq lazımdır. Bu, ciddi məsələdir. Psixoloji məqamlara da diqqət yetirmək lazımdır. Yalnız normal şəraitdə böyüyən uşaq əsl insana çevrilə bilər.

- Sara xanım, hər fəsil dəyişikliyində “bu ilin trend geyimləri və ya rəngləri” başlığı altında müxtəlif məqalələr yazılır. İnsanların trend dalınca qaçmasına münasibətiniz necədir? Necə düşünürsünüz, hər kəs öz tərzini yaratmalıdır, yoxsa dəblə ayaqlaşmalıdır?

- Məncə, hər kəsin öz stili olmalıdır. Başa düşməlidir ki, əynindəki əlbisə ona yaraşır, ya yox. Təbii ki, modanı izləmək, nəyisə götürmək lazımdır. Çox vaxt görürsən ki, hər tərəfdən bir şey götürüb sintez edirlər, bir çox brendin adının yazıldığı geyim geyinmək, onu daşımaq xoş deyil. Axı, mağazada maneken deyilsən ki, sənin üzərində brendin adı yazılsın. Onsuz da geydiyin şalvarın, götürdüyün çantanın hansı brenddən olduğunu bilən bilir... Əsas olan harmoniya yaratmaqdır.

- Bəzən köhnə dəb də geri qayıdır. Məsələn, anamın 25 il əvvəl geyindiyi ayaqqabının, şərfin oxşar dizaynı ilə tez-tez qarşılaşıram. Bu, nə ilə bağlıdır?

- Fikrimcə, bu, normal haldır və olmalıdır. Məsələn, qolumdakı bilərziyi uşaq vaxtından taxıram. Bu, nənəmin anasının bilərziyidir. Bu bilərziyə baxdıqca öz köklərimi xatırladır, haradan gəlirəm, kiməm və sair... Çox istərdim, nənəmdən, anamdan mənə hansısa ayaqqabı və ya şərf qalaydı. Bir çanta, broş, qolbaq qalıb və onları çox sevərək saxlayıram.

Dediyiniz məsələyə gəlincə, yeni bir şey yaratmaq çox çətindir, əskidə olanları yenidən yaşatmaq, bərpa etmək hər sahədə, o cümlədən incəsənətdə də var.

- Sara xanım, nənəniz də tanınmış ailənin nümayəndəsidir, yoxsa sadə ailədə dünyaya göz açıb?

- Nənəm Şuşanın ən kübar ailələrindən birində anadan olub. Atası Hüseyn bəylə Əhməd bəy Ağaoğlu doğma qardaşdırlar. Əhməd bəy Sorbonna Universitetini bitirmiş ilk azərbaycanli idi, Difai Partiyasının yaradıcısı, nəinki Azərbaycan, həm də bütün Yaxın Şərq miqyasında tanınmış mütəfəkkir, yazıçı, jurnalist idi.

Elə alınır ki, Əhməd bəy Türkiyəyə köçməli olur, Hüseyn bəy isə Bakıda yaşayır. Ailələr bir-birindən uzaq qalır və görüşməkdə çətinlik çəkirlər. Səhv etmirəmsə, 1986-cı ildə ilk dəfə Əhməd bəyin qızı Sürəyya xanım Bakıya gəlib, ailəmizi tapmağa çalışıb. Sonra anam 1988-ci ildə Türkiyəyə gedib ailənin orada yaşayan üzvləri ilə görüşüb.

- Bəs nənəniz necə görüşə bilməyib?

- Əfsuslar olsun, nənəmə bu görüş nəsib olmadı. Amma nənəmin bacıları Qəmər xanım və Sürəyya xanım əmisi qızları ilə görüşə biliblər. Anam bizi də Türkiyəyə aparırdı, İstanbulda olanda Sürəyya xanımı görmüşdüm, daha sonra bu səfərlərimiz intensivləşdi. Bir ara Türkiyada yaşayanda, Əhməd bəyin kiçik qızı Gültəkin Ağaoğlunun yanına da tez-tez gedirdim, sonuncu dəfə dedi ki, şəklini mənə göndərərsən, təəssüf, çatdırıb göndərə bilmədim. Düşünürdüm ki, qızım Aliyə doğulanda onu birgə ziyarət edərik, amma o, dünyasını dəyişdi.

- Bayaq komplekslərdən danışdınız, köklü ailənin təmsilçisi olmaq həm də böyük məsuliyyətdir...

- Bəli, başa düşürsən ki, heç kəsin xətrinə dəyməməlisən, bütün addımlarını doğru atmalısan. Həmçinin özümü şanslı hesab edirəm ki, bu cür dərin kökləri olan ailənin bir üzvüyəm və bunu yüksək qiymətləndirirəm.

- Özünüz heç vaxt ictimai-siyasi həyata atılmaq istəməmisiniz?

- Yox, mən insanların sıx olduğu yerləri xoşlamıram, ruhən tənha insanam. Bilmirəm, bu yaxşıdır, yoxsa pis, amma beləyəm. Məncə, sevdiyin işi görürsənsə, siyasət sənə çətin gəlməz. Amma nəyinsə xatirinə bir işlə məşğulsansa, o iş çətin olacaq. Düşünürəm ki, bildiyin, özünü xoşbəxt saydığın işi görməklə də tarixdə iz qoymaq mümkündür. Ən əsası odur ki, işini ədalətlə, vicdanla görəsən, axşam başını yastığa qoyanda rahat yata biləsən.

- Gözəllik sirrlərinizi bölüşə bilərsiniz? Düzü, kikboksinqlə məşğul olduğunuzu oxuyanda təəccübləndim...

- 5 il bundan əvvəl kikboksinqlə məşğul olmağa başlamışam. Buna gündəlik idman kimi baxıram, yarışlara qatılmıram, sadəcə özüm üçün məşğul oluram. Los-Ancelesdə olanda bacım yoqaya getdi, mənsə anladım ki, yoqa mənlik deyil. Məşğuliyyətsiz otura bilmirəm, yaxınlıqda kikboksinq üzrə məşq zalı vardı, getdim və bu idman növünü çox sevdim.

Məşqdən sonra gördüm, neqativ emosiyalar yox olur, insan pozitivləşir. Gözəllik sirrinə gəlincə, məncə, qadın heç vaxt qadın olduğunu unutmamalı və evdar qadın olub-olmamasından asılı olmayaraq qadınlığını itirməməlidir. Həmişə əllər, üz, saçlara diqqət yetirilməlidir, çox sadə geyinmək olar, amma vücuduna baxmalısan.

- İncəsənət elə sahədir ki, ailəyə, övladlara vaxt ayırmaq bir qədər çətindir. Qızınıza yetərincə zaman sərf edə bilirsiniz?

- Həmişə qızımla bir yerdəyik, gördüyum işlər onun çox xoşuna gəlir. Ona həmişə vaxt ayırmağa çalışıram.

- Deyəsən, qızınız da incəsənətə meyllidir.

- Hansı sahəyə meyl etsə, mən onu dəstəkləyəcəyəm. Musiqini,mahnı oxumağı xoşlayır, desə ki, müğənni olmaq istəyirəm, bunun üçün də ona dəstək verməyə hazıram. Onu idman, ayrı-ayrı elm sahələri üzrə təlimlərə yazdırmışam ki, özünü istədiyi sahədə tapsın və sonda qərarını versin.

- Özünüz köklü ailədə böyümüsünüz, qızınızın ata babası tanınmış, mərhum energetika naziri Natiq Əliyevdir. Çox az sayda məmurlar var ki, tanınmışlardan tutmuş sadə insanlaradək ona rəhmət oxuyur. Natiq Əliyev də belələrindən idi. Qızınız Aliyənin babası barədə nə deyərdiniz?

- Doğrudan da Natiq Əliyev barədə yalnız müsbət şeylər demək olar. Gözəl insan, Aliyə üçün çox gözəl baba idi. Aliyə də onu çox sevirdi. Çox təəssüflər olsun ki, bu gün aramızda yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR