Ramazan bayramında səyahət - Azərbaycanlılar bu ölkələrə üz tutur

Ramazan bayramı və Milli Qurtuluş Günü ilə bağlı 5 qeyri-iş günü olacaq.

Belə ki, iyunun 15,16, 17, 18 və 19-u ölkədə qeyri-iş günləri olacaq. İstirahət günlərini, xüsusən də Ramazan bayramını ölkədən kənarda keçirmək istəyənlər daha çox ölkərə üz tutacaq?

Azərbaycan Turizm Assosiasiyasının Xarici turizm komitəsinin rəhbəri Ayxan Allazlı Metbuat.az-a açıqlamasında bildirib ki, Ramazan bayramında insanlar daha çox Türkiyəyə üz tutur:

“Birincisi qonşu ölkədir. İkincisi dil, din və mədəniyyət baxımından yaxındır. Üçüncüsü də, Türkiyə turistlərinə “hər şey daxil” xidmətini təklif edir. Müştəri bir dəfə burada ödəniş etdiyi üçün Türkiyəyə getdikdən sonra heç bir əlavə ödəniş etmir. Otelin hovuzu, dənizi, qidalanması bu qiymət içərisinə daxil olur. Bu baxımdan, birinci yerdə Türkiyə gəlir.

İkinci yerdə Ərəb ölkələri gəlir. Lakin hazırda bu ölkələrdə temratur yüksək olduğundan, oranı seçənlər azdır. Dubay liderliyi özündə saxlayır. Yaxın ölkələr sırasında Gürcüstan gəlir. Ramazan tətillərində əhali bəzən isə Avropa ölkələrinə üz tuturlar. Bu il tətil günləri uzun olduğundan, Avopanı seçənlər də var”.

Turizm eksperti Ramin Zamanov qeyd edir ki, Ramazan bayramında dini məqsədlə səyahət edənlərin sayı çoxluq təşkil etmir:

“Ramazan bayramında əhali daha çox ölkədə qalmağa üstünlük verir. Təbii ki, əhalinin bir qismi də xaricə səyahət planlaşdırır. Bunun məhz dini səyahət olduğunu qeyd etmək düzgün olmazdı. Çünki dini bayram olsa da, insanlar səyahət üçün dini ölkələri daha az seçir. İnsanlar yaxın müsəlman ölkəsi olaraq Türkiyəyə, dini yerlərə səyahət etmək istəyənlər isə İrana, İraqa səfər edirlər. Çünki Azərbaycanda yaşayan əhalinin böyük bir qismi şiə mənsəbinə aiddir. Onlar İranda və İraqda dini yerləri ziyarət etməyi hədəfləyirlər. Bu, çox az hissədir. Həmin şəxslər adətən nəqliyyat vasitəsi kimi təyyarə yox, avtobusdan istifadə edirlər.

Əhalinin böyük bir qismində isə bayram günlərində səyahət dini məqsəd daşımır. Onlar arasında Avropaya, Gürcüstana gedənlər də olur. Böyük bir qisim isə ölkədə qalır. Ölkə daxilində qalanlar da cənub və şimal istiqamətində rayonlara səfər edirlər”.

Qeyd edək ki, iyunun 26-da Silahlı Qüvvələr Günü kimi qeyd edildiyindən həmin gün də iş günü hesab edilməyəcək.

Xəyalə Məmmədova / METBUAT.AZ

Gəzməli-görməli GÜRCÜSTANA səyahət - Şəhərlər, qiymətlər... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR