“Ermənistandakı inqilabın bünövrəsi Dağlıq Qarabağdakı narazılıqdan sonra qoyuldu” – Mübariz Əhmədoğlu

Xəbər verdiyimiz kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağ ərazisində yaradılan separatçı qurumda bir neçə gün əvvəl etiraz aksiyaları keçirilib. Xankəndində ermənilər mərkəzi prospekti bağlayaraq güc strukturları rəhbərlərinin istefasını tələb ediblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb iki sakinin "Milli Təhlükəsizlik Xidmətinin" xüsusi dəstə üzvləri tərəfindən döyülməsi olub. Polislər isə buna laqeydlik göstərərək zərər çəkənləri polis idarəsinə aparıblar. Bundan sonra yaranan etiraz aksiyaları zamanı nümayişçilər bildiriblər ki, bu, “Milli Təhlükəsizlik Xidməti”əməkdaşları tərəfindən sakinlərə qarşı ilk zorakılıq və təxribatçılıq hərəkəti deyil.

Separatçı qurumun nümayəndələri etirazçılarla görüşüb, daha sonra isə Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan bir qrup etirazçını qəbul edib. Erməni mətbuatının yazdığına görə, Saakyan günahkarların cəzalandırılacağını deyib. Bundan sonra separatçı qurumda istefalar olub. "Baş nazir” Araik Arutyunyan , “polis rəisi”, general mayor Kamo Ağacanyan, “milli təhlükəsizlik xidməti”nin direktoru Arşavir Karamyan və onun müavini Qarik Sarkisyan istefa veriblər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağdakı etiraz aksiyaları bir həftə, 10 günün söhbəti deyil, bu etirazlar uzun müddətdir var: “Oradakı narazılığın aktiv fazası təxminən 2 ay bundan əvvəl başlayıb. Hətta deyərdim ki, Ermənistandakı “məxbəri inqilab”ın bünövrəsi Dağlıq Qarabağdakı narazılıqdan sonra qoyuldu.

Ermənistanda həmişə mitinqlər olurdu, amma oradakı mitinqləri uzunmüddətli etməkdən və şiddətini artırmaqdan qorxurdular. Deyirdilər ki, bu, Dağlıq Qarabağ prosesinə pis təsir edə bilər. Amma elə ki, İrəvandakılar gördülər ki, Dağlıq Qarabağdakı ermənilər özləri İrəvanda oturan Dağlıq Qarabağ klanından, Serj Sarkisyandan beziblər. Bundan sonra artıq mitinqlərdən çəkinib məhdudlaşdırmadılar, nəticədə də “məxbəri inqilab” yarandı, Nikol Paşinyan baş nazir oldu.

Dağlıq Qarabağdakı əhalinin narazılığı əsaslıdır. Əhalinin narazılığının bir neçə səbəbi var. Birincisi, orada çox ciddi bank problemi var. Demək olar yerli əhalinin hamısı bankların girovluğundadır. Oradakı əhali elə fikirləşir ki, dünya ermənilərindən yığılıb gələn pulları Serj Sarkisyanla Robert Koçaryan cibinə qoyur, Dağlıq Qarabağ ermənilərinə isə bir şey çatmır, çatan hissəni də faizlə verirlər. Bu sosial problemdir. Narazılıq artdıqca xüsusi xidmət orqanları yerli əhalinin davranışına müdaxilə elədi. Hətta xüsusi xidmət orqanları evlərə hücum edirdilər ki, gecə yarısı “Facebook”da nə iş görürsüz, hara ilə yazışırsız? Yəni, orada xüsusi xidmət orqanlarının davranışı bu dərəcəyə qədər artmışdı. Orada yerli əhalinin özünün spesifik mentaliteti var deyə hər şeyi açıq demirlər. Ona görə də ilk dava xüsusi xidmət orqanlarının əməkdaşları ilə olmuşdu”.

Politoloq deyir ki, oradakı sosial problemlər, bank problemi Dağlıq Qarabağdan olan ermənilərin davranışına təsir edən heç də ən əsas vasitə deyil: “Orada daha vacib iki məsələ var. Bunlardan birincisi fiziki təhlükəsizlik məsələsidir. 20 ildir Dağlıq Qarqabağ klanı, yəni, Robert Koçaryan və Serj Sarkisyanı hakimiyyətdə idi və xalqı aldadırdılar ki, dünya Ermənistanı dəstəkləyir, Ermənistan dünya ilə birlikdə Azərbaycanı əzəcək, sındıracaq. Bununla da Azərbaycanın Dağlıq Qarabağa hücum eləmək imkanı olmayacaq. Amma indi Dağlıq Qarabağ erməniləri ayılıb görürlər ki, Azərbaycanı əzmək nədir, Azərbaycan günü-gündən inkişaf edir və artıq dünya çapında, dünya miqyasında olan dövlətdir.

Serj Sarkisyanın hakimiyyətinin xüsusilə son 1 ilində ard-arda bir neçə dəfə bəyanat verdi ki, 5 rayonu veririk Azərbaycan götürmür, 7 rayonu qaytarırıq götürmür, deyirlər ki, Dağlıq Qarabağı da qaytarmalısız. Serj Sarkisyanın da bu cür bəyənatları Dağlıq Qarabağ ermənilərinə pis təsir elədi. Sarkisyan deyəndə ki, azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdır, bu onların narazılığına səbəb oldu. Bu cür hərəkətlər isə əhalinin davranışına təsir elədi. Axırda Qarabağ klanını məcbur edirdilər ki, madam ki, siz Azərbaycandan Dağlıq Qarabağ ermənilərinə təhlükəsizlik ala bilmirsiniz, onda Azərbaycanla dialoqa gedin və dialoq vasitəsilə Azərbaycandan Dağlıq Qarabağ ermənilərinə təhlükəsizlik təminatı alın. Bu səbəbdən də Dağlıq Qarabağ ermənilər Serj Sarkisyandan narazılıq etdilər və onun devrilməsində iştirak etdilər.

Paşinyan hakimiyyətə gələndə ermənilər bir az sakitləşdi. Amma elə ki, Nikol Paşinyan gəldi ritorikada Sarkisyandan da sərt danışdı, Dağlıq Qarabağ erməniləri başa düşdülər ki, əgər 20 il ərzində Koçaryan, Sarkisyan kimiləri Azərbaycanı əzə bilməyiblərsə, demək Paşinyan ümumiyyətlə Azərbaycana heç nə edə bilməcəyək. Ona görə də Paşinyan Dağlıq Qarabağla bağlı sərt mövqe ortaya qoyan kimi oradakı əhalinin narazılığı artıq sosial şəbəkələrdən küçəyə çıxdı. Orada yerli əhalinin davranışına təsir edən çox vacib məsələlərdən biri prezidentin ermənilər arasında xarizmasının yaranmasıdır. Vaxtilə ümumilli lider Heydər Əliyev onlar üçün xarizmatik lider idi. İndi də eynilə həmin yanaşma İlham Əliyev üçün yaranıb, indi də onlar İlham Əliyevə xarizmatik lider kimi baxırlar və başa düşürlər ki, Cənubi Qafqazın artıq lideri var, erməni və ya başqası Cənubi Qafqazda lider olmayacaq. İlham Əliyevə xarizmalarının yaranması Dağlıq Qarabağ ermənilərini Ermənistana qarşı şiddətləndirir, narazılığını artırır. Mümkündür ki, proseslər bu cür davam etsə, Dağlıq Qarabağ erməniləri içərisindən bir qrup yaxın zamanlarda Azərbaycana müraciət eləsin.

Hadisələrin ümumi inkişafına gəldikdə isə, artıq Paşinyan erməni ordusunun iç üzünü açıb tökdü. Məlum oldu ki, Azərbaycana “xox gələn” Ermənistan bu günə qədər öz ordusunu ayaqqabı ilə, geyimlərlə, yeməklə, lazım olan vasitələrlə təmin edə bilmirmiş. Bütün bunları almaq əsgərin valideynlərinin üzərində imiş. Belə olduğu üçün Paşinyanın nəyi necə deməyindən asılı olmayaraq, ermənilərin hərbi imici ciddi surətdə zədələndi. Ona görə düşünürəm ki, yaxın zamanlarda həm Dağlıq Qarabağ bölgəsində, həm də Ermənistanda ümumi narazılıq fonu güclənəcək”.

Günay Elşadqızı / METBUAT.AZ

“Heydər Əliyevin mənə verdiyi həmin qəzeti...” – Aydın Quliyevlə müsahibə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR