​“Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi” – Beynəlxalq konfrans keçirildi

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) “Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

Metbuat.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının və mətbuat nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə keçirilən tədbiri giriş sözülə açan Rufiz Qonaqov Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcburi köçkün həyatı yaşayan Azərbaycan vətəndaşının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhdid olduğunu bildirib.

Politoloq prezident İlham Əliyevin bu istiqamətdə yaxın günlərdə söylənilən fikrini konfrans iştirakçılarına xatırladıb: “Ermənistanın Cənubi Qafqazda etnik separatizmi davam edir və bu da regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bütün səylərə baxmayaraq, Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid vardı. Amma indiki rejimin mahiyyəti özündən əvvəlkinə bənzəyir. Azərbaycanın sülh təkliflərinə qulaq asmayacaqlarsa, torpaqlarımız sülh yolu ilə azad ediləcək”.

Millət vəkili, Milli Məclisin Komitə sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov isə qeyd edib ki, Ermənistanın atdığı bütün addımların arxasında separatizm siyasəti dayanır. Millət vəkili bildirib ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsini erməni xalqı deyil, xarici qüvvəllər, digər xarici dövlətlər başladıb: “Çünki əgər ermənilər elə bir addım atmaq istəməsələr, kim onları buna məcbur edə bilərdi ki?”

S.Novruzovun sözlərinə Ermənistanın bugünkü vəziyyəti Azərbaycanın 1990-cı illərin əvvəlindəki vəziyyətini xatırladır: “Həyat göstərdi ki, biz, düz yoldayıq. Ermənistan regiondakı bütünbeynəlxalq layihələrdən kənarda qalıb. Tək nəqliyyat layihələrində kənarda qalmaqla Ermənistan neçə milyard dollar gəlir itirmiş olur. Azərbaycan bu gün Avropa ilə Asiyanın birləşdirilməsində xüsusi rol oynayır. Ermənistan bunu dərk etməlidir”.

Millət vəkili Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini qeyd edərək, beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına etirazlarını bildirib. Komitə sədri bildirib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki danışıqlar prosesində vəziyyəti” mövzusunda çıxış edib. H.Hacıyev bildirib ki, danışıqlar prosesi davam etdirilsə də, Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektliyinə mane olur: “Ermənistanda hakimiyyət dəyişikliyi bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq”.

Millət vəkili, politoloq Elman Nəsirov isə “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yeni mərhələdə” mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili bildirib ki, bu proses illərdir davam edir: “Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparılmalıdır. Amma hələ də bunun nəticəsi görülmür. Ermənistan tərəfi anlamalıdır ki, münaqişə nəticəsində özlərini pis vəziyyətə salırlar. Ermənistanda faktiki olaraq, siyasi və iqtisadi böhran yaşanır. Siyasi, iqtisadi və demoqrafik böhran isə Ermənistanı süquta aparır”.

Daha sonra çıxış edən digər millət vəkilləri və ekspertlər də erməni separatizmi, onun törətdiyi təhlükələr, Cənubi Qafqaz regionundakı erməni terrorunun doğurduğu real təhlükələr, tarixi həqiqətlərdən bəhs ediblər. Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları adından Ermənistanın Cənubi Qafqazdakı separatizm siyasəti və regionun təhlükəsizliyinə dair Bəyənat qəbul edildi.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR