“Ermənilər istəyir ki, Rusiyanın əlilə Azərbaycanı neytrallaşdırsınlar” – İlqar Vəlizadə

Bu həftə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi gözlənilir.

Metbuat.az-ın məlumatına görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov bildirib. Onun sözlərinə görə, səfər Rusiyada başlayacaq futbol üzrədünya çempionatı çərçivəsində təşkil edilib.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Görüşlə bağlı Metbuat.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, əslində bu, gözlənilən səfər idi: “Bildiyiniz kimi, may ayında Nikol Paşinyan Soçiyə getmişdi. Həmin vaxt o, Avropa İqtisadi İttifaqının tədbirlərinə qatılmışdı. Sonra Ermənistanın xarici işlər naziri də Rusiyaya səfər etmişdi və bu səfər çərçivəsində çox güman ki, Paşinyanın səfəri müzakirə olunmuşdu. Bunun nəticəsində də indi Paşinyanın səfəri baş tutur. Bir ay ərzində qısa müddətdə ardıcıl olaraq Ermənistan rəhbərliyinin Rusiyaya səfərləri əlbəttə ki, başadüşüləndir. Çünki Ermənistan Rusiyadan kifayət qədər asılıdır. Açıq desək, iki ölkə arasında böhranlı vəziyyət yaşanır. Çünki Paşinyan qərbyönümlü siyasətçi olduğuna görə, Rusiya siyasi hakimiyyəti ona inanmır, onun həm daxili, həm də xarici siyasətinə şübhə ilə yanaşır.

Son həftələr ərzində Paşinyan Rusiyanın bu ölkədə təmsilçilərinə qarşı, ilk növbədə Karen Karapetyan və onun ətrafında qruplaşan biznes maraqlarının təmsilçilərinə qarşı sərt siyasət aparır, onları demək olar ki, həm siyasi, həm iqtisadi “oyunlardan” onları kənarlaşdırır. Bu təbii ki, Rusiyanın xoşuna gələ bilməz. Eyni zamanda son vaxtların təyinatları, yəni, Ermənistanda açıq-aşkar Rusiya əleyhinə çıxış edən insanların hakimiyyətə gətirilməsi, müxtəlif vəzifələrə təyin olunması Rusiyanın xoşuna gəlmir. Paşinyanın səfəri də bu şəraitdə keçir. Əlbəttə ki, belə vəziyyətdə Ermənistanın siyasi rəhbəri çalışır Rusiya rəhbərliyini inandırsın ki, onlar hakimiyyətlərində Rusiyaya qarşı hər hansı addım atmayacaqlar. Rusiya ilə yenə də bütün hərəkətləri koordinasiya etmək istəyirlər.

Bundan əlavə, ermənilər cəbhədə, xüsusilə də Naxçıvanda yaranmış vəziyyətdən çox narahatdılar. Onlar ötən ildən, Azərbaycan-Türkiyə hərbi təlimlərindən sonra artıq narahatlıqlarını gizlətmirdilər. Son olaylar onu göstərir ki, Azərbaycan Naxçıvanda da öz mövqelərini möhkəmləndirir. Bu isə erməniləri narahat edir. Onlar yenə də istəyirlər ki, Rusiyanın əlilə Azərbaycanın atdığı addımları neytrallaşdırsınlar. Amma Rusiya yenə də Ermənistanın indiki rəhbərliyinə daha çox tələblər irəli sürəcək. Onlar hansı tələblər olacaqsa, bunu indi bilmək çətindir. Amma çox güman Rusiya çalışacaq ki, Ermənistanın indiki hakimiyyətinin xarici siyasətini, xüsusilə də Qərblə bağlı olan kursunu məhdudlaşdırsınlar. Bu proses necə gedəcək, Rusiya Ermənistanın qarşısına hansı tələbləri qoyacaq, bu tələblər nə dərəcədə sərt olacaq, bunu zaman göstərəcək”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR