Play Store

​“Dərsdən qaçmamağın peşmançılığın çəkirəm” - Esmira Əkbərovayla MÜSAHİBƏ / Fotolar

Metbuat.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Budəfəki müsahibimiz Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərovadır.

Metbuat.az Esmira Əkbərovayla olan müsahibəni təqdim edir:

- Oxucularımıza özünüz haqqında məlumat verin...

- 1984-cü il avqustun 13-də Bakıda anadan olmuşam. Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin həm bakalavr, həm də magistr pilləsini bitirmişəm. Magistraturanı bitirəndən sonra universitetdə qalıb işləməyə başladım. Fikirləşdim ki, bir qədər işlədikdən sonra profilimi dəyişərəm. Universitetdə 8 ilə yaxın dərs demişəm. Sonra şans elə gətirdi ki, yolum Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən keçdi. Vakansiya olduğu üçün sənədlərimi bura verdim, müsabiqələrdən keçdim və qəbul olundum. İnanıram ki, axıra kimi etimadı doğruldacam. Özümü şanslı sayıram. Çünki həyatımda mənə yol göstərə biləcək, kömək olacaq insanlar çox olub. O insanlardan da biri hazırda çalışdığım idarənin rəhbərliyidir.

- Uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Ailədə 3 uşağıq, məndən kiçik iki qardaşım var. Belə valideynlərim olduğu üçün Allaha təşəkkür edirəm. İnsanlar ailəsini seçə bilmir. Ona görə, çox şükür edirəm. Bu gün hansısa bir nailiyyətim varsa, nəyəsə görə ruhdan düşmürəmsə, valideynlərim sayəsindədir. Atam uzun illər hərbçi işləyib, son 3 ildir təqaüdə çıxıb. Onun polkovnik-leytenant rütbəsi var. Anam isə Xarici Dillər Universitetində ingilis dili filologiyası üzə dərs deyir, dosentdir. Qardaşlarımdan biri məndən 2, digəri isə 8 yaş balacadır. Belə...

- Hansı məktəbdə oxumusunuz?

- Xətai rayonu 249 saylı orta məktəbdə oxumuşam. Bizə Azərbaycan dilindən dərs deyən Lalə Rəfiyevanı xatırayıram. Onun adını çox böyük fəxrlə vurğulamaq istəyirəm. Çünki bizim çox qayğımıza qalıb. Bu vaxta kimi də o müəllim ilə əlaqəm var.

- Universitet illərinizdən danışaq...

- Universitet illərim daha çox yadımdadır, nəinki məktəb. Aktiv tələbə olmuşam, dərslərimi yaxşı oxumuşam. Həm universitet, həm də magistraturanı qırmızı diplomla bitirmişəm. Bilmirəm niyə, amma hələ də universitet illərində dərsdən qaçmamağımın peşimançılığını çəkirəm. Həqiqətən, universitetdə bir dəfə də olsun dərsdən qaçmamışıq. Amma düşünürəm ki, o da lazım idi. Tələbəlik illərinin ən maraqlı məqamı dərsdən qaçmaqdır. Dərsə çox alüdə olmuşuq. Universitet vaxtı keçilən bəzi fənnlərin lazımsız olduğunu düşünürdük. Amma indi görürəm ki, müəyyən məqamlarda həmin fənnlər insana lazım olur. Gənclərə məsləhət görərdim ki, öz şanslarını xarici təhsildə də sınasınlar. Xaricdə təhsil aldıqdan sonra isə ölkəmizə qayıdıb, gələcək nəsillərə yol göstərsinlər. Bəzən çox savadlı bir tələbə yol göstərəni olmadığı üçün nə edəcəyini bilmir. Ona görə, bu məsələ olduqca vacibdir.

- Hansi işlərdə çalışmısınız?

- Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Regionşünaslıq kafedrası ilk iş yerim olub. Sevdagül Əliyeva bizim müəllimimiz olub. Ona çox böyük təşəkkürümü bildirirəm. İnsan bəzən nədənsə inciyə, küsə bilir, amma bu gün ona təşəkkür edirəm. O, necə deyərlər bizi “rəndələyib” (gülür). Bu gün müəyyən bir vərdişlər varsa, ona görədir. Pedaqoji fəaliyyətim bu işə uyunlaşmağımda mənə çox böyük köməyi olub.

- Övladınıza vaxt ayıra bilirsiniz?

- Bir qız övladım var. Çalışıram ki vaxt ayırım. Həftə sonları onunla bərabər nə isə etməyə çalışırıq. Sərbəst olmasını istəyirəm. Təkcə maddi cəhətdən yox, mənəvi cəhətdən də ona qayğı göstəririk. Ərköyün olmasını istəmirik, bunu gələcək göstərəcək.

- Bəs, özünüzə necə?

- Musiqi həyatımın bir hissəsidir. Lirik musiqilərə çox az qulaq asıram. Əhvali-ruhiyyəmi düzəltmək istəyirəmsə, mütləq şux bir musiqiyə qulaq asmalıyam. Atam hərbçi olsa da, çox yaxşı əl qabiliyyəti var. Çox gözəl rəsmlər çəkir. Ona görə, məndə də rəsmə maraq var. Lakin mən çəkməkdən daha çox rəngləməyi sevirəm (gülür). Zehni yorğunluğu fiziki yorğunluq kimi dincəlməklə çıxarmaq olmur. Rəsmləri rəngləmək əqli yorğunluğumun aradan qaldırılmasında mənə çox kömək olur. Həmçinin, filmə baxmağı sevirəm. Həyati, pozitiv kinolara baxmaq insanı ruhlandıra bilir. Onsuz da qayğılarımız çoxdur, gündəlik internetdə qarşımıza onlarla neqativ xəbər çıxır. Ona görə, pozitivə yüklənmək lazımdır.

- Sizcə neqativliyə meyillilik nə ilə bağlıdır?

- Bəzən reytinq xətrinə hansısa bir məsələni şişirdirlər. Məsələn, sırf xəbərin oxunması üçün hansısa bir məlumatı yalan başlıqla verirlər. Nəticədə əhali arasında ajiotaj yaranır. Bəzən olur ki, bizim verdiyimiz məlumatın izah hissəsini çıxarıb, birbaşa siyahını verirlər. Bu da oxucular arasında çaşqınlıq yaradır. Hamının ailəsində xəstə insan var. Dərman çox həssas mövzudur. Jurnalistlərdən xahiş edirəm ki, belə mövzulara həssas yanaşsınlar. Dərman Milli Təhlükəsizlik Konsepsiyasında yer alan strateji məhsullardan biridir. Ona görə, nəyi, necə yazmalı olduqlarını öncədən düşünsünlər.

- Azərbaycanda dərmanların qiymətləri dövlət tərəfindən tənzimləndikdən sonra cəmiyyətdə qiymətlərin bahalaşması ilə bağlı iddialar yarandı. Bu, doğrudurmu?

- Bu, iqtisadiyyatla bağlı olan bir şeydir. Dərmanı gətirən şirkətin müəyyən məsrəfləri və mənafeləri olur. Hər bir dərman şirkətinin özünün planlaşması var. Sözün düzü, qiymətlər bizə aid deyil, Tarif Şurasının səlahiyyətindədir. Bizə əsasən dərmanın qeydiyyatdan keçməsi, keyfiyyət analizlərinin yoxlanılması və idxalla bağlı məsələlər aiddir.

- Həkimlərin firma dərmanları yazmasına qarşı aparılan mübarizə bu gün hansı vəziyyətdədir?

- Bu gün isanların xəstəliyindən sui istifadə edən həkimlər var. Bununla bağlı artıq işlər görülür, hətta bir çox həkim cəzalandırılıb. Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Baş Gömrük İdarəsi və Bakı Baş Prokurorluğunun əməkdaşlığı nəticəsində işlər aparılır. Bu işlər nəticəsində qeydiyyatsız dərmanlar üzə çıxarılıb, bir çox həkim nəzarətə götürülüb, hətta vəzifədən kənarlaşdırılıb. Bunlar hamısı mübarizənin nəticəsidir. Lakin hər şeyə nəzarət etmək mümkün deyil. Bu işdə əhalinin də nəzarəti önəmlidir. Vətəndaşlar dərmanların keyfiyyəti, qablaşdırılması ilə bağlı problemlə qarşılaşarsa, qaynar xəttlərimizə müraciət edə bilərlər. Əməkdaşlıq bərabər olmalıdır. (Qaynar xəttlər: 012-596-07-12, 012-594-57-27, 012-594-57-37)

- Bahalı dərmanları ucuz təsirediciləri ilə əvəz etmək olarmı?

- Həkim resept yazarkən dərmanın beynəlxalq patentləşdirilmiş adını yox, onun tərkibində olan əsas təsiredici maddənin adını yazmalıdır. Təsiredici maddə müxtəlif adlarda ola bilər. Dərmanın qiyməti onu istehsal edən ökədən asılıdır. Məsələn, Rusiyadan Azərbaycana dərman ixracı daha ucuz başa gəlir. Çünki qonşu ölkədir. Yol, saxlanma məsələsi dərmanın qiymətinə təsir edən faktorlardır. Dərmanın təsiredici maddəsinin yazılması alıcıya seçim imkanı verir. Təbii ki, orada həm istehsalçı, həm də qiymət fərqlənəcək. Ona görə də, Səhiyyə Nazirliyi tərəfindən reseptə dərmanın beynəlxalq patentləşidirilmiş adı yox, təsiredici maddəsinin yazılması qərarı qəbul olunub.

- İş vaxtı bitdikdən sonra telefonunu söndürən mətbuat katiblərinə münasibətiniz necədir?

- Mən elə deyiləm. İş telefonumu həftə sonları da özümlə aparır, gələn zənglərə səlahiyyətim çərçivəsində cavab verirəm. Mətbuat katibi işləyiriksə, bunu nəzərə almalıyıq. Ümumiyyətlə, bu sahə üzrə işləmək xüsusi bacarıq tələb edir. Mətbuat katibi siyasətçil olmalıdır. Çünki hər bir sözün hökmü var.

- Ev işləri, mətbəxlə aranız necədir?

- Mətbəxdə olmağı çox xoşlayıram. Ora mənim dincələ biləcəyim bir yerdir. Yemək bişirməyi çox sevirəm. O, mənə musiqiyə qulaq asmaq, rəsm rəngləmək qədər xoş təsir edir. Ev və çöl işlərini birlikdə idarə etmək çətindir, amma çalışıram ki çatdırım.

- Qadının işləməsi sizcə vacibdir?

- Fikrimcə, cinsiyyətindən asılı olmayaraq hər bir şəxsin işi olmalıdır. Belə bir deyim var: “Xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir”. Bu fikrə qatılıram.

- Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu günə kimi hansı uğurlu işlərə imza atıb?

- Direktorumuz Murad Süleymanovun gəlişindən sonra idarənin strukturunda “Bir pəncərə” xidmətinin yaradıldı, Bioloji Aktiv Əlavələrin (BAƏ) ekspertizasının aparılması baş verdi, həmçinin dərman vasitələri ilə bağlı qanunvericilikdə bir çox dəyişikliklər edildi. Hazırda dərmanların GMP standartlarına uyğunluğu ilə bağlı işlər aparılır. Dərmanlarını ölkəmizdə qeydiyyata salmaq istəyən şirkətlərin zavodlarına inspektorlar göndərilir. Həmin inspektorlar sözügedən firmalara gedir, dərman istehsalına birbaşa nəzarət edir, onu qiymətləndirirlər.

Mərkəzdə hənçinin Farmoko Nəzarət sistemi yaradılıb. Bu sistem dərmanların əlavə təsirlərini öyrənir. Dərmanlar istehsal olunan zaman onun əlavə təsirləri bilinmir. Bunun üçün on illər lazımdır. Yaradılan bu sistem vasitəsilə qısa zamanda çox işlər görülüb. Ümumiyyətlə, Murad Süleymanovun gəlişindən sonra yeni istiqamətlər inkişaf etdi. Əlbəttə nazirimizin dəstəyi ilə. Oqtay müəllim yenilikləri, inkişafa aparan tendensiyaları həmişə dəstəkləyir.

- Sonda oxucularımıza nə demək istəyərdiniz?

- İlk növbədə təşəkkürümü bildirirəm. İnsan hər şeyə qadirdir, onun əlindən hər şey gəlir. Lakin bəzən nəyisə bəhanə edib, tənbəllik edirik. Belə bir deyim var: “Oxumaq istəyən kitab tapır, oxumaq istəməyən isə bəhanə”. İnsanlar əsas özlərinə əmin olsunlar. Məsləhət görərdim ki, insanlar yaxınları, doğmaları ilə daha çox vaxt keçirsinlər. Bir də ruhdan düşməsinlər əsas. Çünki hər bir əziyyətin mükafatı var.

Xəyalə Məmmədova

Fotolar: Sərvan Şəldiyev

“Səlim Müslümov gələndən sonra oradan uzaqlaşmalı olduq” - İlham Məmmədovla MÜSAHİBƏ – Tıklayın!

"20 ildir kirayədə yaşayıram" - Anar Nəcəfli ilə MÜSAHİBƏ

"Etiraz olaraq qalstukları yandırdıq" - Tural Müseyibovla MÜSAHİBƏ

“Bazarın yeməkxanasında 1 il qabyuyan işləmişəm” - Nəsimi Paşayevlə MÜSAHİBƏ

“Adi bir qəzet elanı ilə işə düzəldim” - Dilarə Zamanovayla MÜSAHİBƏ

"Ailə mənim üçün ilham mənbəyidir" - Nərmin Həsənovayla MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI