Play Store

“Mümkün məsələdir ki, ABŞ tətbiq olunan sanksiyaları dayandırsın” – Arzu Nağıyev

Xəbər verdiyimiz kimi, ötən gün Sinqapurun Sentosa adasındakı “Kapella” mehmanxanasında ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen İn arasında tarixi görüş keçirilib.

Metbuat.az-ın məlumatına görə, dövlət başçıları bir-birlərinin əllərini sıxaraq salamlaşıblar. Ardınca isə onlar təkbətək görüşə yollanıblar. Təkbətək görüş 35 dəqiqədən çox davam edib. Görüşün yekunlarına dair açıqlama verən ABŞ prezidenti, Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətləri olduğunu deyib. O, görüşün yaxşı keçdiyini bildirib.

Daha sonra Donald Tramp və Kim Çen In arasında geniş tərkibli görüş keçirilib. Toplantı zamanı Vaşinqton və Pxenyan arasında münasibətlərin formalaşması, Koreya yarımadasında daimi sülhün bərqərar edilməsi və nüvəsizləşdirmə prosesinin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, bu, çox tarixi əhəmiyyətli görüşdür: “İndiyə qədər Şimali Koreyanın nüvə proqramı və onlara tətbiq olunan sanksiyalarla bağlı Amerika Birləşmiş Ştatlarının rəhbərliyi heç vaxt Şimali Koreya rəhbərliyilə görüş keçirməmişdi. Bu özü çox təqdirəlayiq haldır ki, belə bir tarixi görüş baş tutdu. Bu görüşün Sinqapur ərazisində baş tutması da mühüm əhəmiyyət kəsb edir. Sinqapur elə mühüm əhəmiyyətli yerdir ki, hər iki dövlət üçün görüşün orada keçirilməsi də tarixə düşən məsələdir.

Digər məsələ ondan ibarətdir ki, ümumiyyətlə çalışırlar ki, Şimali və Cənubi Koreya arasında mühüm əhəmiyyət kəsb edən sazişlərin imzalanması nəticəsində xalqların birləşməsi baş tutsun. Əsas məsələ ondan ibarətdir ki, burada qəbul olunan qərarlar, qol çəkilən hər hansı protokolların gələcəkdə icra mexanizmi necə ola bilər? Ümumiyyətlə baxanda ki, onlar hansı heyətlə görüş keçirir, mümküm məsələdir ki, ABŞ tətbiq olunan sanksiyaları dayandırsın. Bu, birinci məsələdir.

Digər məsələ isə odur ki, buna Çin, İran və Rusiya necə reaksiya verəcək? Yəqin ki, bu ölkələrin reaksiyası da o olar ki, əgər bu görüşlər sırf sülhməramlı məqsəd daşıyırsa, düşünürəm ki, onlar da buna müsbət reaksiya verə bilər. Bir daha qeyd etmək istəyirəm ki, əgər belə bir miqyasda görüşlər keçirildisə, ABŞ bu addımı atdısa, yəqin ki, qol çəkilən və qəbul edilən qərarlar mütləq şəkildə qəbul olunacaq. Ümumiyyətlə burada məqsəd nə idi, onlar hansı məqsədlə bu addımı atdılar, bunu da yaxın gələcəkdə görəcəyik”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR