Play Store

“TANAP-ın Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkillərindən açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. TANAP layihəsinin istismara verilməsinə həsr olunmuş mərasim açıq elan olunub.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Daha sonra isə Şimali Kiprin lideri Mustafa Akıncı, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Ukrayna Prezidenti Petro Poroşenko, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər. Çıxışlardan sonra TANAP layihəsi işə salınıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, TANAP çox böyük, mühüm və unikal layihədir: “Necə ki, XX əsrdə, 1994-cü ilin 20 sentyabrında “Əsrin kontraktı”nı imzaladıq, bu da faktiki olaraq XXI əsrin kontraktıdır. Bu layihənin Azərbaycan üçün həm siyasi, həm də iqtisadi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, burada iri dövlətlər iştirak edirlər və o dövlətlərin iri şirkətləri Azərbaycana sərmayə qoyacaqlar. Bu isə Azərbaycanda stabilliyi, müstəqilliyi daha da möhkəmlətmək üçün qarant rolunu oynayacaq.

İqtisadi əhəmiyyəti isə budur ki, bu layihə ilə Azərbaycana təxminən 40 milyarda yaxın sərmayə qoyulacaq. Ölkəmizdə təxminən 35-36 min yeni iş yeri açılacaq, Azərbaycana əlavə dividentlər gətirəcək. Azərbaycanın qaz ehtiyatı çox böyükdür, neçə trilyon kubmetrlərlə qaz ehtiyatımız var. Sonradan Xəzər dənizinin dibi vasitəsilə bu layihəyə Türkmənistan və İran da qoşula bilər, danışıqlar gedir. Yəni, bu çox böyük, əhəmiyyətli layihədir.

Bu layihənin həyata keçirilməyini istəməyən dövlətlər də var idi. Amma çox yaxşı oldu ki, o dövlətlər kənarda qaldı və prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoyaraq Türkiyə dövlətilə, prezident Rəcəb Tayyib Ərdoğanla birgə bu layihəni həyata keçirməyə başladılar. Layihə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu layihə ilə ölkəmizə əlavə vəsaitlər daxil olacaq. Layihədə iştirak edən bütün dövlətlər də, Türkiyə, Kipr və digər dövlətlərin hamısı bu layihədən müəyyən gəlir əldə edəcəklər”.

Millət vəkili Rüfət Quliyev isə Metbuat.az-a açıqlamasında bildirib ki, TANAP layihəsinin açılışının Azərbaycan iqtisadiyyatı üçün böyük töhfəsi olacaq: “Bir neçə ölkənin də bu layihəyə qoşulacağı gözlənilir. Siyasi tərəfdən isə beynəlxalq arenada Azərbaycanı nüfuzu təbii ki, daha da artacaq. Dediyim kimi, həm iqtisadi üstünlüyü var, həm də beynəlxalq arenada, o cümlədən də Avropada nüfuzumuz daha da artacaq”.

Qeyd edək ki, 80%-i Azərbaycana (20%-i Türkiyə) məxsus olan bu boru xəttinin uzunluğu 1850 km dir. Türkiyə ərazisində Ardahandan Əskişəhərə qədər uzanır. İldə 16 milyard m3 (2026-da 31 mlrd m3) qaz nəql edəcək layihə dünyanın ən böyük layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin əsas tərkib hissəsidir.

Günay Elşadqızı / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR