2017-ci ildə SOCAR-ın xalis mənfəəti - 6 dəfəyə yaxın artıb

Audit olunmuş maliyyə hesabatlarına əsasən, 2017-ci ildə SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq, 92,6 milyard manata çatdırıb.

SOCAR-dan Metbuat.az-a verilən məlumata görə, şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artıb, 2,09 milyard manata yüksəlib. SOCAR ümumi aktivlərini 16 faiz yüksəldərək , 61,3 milyard AZN-ə çatdırıb. Ümumilikdə hesabat ilində şirkətin maliyyə nəticələri neft sənayesi böhranından əvvəlki səviyyəni üstələyib. 2017-ci ildə SOCAR-ın daha yüksək maliyyə nəticələrinə nail olması əsasən aşağıdakı amillərlə bağlıdır:

• 2017-ci ildə SOCAR üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 3 dəfəyə qədər artırıb, nəticədə şirkətin ümumi ticarət dövriyyəsi 2 dəfədən çox yüksəlib;

• neft-kimya məhsullarından daha yüksək gəlir əldə edilib;

• dünya bazarlarında xam neftin qiyməti əvvəlki ilə nisbətən 25-30 faiz civarında yüksəlib;

• SOCAR Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yataqlar blokunun əməliyyatçısı olan ABƏŞ-də öz payını artırıb.

Digər tərəfdən SOCAR-ın AÇG-dəki payının artması, “SOCAR Georgia Energy” şirkətindəki payının 75,5 faizə yüksəlməsi, eləcə də neft qiymətlərinin artması fonunda xammal və investisiya xərclərinin artması kimi faktorlar, təbii olaraq, şirkətin ümumi xərc və öhdəliklərinin artmasına səbəb olsa da, şirkətin ümumi aktivlərinin artımı ümumi öhdəliklərin artım tempindən yüksək olub. Belə ki, SOCAR-ın ümumi aktivləri və ümumi öhdəlikləri arasındakı müsbət fərq təqribən 22 milyard AZN təşkil edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2017-ci ildə əldə edilən göstəriciləri qiymətləndirərək deyib: “Ötən ilin maliyyə nəticələri bunu göstərir ki, SOCAR artıq qlobal neft sənayesində baş vermiş böhrandan əvvəlki nailiyyətlərini üstələyə bilib. Bu yüksək göstəricilər Azərbaycan neftçilərinin peşəkarlığı, fədakarlığı və işə məsuliyyətli yanaşması sayəsində əldə olunub. SOCAR öz gəlirini artıq yalnız Azərbaycan neftinin satışından deyil, daha çox üçüncü tərəflərin və neft-kimya məhsullarının satışından əldə edir. Bu da, SOCAR olaraq, həyata keçirdiyimiz davamlı inkişaf strategiyasının effektivliyinin bariz göstəricisidir”.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib: “Son illərdə SOCAR apardığı fəal maliyyə əməliyyatları nəticəsində kənardan sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilib və bunun sayəsində bir çox yeni layihələri həyata keçirməyə nail olub. Artıq bu il SOCAR-ın 6 nəhəng layihəsi istismara verilir. Təbii ki, əvvəlki illərdə həmin layihələrlə bağlı götürülən maliyyə öhdəliklərinin artımı nəzərə çarpırdısa, yaxın gələcəkdə biz alınan vəsaitlərin gətirdiyi bəhrələri daha açıq şəkildə görəcəyik. Hazırda SOCAR-ın aktivləri şirkətin maliyyə öhdələklərini üstələyir və bu müsbət fərq təqribən 22 milyard AZN təşkil edir”.

Əvvəlki illərdə olduğu kimi beynəlxalq audit şirkəti olan Ernst & Young Holdings (CIS) B.V. SOCAR-ın 31.12.2017-ci il tarixinə hazırlanmış maliyyə hesabatlarına müsbət rəy verib. Ötən hesabat illəri ilə müqayisədə 2017-ci ildə aparılmış əlavə tədbirlər nəticəsində audit rəyinin təxminən 1 ay əvvəl alınmasına nail olunub.

Son 10 ildə SOCAR-ın ümumi gəlirləri 20 dəfəyə yaxın, xalis mənfəəti isə 4 dəfədən çox artıb. Qeyd edilən dövrdə şirkətin ümumi aktivləri 5 dəfəyə yaxın yüksəlib, o cümlədən, cari aktivləri təqribən 8 dəfə, uzun müddətli aktivləri isə 4 dəfə artıb.

Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır – Ramazan bayramı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR