Play Store

““İki sahil” qəzetini təsis edəndə təzyiqlərlə üzləşmişik” - Vüqar Rəhimzadə ilə müsahibə - FOTOLAR

Metbuat.az-da “Medianın üzü” adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.

Layihəmizin budəfəki qonağı “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Mətbuat Şurasının İdarə Heyətinin üzvü,Əməkdar jurnalist, Milli Məclisin II çağırış deputatı olmuş Vüqar Rəhimzadədir.

- Vüqar müəllim, istərdim müsahibəmizə Naxçıvanda keçirdiyiniz uşaqlıq illərinizdən başlayaq. O illəri necə xatırlayırsınız?

- 1967-ci il mayın 24-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndində anadan olmuşam. Uşaqlığım həmin kənddə keçib, orta məktəbi də orada oxumuşam. Otağımda da kəndimizin şəkli var. 1984-cü ildə orta məktəbi bitirmişəm. Mənim əkiz qardaşım da var, İlqar Rəhimzadə. Çoxuşaqlı ailə olmuşuq, anam qəhrəman ana olub. Atam çoxdan vəfat edib, anam isə bir neçə il öncə dünyasını dəyişib. Biz imkanlı, cah-cəlallı şəraitdə böyüməmişik, etiraf edirəm ki, çətinliklə böyümüşük, bunu şərəflə deyirəm. Bizim Saltaq kəndi ilə o vaxtkı Noraşen, indiki Göydərə kəndi bir Sovetlik idi. Cəfər Cabbarlı adına sovxoz var idi, orta məktəbdə oxuya-oxuya həm də sovxozda işləmişik. Beləliklə həm təsərrüfat, həm kənd həyatı ilə məşğul olmuşuq, həm də məktəbdə oxumuşuq. Məktəbdə iki sinif var idi – A və B sinfi. Biz B sinfində oxumuşuq əkiz qardaşım İlqarla birgə. 1984-cü ildə orta məktəbi bitirən il Məşədi Əzizbəyov adına Neft Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşam. Yenə də qardaşım İlqarla bir müddət eyni qrupda oxumuşuq. Ailə şəraitimiz çətin olduğuna görə axşam şöbəsində təhsilimizi davam etdirmişik, gündüzlər işləyib, axşamlar oxumuşuq. Bir il oxuyub imtahanlarımızı vaxtından əvvəl uğurla verib hərbi xidmətə getdik.


- Dediniz ki, ailənizin çətin şəraiti ilə əlaqədar gündüzlər işləyib, institutun axşam şöbəsində oxumusuz. Yəqin ki, o çətin dövrdə tələbəlik həyatını da ürəyinizcə yaşaya bilməmisiniz. Buna görə təəssüfləndiyiniz zamanlar olubmu?

- Düşünmürəm ki, tələbəlik həyatını yaşaya bilməmişəm. Təbii ki, əyani oxuyanların tamam başqa cür tələbəlik həyatı olur. Universiteti əyani oxuyursan, tələbəliyin xüsusiyyətlərini daha yaxından dadırsan. Özünü tərifləmək kimi çıxmasın, amma həqiqətən də çox yaxşı oxumuşam. Hətta axşam oxuya-oxuya bir çox fənlərdən “əla qiymətlər” alırdım. Məsələn, texniki fənləri çox yaxşı bilirdim.Bizdə tərsimi həndəsə, ali riyaziyyat fənlərini keçirdilər, bu fənləri çox yaxşı bilirdim. İnstitutda oxuyanda fənlərə sevgi səni tələbəliyin müəyyən bir pilləsinə gətirib çıxara bilir. Axşamtəhsil almağın da öz ləzzəti var. Sadəcə olaraq qaranlıq düşəndə təhsil alırsan. Mənim yaxşı mənada ən böyük qazancım o idi ki, oxuya-oxuya həm də iş stajım gedirdi. Neft-Kimya İnstitutunu bitirməmiş artıq çoxtirajlı qəzetin redaktoru idim. Hətta “İki sahil” qəzetinin baş redaktoru olanda hələ institutu bitirməmişdim. 1984-cü ildə İnstituta girib bir il təhsil almışam. Sonra 2 illik əsgərlikdə olmuşam. Bildiyiniz kimi, qiyabi, axşam şöbəsində təhsil bir il çox olur.Dediyim kimi, qazancım o idi ki, institutu bitirəndə işim var idi, qəzet redaktoru idim. Amma əyani oxuyanda belə etmək olmurdu.

Düzdür, o vaxtı göndərişlər var idi, gənc mütəxəssis kimi imkanlar var idi onların işləməsinə. Amma düşünmürəm ki, mən nəsə itirmişəm. Oxuyub, paralel olaraq işləmişəm. Mən tələbə olan zaman Heydər Əliyev kimi dahi bir insanla görüşmüşəm. 1985-ci ildə hərbi xidmətə getmişəm. Əvvəllər Azərbaycan çox da tanınmırdı, Heydər Əliyevin adı ilə tanınırdı. Hərbi xidmətdə olanda mənə sual verdilər ki, “hardan gəlmisən?” Dedim Azərbaycandan. O dəqiqə mənə dedilər ki, “Земля Гейдара Алиева.”Mənim üçün şərəfli tarix olub ki, tələbə olan zaman dahi şəxsiyyət Heydər Əliyevdən təkbətək müsahibə almışam. Milyonlarla insan olub ki, Heydər Əliyevlə görüşmək arzusu olub, onlar üçün əlçatmaz bir zirvə olub. Düşünürəm ki, axşam oxumağımla çox şey əldə etmişəm. Çünki təhsil almaqla paralel olaraq həyatımı formalaşdırmaq üçün digər məsələləri həll etmişəm.


- Adətən texniki fənlərə maraq daha çox olanda humanitar fənlərdən uzaq olursan və ya əksinə. Siz bunları necə uzlaşdıra bildiniz?

- Bilirsiniz, Sovet dövründə Hüquq və Jurnalistika fakültələri üçün 2 il iş stajı tələb olunurdu. Bir redaksiya ilə əməkdaşlıq etməliydin və sonra arayış verməliydin. O fakültələrdə təhsil ala bilmək üçün təqdimat lazım idi. Mən isə sadəcə olaraq ştatdankənar müxbir kimi əməkdaşlıq etmişdim. Mənim özümdən böyük bir qardaşım var Məhəmməd adında. O, əkiz qardaşımla məni hazırlaşdırdı, dedi “gedin, özünüzü sınayın”. Mən əslində Neft Kimya İnstitutunda oxumağı çox da istəməmişəm. Sadəcə olaraq imtahanın nə olduğunu bilmək istəmişəm, imtahan vermişəm, tale elə gətirib ki, mən həmin instituta daxil olmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra o institutdan çıxmaq istəyirdim. Amma evdə təkid etdilər ki, oxu, çıxmağa qoymadılar. Mənim jurnalistikaya, bədii yaradıcılığa kifayət qədər böyük marağım olub. Dediyim kimi, orta məktəb illərində respublikanın müxtəlif mətbu orqanlarında bəlkə də 100-dən artıq məqaləm çap olunub. Hər ay qonorar alırdım, 9 manat, 11 manat və s. Dediyim kimi, hətta qonorarımı toplayıb özümə uşaqlıq arzum olan velosiped də almışdım.

Baxmayaraq ki, texniki sahədə oxumuşam, ürəyimin böyük bir hissəsi yaradıcılıqda olub. Neft Kimya İnstitutunda oxuyanda da aparıcı qəzetlərlə əməkdaşlıq edirdim. Məni o qəzetə elə-belə dəvət etməmişdilər. Görürdülər ki, məqalələrim çıxır və yaradıcılığımı nəzərə alaraq 1989-cu ildə həmin qəzetə dəvət etdilər. Beləliklə, mən Neft Kimya İnstitutunu yaxşı nəticə ilə bitirdim. Həmin instituta girmək asan idi, oxumaq çətin. Mən Neft Kimya İnstitutuna girmişəm, Sənaye Universitetində oxumuşam, amma Neft Akademiyasını bitirmişəm. Oxuduğum təhsil ocağının adı həmin illərdə 3 dəfə dəyişib. İsmayıl İbrahimov var idi, Allah ona rəhmət eləsin, onun rektor olduğu dövrdə oxumuşam.Onun rektor olduğu dövrdə institutda çox böyük nizam-intizam var idi. Həmin dövrdə ali məktəbdə plaşla gəzmək olmazdı, ümumiyyətlə, üst geyimlə gəzmək olmazdı.Çertyojlar çox idi, çətin idi. Mən Neft-mexanika fakültəsini bitirmişəm. İldə o fakültəni cəmi 24-25 nəfər bitirirdi. Çox çətin olsa da, mən yaxşı oxumuşam. Sadəcə olaraq məsuliyyətlə yanaşmaq lazımdır və nizam-intizamlı olduqda normal vətəndaş kimi də formalaşa bilirsən.

- Vüqar müəllim, ikinci dəfə Bakı Dövlət Universitetində Hüquq fakültəsində təhsil almısınız. İkinci ali təhsil almaq hansı zərurətdən yarandı?

- Nə yaxşı ki, ikinci ali təhsili də almışam.İndi mən Bakı Slavyan Universitetində KİV-in hüquqi tənzimlənməsi fənnini tədris edirəm. Hesab edirəm ki, KİV-in hüquqi tənzimlənməsini tədris etməyimdə hüquq təhsili almağımın böyük rolu var. Vətəndaşın hüquqları nədən ibarət olmalıdır, mülki hüquq nədir, ailə hüququ nədir, ekoloji hüquq nədir, cinayət hüququ nədir, bütün bu hüquqların hamısını uzlaşdırmaq, bilmək və təbii ki, KİV-in hüququ nədən ibarət olmalıdır, jurnalistin hüququ nədən ibarət olmalıdır, onun fəaliyyəti haradan başlayır, harada bitir, bütün bunları bilməyimdə həmin fakültədə təhsil almağımın böyük təsiri var. Hesab edirəm ki, Mətbuat Şurasında və ya digər yerlərdə media sahəsindəki müzakirələrdə qazandığım o təhsildən müəyyən mənada istifadə edirəm.

- Əsgərlikdə də əkiz qardaşınızla birgə olmusunuz?

- Bəli, 2 il əkiz qardaşımla birgə İrkutsk vilayətinin Zima şəhərindəhərbi xidmətdə olmuşuq, 1985-87-ci illərdə.

- Vüqar müəllim, 2 il Vətəndən uzaqda hərbi xidmət çəkmək çətin olmadı?

- Çox çətin olub. Dediyim kimi, İrkutsk vilayətinin Zima şəhərində əsgərlik çəkmişəm. Bu yerlərin qışı çox sərt olur, hətta 40, 50 dərəcə şaxta olur. Düzdür, Naxçıvanın da qışı çox sərt olur, amma əsgərlik çəkdiyim yer tamam fərqli idi. Bizim hərbi hissə meşənin içərisində idi. Biz tikinti batalyonunda olmuşuq. Zima şəhərində hərbi xidmətdə olduğumuz vaxt Sayansk şəhərində kimyəvizavodda işləmişik. Orada həbsxanalar çox idi. İki il ata-anadan, sənin üçün doğma insanlardan ayrılasan, belə bir yerdə əsgərlik çəkəsən. Amma mənim üçün təsəlli o idi ki, əkiz qardaşım yanımda idi. Bizdən balaca olan qardaşımız var Mehman adında, əsgərlikdə ilk dəfə ondan məktub alanda kövrəlmişdim. Təsəvvür edin, doğmalarından uzaqdasan, çətin şəraitdə, heç kimlə də əlaqən yoxdu. Yalnız məktub vasitəsilə əlaqə saxlamaq mümkün olurdu. İndi hərbi xidmətdə olmaq çox asandır, öz ölkəndə, Azərbaycanda, milli ordunda xidmət etmək çox şərəflidir. Valideynlər rahat gedib övladları ilə görüşə bilir, müntəzəm əlaqə saxlayıb xəbər almaq olur. O çətin şəraitdə iki il əsgərlikdən sonra mülki həyat mənə yuxu kimi gəlirdi ki, anam-atam var, kəndimiz var. Elə bilirdim ki, elə orada doğulmuşam. Buraxılış vərəqəsi veriləndə yavaş-yavaş yenidən inanmağa başladım. Biz ən axırda -iyun ayında əsgər getmişdik. İyunun 5-i bizi buradan apardılar, bir həftə qatarla yol getmişik. İki günə apardılar Xarkova, Xarkovdan da 5 günə İrkutsk vilayətinə. Amma ən tez də bizi buraxdılar. 20 yaşımı gəlib doğulduğum kənddə, evimizdə qeyd elədim. Mayın 19-20-si biz artıq evimizdəydik.


- Dediniz əsgərlik müddətində işləmisiniz. İşiniz nədən ibarət olub?

- Biz 3-cü rotada idik, hər rotanın da öz vəzifəsi var idi. Məsələn, bir rotada rəngsazlar var idi, digərində başqa vəzifələr. Bizim rota betontökən xarratlardan ibarət idi. Dediyim kimi, əsgərlikdə Sayansk şəhərində kimyəvi zavodda işləyirdik. Bizim bölükdə 2000-ə yaxın əsgər var idi. Komandirimiz Qriqori Qriqoryeviç Çeban adlı moldovan idi. O qədər əsgər içərisində əkiz olduğumuza görə nüfuzumuz çox idi, bizə bir az xüsusi diqqət var idi, daha ehtiramla yanaşırdılar. Bütün bunlara baxmayaraq, bizim hərbi xidmət keçdiyimiz yer çox çətin olub. Çox soyuq ərazi, meşənin ortası, insanlardan uzaqda olursan, insan həyatlarını çox görmürsən, cəmiyyətdən uzaq qalırsan. Mən bir az cəzalandırılsam da, amma qardaşım İlqara əsgərlikdə çavuş rütbəsi verdilər. Bütün bunlardan sonra isə dediyim kimi, ən birinci buraxılış vərəqəsi də qardaşımla mənə verildi. Bizi xüsusi maşınlarla aparırdılar hərbi hissədən həmin Sayanskdakı kimya zavoduna işlədirdilər, günorta yeməyinə görə geri qaytarırdılar. Yeməyimizi yeyəndən sonra bir də qaytarırdılar həmin zavoda. Çox çətin olsa da şərəflə xidmət etmişik.

Əsgərlikdə işlədiyin müddətin əməkhaqqısının bir hissəsini alırsan. Bu pulun da bir hissəsini verdilər, sonra təyyarə ilə Novosibirsk şəhərinə gətirdilər, sonra da yenə təyyarə ilə Kazan şəhərinə getdik. Kazanda artıq bizim hərbi biletlərimizi verdilər. Oradan da təyyarə ilə Tbilisiyə gəldik, onda Bakıya reys yox idi. Qatarla da gəldik Bakıya. Gələndən bir ay sonra Culfadakı banka qardaşımla mənim hesabımıza hərəmizə təxminən o vaxtkı pulla 1200 manat pul göndərilmişdi işlədiyimiz 2 ildəki müddətin əməkhaqqısı. İrkutsk vilayəti həm çox ağır yerdir, həm çox soyuqdur, həbsdə olanları ora aparırlar. İrkutskda hara baxırsan həbsxanadır. Yayı da çox isti olur və ağcaqanadı çox olur.

- Vüqar müəllim, əmək fəaliyyətinizə də məktəbi bitirən il başlamısınız?

- Bəli. 1984-cü ildə həm instituta daxil olmuşuq, həm də əmək fəaliyyətinə başlamışıq. “Azərneftkimyazavodtəmir”Trestinin 1 nömrəli Təmir-Tikinti İdarəsində II dərəcəli yardımçı fəhlə kimi işə başlamışıq. O vaxtı təxminən 110 manat əməkhaqqı alırdıq. Axşam saat 18:40-da dərsimiz başlayırdı. 17 yaşımız olduğuna görə işdə bizi vaxtından 1 saat tez evə buraxırdılar.Biz elə həmin trestin yataqxanasında yaşayırdıq.Əsgərlikdən geri qayıtdıqdan sonra həmin trestdə fəaliyyətimizi davam etdirmişik, amma bu dəfə bizi bir pillə irəli keçirərək, III dərəcəli çilingər kimi işə götürüblər.


- Jurnalistika fəaliyyətinə də elə həmin trestdə başlamısınız, eləmi?

- Həmin trestin “Böyük kimya uğrunda” adlı çoxtirajlı qəzeti var idi. İndi olduğu kimi, o zaman da çoxtirajlı qəzetlər var idi, istehsalat müəssisələrinin, universitetlərin, dövlət qurumlarınınvə s. Elə indi də bir neçə universitetin qəzeti fəaliyyət göstərir. Qeyd edim ki, orta məktəbdə oxuduğum illərdə təxminən VI sinifdən Culfa rayonunda çıxan “Zəfər” qəzeti ilə, eyni zamanda, Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzeti ilə əməkdaşlıq edirdim, məqalələrim çıxırdı. Sonradan bu qəzet “Sovet Naxçıvanı” adlandırılsa da, indi yenə də “Şərq qapısı” adı ilə nəşr olunur. Uşaqlıqda ən böyük arzularımdan biri bu olub ki, velosipedim olsun, mən də digər uşaqlar kimi uşaqlığımı yaşaya bilim. Sonra məktəb vaxtı yazdığım məqalələrdən aldığım qonorarımı toplayıb özümə velosiped almışdım. O vaxtları “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Sovet kəndi” qəzetləri var idi, tələbə olanda o qəzetlərlə də əməkdaşlıq edirdim. Bütün bu yaradıcılığımı da nəzərə alaraq məni 1989-cu ildə işlədiyim trestin çoxtirajlı “Böyük kimya uğrunda” qəzetinə müxbir vəzifəsinə götürdülər. Bir il sonra, 1990-cı ildə isə həmin qəzetin redaktoru oldum.

- Bəs, necə oldu ki, Heydər Əliyevdən müsahibə götürdünüz?

- Daim yaddaşımda qalan, mənim üçün unudulmaz anlardan biri, jurnalistikadakı fəaliyyətim dövründə, həyatda ən böyük qazandığım nailiyyətlərdən biri budur ki, 1990-cı ildə ilk dəfə həmin qəzetin redaktoru olaraq ulu öndər Heydər Əliyevlə görüşüb müsahibə almışam. Onda Heydər Əliyevin Naxçıvanda olduğu, heç bir yerdə işləmədiyi vaxt idi, 1990-cı il oktyabrın 9-u, təxminən axşam saat 7-də. Görüş zamanı 1 saatdan artıq söhbətimiz olub. O vaxt Kommunist Partiyası var idi, məndən soruşdular ki, sən niyə gedib özbaşına elə müsahibə götürmüsən? Azərbaycanda və Moskvada olan siyasi hakimiyyətin o zaman Heydər Əliyevə o qədər də xoş münasibəti yox idi. Amma Heydər Əliyevə xalq sevgisi, böyük inamı, güvəni var idi.

- O müsahibə hansı qəzetdə dərc olundu?

- O zaman respublika səviyyəli bir neçə qəzetə həmin müsahibəni təqdim etsəm də, təəssüflər olsun ki,dərc etmədilər. Amma yekun olaraq o müsahibəni 4 çoxtirajlı qəzetdə dərc etdirməyə nail oldum. Mənim işlədiyim “Böyük kimya uğrunda” qəzetində, Neftayırma zavodunun “Zavod həyatı”, “Neft Daşları” qəzetlərində, eyni zamanda da,Leytenant Şmidt adına Maşınqayırma Zavodunun “Qabaqcıl texnika uğrunda” adlı qəzetində bu məqaləni dərc etdirdim. “Zavod həyatı” qəzeti çoxtirajlı qəzet kimi fəaliyyət göstərirdi, daha sonra orada işlədim.

- Dediniz ki, Heydər Əliyevlə görüşləriniz çox olub. Bu görüşlərdən müsahibədən əlavə unutmadığınız hansı xatirələriniz qalıb?

- Heydər Əliyevlə çox görüşlərimiz olub. Ulu öndər Heydər Əliyevin mənim həyatımda, şəxsən Vüqar Rəhimzadə olmağımda böyük rolu olub. O xətti tutmaq, o xətt üzrə fəaliyyət göstərmək hesab edirəm ki, ən düzgün və zaman da göstərdi ki, ən ədalətli xətt olub. Mənim çox görüşlərim olub, hətta bir neçə dəfə Ulu Öndərin xarici səfərlərində də jurnalist kimi getmişəm. İngiltərədə,Fransada və bir çox ölkədə mən Ulu Öndərlə birgə xarici səfərlərdə olmuşam. Bu səfərlər zamanı xeyli maraqlı məqamlar olub. Hesab edirəm ki, Heydər Əliyev böyük bir məktəbdir. Onun duruşu, danışığı, insanlarla rəftarı, ünsiyyəti, Vətəni sevmək, torpağa bağlılıq nümunəsi həqiqətən də vətəndaşların formalaşması üçün böyük məktəbdir.

Ən çox yadımda qalan xatirələrimdən biri budur ki, Heydər Əliyev hansı xarici ölkəyə gedirdisə, ilk növbədə, o ölkədə yaşayan azərbaycanlıları başına toplayırdı və onların problemlərini dinləyirdi, yerindəcə həll edirdi. Bu, Heydər Əliyevin vətəndaşlıq mövqeyinin nə qədər böyük olmasının göstəricisidir. Şəxsi xatirələrim çoxdur, onlar təbii ki, mənə aid məsələlərdir. Heydər Əliyevlə çoxlu söhbətlərimiz olub, Naxçıvan Ali Məclisinin sədri olanda çox görüşlərimiz olub. Sonra ölkə Prezidenti olanda da görüşlərimiz olub. Gözəl xatirələrim çoxdur.

Mənim və mənim kimi bütün vətəndaşlarımız üçün Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur, o, hər zaman qəlbimizdədir. Heydər Əliyev olmasaydı, bu gün nə müsahibə verə bilərdik, nə Azərbaycanda sərbəst yaşaya bilərdik, nədə fəaliyyət göstərə bilərdik. Azərbaycanın varlığı ümumilikdə sual altında idi. Heydər Əliyevin hər bir Azərbaycan vətəndaşının üzərində böyük əməyi var.

- “İki sahil” qəzeti nəşrə başlayan gündən baş redaktorsunuz?

- Bəli, 1991-ci ildən “İki sahil” qəzetinin baş redaktoru kimi fəaliyyətimi davam etdirirəm. Eyni zamanda, axşam oxuduğum Neft Kimya İnstitutunu da bitirdim. Tələbə olduğum sonuncu kurslarda,dediyim kimi, 1991-ci ildə yarandığı gündən bu günə qədər, 28 ilə yaxındır ki, “İki sahil” qəzetinin baş redaktoruyam.

- Baş redaktor olmağınızla yanaşı, həm də Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüsünüz...

- Partiyanın yaradılması ilə bağlı Heydər Əliyevə müraciət edən 91 nəfər ziyalıdan biri də mənəm və ən gənciyəm. 1992-ci ildə mənim 24 yaşım var idi. Ulu öndərimiz Heydər Əliyev kimi şəxsiyyətin, dahi dövlət xadiminin qurub yaratdığıvə bu gün cənab Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan böyük şərəf duyuram. Eyni zamanda,“91-lər”dən biri olduğum üçün böyükqürur hissi keçirirəm ki, gənc yaşımdan düzgün mövqe seçmişəm. Bu, mənim üçün böyük stimuldur. Gələcək həyatımda, ümumiyyətlə, fəaliyyətimdə, Vüqar Rəhimzadə olmağımda Heydər Əliyevin partiyasında təmsil olunmağımın, o insanla birbaşa təmasda olmağımın böyük rolu olub.

1997-ci ildən 2000-ci ilə qədər qəzetin baş redaktoru ola-ola mən eyni zamanda “Azərneftyağ” İstehsalat Birliyində baş direktorun sosial məsələlər üzrə müavini işləmişəm.

- YAP Siyasi Şurasının üzvü olmaq insana hansı məsuliyyəti verir?

- Çox böyük məsuliyyət verir. Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanda deyil, ümumilikdə regionda çox böyük siyasi qüvvədir. Partiyanın 700 mindən çox üzvü var, sayı günü-gündən artır. Mən Partiya yarandığı gündən-1992-ci il noyabrın 21-dən YAP Siyasi Şurasının üzvüyəm. Bu, təbii ki, bir vətəndaş kimi insanın üzərinə böyük məsuliyyətqoyur. Qəzetin baş redaktoru olmaqla yanaşı, eyni zamanda, Yeni Azərbaycan Partiyası kimi nəhəng partiyanın rəhbər orqanlarında təmsil olunmağın böyük məsuliyyəti var. Bu məsuliyyət bizim üçün şərəfli məsuliyyətdir. Partiyanın sıravi üzvü olmağın özü də böyük bir fəxarətdir.

- Bəs, deputatlıq fəaliyyətiniz necə başladı?

- 2000-ci ildə 5 saylı Culfa-Ordubad seçki dairəsindən deputat seçilmişəm. 2005-ci ilə qədər deputat kimi fəaliyyət göstərmişəm. Təbii ki, deputatlıq böyük bir etimaddır, insanın formalaşmasında böyük rol oynayır. Hesab edirəm ki, mənim həyatımda və dünyagörüşümdə parlamentdə təmsil olunduğum illərin böyük təsiri var.2005-ci ildə cənab Prezidentin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm. 2011-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə “III dərəcələri Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşam. Hesab edirəm ki, bunlar mənim kiçik əməyimə verilən böyük qiymətdir.

- Milli Məclisdə hansı komitələrdə çalışmısınız?

- Mən əsasən Müdafiə və təhlükəsizlik komissiyasında çalışmışam. Hörmətli Ziyafət Əsgərov bizim Komissiyanın rəhbəri olub. Ümumiyyətlə, deputatlıq böyük etimaddır. 125 nəfərdən biri olmaq çox qürurvericidir. Dövlətin idarə olunmasında bir parlament üzvü kimi iştirak etmək həm də seçicilərin çox böyük etimadıdır. Bir çox ölkələrdə, demək olar ki, dünyanın bütün beynəlxalq təşkilatlarında olmuşam. BMT-də, NATO-da, ATƏT-də, Avropa Şurasında dəfələrlə olmuşam. Parlament üzvü olmaq böyük həyat məktəbidir. Parlamentdə özünü necə aparmaq, necə rəftar etmək, danışmaq böyük məsuliyyətdir. Xarici səfərlər də dünyagörüşünün formalaşmasına çox böyük təsir edir. Brüsseldə NATO-da bir neçə dəfə olmuşam. NATO-nun iki qərargahı var, biri siyasi, biri də hərbi qərargah. O qərargahlarda dünyanın 25-30 ölkəsinin parlament üzvü ilə paralel olaraq tədbirlərdə iştirak etmişəm, eyni zamanda, Azərbaycanı təmsil etmişəm. Parlamentin mənim formalaşmağımda böyük təsiri olub, bura böyük bir məktəbdir. Parlament üzvü olmaq həm şərəflidir, həm məsuliyyətlidir, həm də doğrudan da qürurvericidir.


- Yenidən parlament üzvü olmaq istəyərsinizmi?

- Əvvəla, mən YAP Siyasi Şurasının üzvüyəm. O zaman da mən partiyamız tərəfindən majoritarqaydada namizəd idim. Partiyamız yenidən namizəd kimi etimad göstərərsə, eyni zamanda da seçicilər yenidən etimad göstərərlərsə, böyük məmnuniyyətlə yenidən deputat olaram. Deputat olmaq çox qürurvericidir, çox böyük şərəfli missiyadır.

- Siz həm də Mətbuat Şurasının İdarə Heyətinin üzvüsünüz və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini olmusunuz. Bu qurumlardakı fəaliyyətiniz nədən ibarətdir?

- Bildiyiniz kimi, 2003-cü ildə Azərbaycanda qeyri-hökumət təşkilatı olaraq Mətbuat Şurası yaradılıb. Azərbaycanda artıq mətbuat üzərində hər hansı dövlət nəzarət mexanizmi yoxdur. Mətbuat müstəqil şəkildə fəaliyyət göstərir. Dövlət müstəqil mətbuatın inkişafı üçün lazım olan tədbirlər həyata keçirir, Azərbaycanda mətbuatla bağlı çox zəngin qanunvericilik bazası var. Beləliklə, 2003-cü ildə Mətbuat Şurasının yaranması ilə bağlı Təşkilat Komitəsi yaradıldı. O Təşkilat Komitəsinin üzvü olmuşam və eyni zamanda 2003-cü ildən bu günə qədər jurnalistlər mənə etimad göstəriblər və qurultayda Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmişəm, bu günə qədər də bu davam edir. Eyni zamanda Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının rəhbəriyəm.

Mətbuat Şurasında fəaliyyət göstərən Apellyasiya qrupunun da rəhbəriyəm. “Qara siyahı”dan çıxmaq istəyən baş redaktorların müraciətlərinə baxırıq. 2008-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasıqəbul olundu. Bir il sonra, 2009-cu il aprel ayının 3-də isə Azərbaycan Respublikasının Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis olundu. Həmin ilin 22 mayında həmin Fondun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin olundu. Cənab Prezidentin Sərəncamı ilə 2 çağırış həmin Fondun Müşahidə Şurasının üzvü təyin olunmuşam.Daha sonra isə Müşahidə Şurasının üzvləri tərəfindən həmin Şuranın sədr müavini kimi fəaliyyətimi davam etdirmişəm.

- Mətbuat Şurası və KİVDF-nin bugünkü fəaliyyətini necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. Mətbuat Şurası Azərbaycan mediasında bir çox layihələrin aparıcı qüvvəsi olub. Məsələn, peşəkarlığın artırılması, beynəlxalq əməkdaşlıqla, beynəlxalq jurnalistika təcrübəsinin öyrənilməsi ilə bağlı kifayət qədər uğurlu layihələr var. Azərbaycanda bəzi qeyri-peşəkarların mətbuata gəlib, jurnalistikanın adını ləkələməsinə qarşı mübarizədə Mətbuat Şurası ictimaiyyətin dəstəyi ilə fəaliyyət göstərir. Dilin qorunması ilə bağlı bildiyiniz kimi, Dil Komissiyası var. Jurnalistika və dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində Mətbuat Şurasının böyük rolu var.

KİV-ə Dəstək Fondu da 2009-cu ildən bu yana çox uğurla fəaliyyət göstərir. Bir çox media qurumlarına layihələrlə media dəstəyi verir. Fərdi yazı müsabiqələrinin reallaşdırılması çox uğurlu bir addımdır. Dövlət qurumları ilə ən azı ildə 5-10 dəfə müsabiqələr keçirilir ki, bu müsabiqələr də jurnalistlərin peşəkarlaşmasına və eyni zamanda həmin mövzulara jurnalistlərin axınına səbəb olur. Bilirsiniz ki, Azərbaycan dövləti, cənab Prezident heç bir ölkədə olmayan bir məsələ - jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərar verib. Bir çox jurnalistlər, ümumiyyətlə, çətin şəraitdə yaşayıblar. Jurnalistika biznes sahəsi deyil, zavod deyil, jurnalistika yaradıcı sahədir. Cənab Prezidentin siyasi əqidəsindən asılı olmayaraq, ehtiyacı və haqqı olan jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına dair qərar verməsi hesab edirəm ki, dünyada analoqu olmayan hadisədir. Buna görə mən özüm və kollektivimiz adından cənab Prezidentə təşəkkür edirəm.

KİV-ə Dəstək Fondunun yaradılması məhz redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılması üçündür. Bir çox müstəqil qəzet redaksiyalarına bir ildə təxminən 150-160 min manat maliyyə vəsaiti ayrılır. Bu, az pul deyil, amma təbii ki, layihələr əsasında ayrılır. Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, yaxud gəncliyin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, təbliği və s. Bu layihələr 19 istiqamət üzrə həyata keçirilir. Bu, çox böyük göstəricidir. Mediadakı problemlərin aradan qaldırılması üçün bu iki qurumun qarşılıqlı əməkdaşlığı çox böyük fayda verir. Həm Mətbuat Şurasının sədri Əflatun Amaşov, həm KİV-ə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli bu sahəyə bələd olan, mətbuatın problemlərini dərindən bilən insanlar kimi mətbuatın saflaşdırılması, peşəkarlığın artırılması, redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin fərdi olaraq maddi vəziyyətinin yaxşılaşdırılması yönündə kifayət qədər böyük işlər görüblər. Bu, dövlət siyasətinin mətbuat sahəsi ilə bağlı çox böyük tərkib hissəsidir.

- Səhv etmirəmsə elmi fəaliyyətlə də məşğul olursunuz?

- Bəli, 2007-ci ildə “Söz azadlığı və Azərbaycan mətbuatı” mövzusunda dissertasiya işini götürüb 2012-ci ilin əvvəlində müdafiə etdim. Həmin ildə siyasi elmlər üzrə fəlsələ doktoruelmi dərəcəsini aldım. Hazırda mən “İki sahil” qəzetinin baş redaktoru olmaqla yanaşı, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində Jurnalistika kafedrasının dosenti kimi gənc jurnalistlərin yetişməsi üçün pedaqoji fəaliyyətlə də məşğul oluram. Eyni zamanda elmi fəaliyyətimi də davam etdirirəm. “Müasir Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin inkişaf xüsusiyyətləri” mövzusunda doktorluq işimi yekunlaşdırmaq üzrəyəm.

- Dediniz, 30 ilə yaxındır mətbuatdasınız, bu sahədə peşəkarsınız. Eyni zamanda da universitetdə jurnalist olmaq istəyən gənclərə dərs deyirsiniz. Bu gənclərə baxanda jurnalistikamızın gələcəyini necə görürsünüz?

- Azərbaycan mətbuatında kifayət qədər peşəkar jurnalistlər var. Bunu fəxrlə qeyd edirəm. Amma təəssüflər olsun ki, yaranmış münbit şəraitdən qeyri-peşəkarlar da yararlanmağa cəhd edirlər. Bu sahəyə qazanc yolu kimi baxıb mətbuata gəlib öz çirkin əməllərini yerinə yetirməyə cəhd göstərən, jurnalistika adına ləkə gətirənlər az deyil. Dərs dediyim universitetdə tələbələrim arasında gələcəyin çox peşəkar jurnalistlərini görürəm. Hətta dərs dediyim tələbələrimdən birini də “İki sahil”ə dəvət etmişəm, bizdə çalışır. Jurnalistikamızın gələcəyini yaxşı görürəm. 2013-cü il noyabrın 24-də cənab Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü. Dövlət başçısının bizimlə görüşündə belə bir fikir səsləndi ki, jurnalistikaya qəbulda qabiliyyət imtahanı olsun. Bildiyiniz kimi, Sovetlər dövründə də bu sahəyə qəbulda qabiliyyət imtahanıtətbiq olunub. Mədəniyyət və İncəsənət Universiteti, Bədən Tərbiyəsi və İdman Akademiyası, Memarlıq və İnşaat Universitetinin bəzi fakültələrinə qəbulda da qabiliyyət imtahanı tətbiq edilir.

Eyni zamanda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində də qəbul imtahanı tətbiq olundu. Bu gün Azərbaycanda 4 universitetdə jurnalistika fakültəsi var - Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində və Naxçıvan Dövlət Universitetində. Qabiliyyət imtahanının yenidən tətbiq olunması hesab edirəm ki, çox yaxşı haldır. Bildiyiniz kimi, universitetlərə qəbul test imtahanları vasitəsilə həyata keçirilir. Məsələn, III qrupdursa, birinci yazırdı Hüquq fakültəsini, sonra da başqa fakültələri. Bir neçə fakültə sırasına jurnalistikanı da yazırdı və təsadüfən gəlib düşürdü həmin fakültəyə. Evdən də məcbur edirlər ki, get həmin fakültəni oxu. Amma həmin tələbənin heç özünün marağı olmur jurnalistikada oxumağa, sadəcə qəbul olunub deyə orada oxuyur. Bizim redaksiyaya çoxlu sayda praktikaya gələn tələbələr olub ki, onlardan soruşmuşam ki, özünüz oxumaq istəmisiz bu fakültəni? Təsadüfi halda eşitmişəm ki, hansısa tələbə desin ki, “bəli, özüm seçmişəm, bu sahədə çalışmaq istəyirəm”. Əksəriyyəti bu sahəyə təsadüfdən düşürdü. Ona görə də düşünürəm ki, qabiliyyət imtahanının tətbiq edilməsinin çox müsbət təsiri olacaq. Gənc peşəkar jurnalistlərimiz formalaşır, bunu isə müsbət qiymətləndirirəm.

- Vüqar müəllim, “İki sahil” qəzetinin fəaliyyətə başladığı zamanlarda müəyyən təzyiqlərlə qarşılaşmısınız?

- “İki sahil” qəzeti yarananda çox kiçik kollektivlə fəaliyyət göstərirdik, qəzet intensiv çıxmırdı. Qəzetlər o dövrdə çox çətinliklə fəaliyyət göstərirdi. 1991-ci ildə yaratmışıq bu qəzeti, o zaman hələ də Sovet təsiri qalırdı. Bizim qəzetin yaranmasına böyük maneələr var idi, “İki sahil” adının qoyulmasına bir az siyasi çalarlar verirdilər. DövlətMətbuat Komitəsində qeydiyyatdan keçməməsi üçün nə imkan var idisə, çalışırdılar mane olsunlar. Amma çox böyük təkidlə bu qəzeti çıxara bildik. O dövrdə çox da intensiv fəaliyyət göstərə bilmirdik. Ayda bir dəfə çıxırdıq, sonradan hətta 2 ayda bir dəfə çıxara bilirdik, kollektivimiz də kiçik idi. Amma bu gün “İki sahil” qəzeti olaraq qürurla, fəxrlə deyirəm ki, artıq böyük bir kollektivimiz var, qəzetimiz gündəlik fəaliyyət göstərir.

Qəzetimizin elektron versiyası olan – ikisahil.com, eyni zamanda “İki sahil TV” internet televiziyası fəaliyyət göstərir, artıq çoxşaxəli fəaliyyətə malik olmuşuq. Hesab edirəm ki, həyatımdaqazandığımən böyük nailiyyətlərdən biri bu olub ki, qəzetin fəaliyyət dairəsinin genişlənməsində baş redaktor kimi mənim də rolum var. Təbii ki, dövlətin yaratdığı şəraitə görə bütün bunları edə bilmişik, bu imkanları bizə dövlətimiz verib. Cənab Prezidentin qarşıya qoyduğu hədəflərdən biri budur ki, mətbuat azad olsun, müstəqil şəkildə inkişaf edə bilsin, jurnalistikamızdadasöz, fikir ifadəsi tam azad şəkildə yerinə yetirilsin. Ona görə biz də bu şəraitdən yararlanmışıq və gündəlik qəzet kimi fəaliyyət göstəririk.

- Mətbuat sizi yormayıb?

- Qətiyyən. Bəlkə mən mətbuatı yormuşam (gülür), amma mətbuat məni yormayıb. 51 yaşım var, ömrümün 30 ilə yaxını mətbuatla bağlıdır. Elə təkcə 27 ildir ki, “İki sahil”dəyəm. Mən özümü mətbuatsız təsəvvür edə bilmirəm. Hansı ölkədə, hansı tədbirdə olsam da bütün gün redaksiyamızla əlaqə saxlamalıyam, məlumat almalıyam. Mən mətbuatsız yaşaya bilmərəm. Mətbuat mənim həyatımın çox böyük bir hissəsidir və mənim mən olmağımda, Vüqar Rəhimzadə kimi tanınmağımda mətbuatın kifayət qədər rolu və təsiri olub. Əgər mətbuat, qəzet olmasaydı, jurnalistika sahəsində çalışmasaydım, mən bu qədər dostu-tanışı haradan tanıyardım, Heydər Əliyev kimi dahi şəxsiyyətdən müsahibəni sıravi bir vətəndaş kimi götürə bilərdimmi? Mənə müəyyən mənada etimad göstərilir, bunun səbəbi isə mətbuatda olmağımdır. Mətbuat məni qətiyyən yormur, əksinə özümü mətbuatsız təsəvvür etmirəm.

- Vüqar müəllim, sizi daha çox “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev və “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə bir yerdə görürük. Hətta Aydın müəllimlə müsahibəmizdə də qəzetiniz və sizin haqqınızda danışmışıq. Adətən tədbirlərdə də sizin üçünüzü bir yerdə görürük. Bu dostluğun səbəbi üçünüzün də Naxçıvandan olmağınızdır?

- (Gülür) Yox, mənim dostlarım çoxdur. Məsələn, Bəxtiyar Sadıqovla da dostam. Yaş fərqimiz olsa da, biz çox yaxın dostuq. Əflatun Amaşovla fərqli yerlərdə doğulub böyümüşük, eyni zamanda yaş fərqimiz var, amma dostuq. Umud Rəhimoğlu, Elçin Mirzəbəyli, Rəşad Məcid, Vüsalə Mahirqızı, Aslan Aslanov, Akif Aşırlı, Yunus Oğuz, hamısı ilə çox yaxşı münasibətim var. Məni mətbuat bu insanlarla qarşılaşdırıb, dost olmuşuq. Təbii ki, Bəhruz müəllim və Aydın müəllimlə də çox yaxşı münasibətim var. Bəhruz müəllim və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilə münasibətlərimiz həm də eyni partiyadan olmağımızla bağlıdır. Üçümüz də YAP-ın tədbirlərində bir yerdə iştirak edirik.

KİV-ə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli ilə 30 ilə yaxın dostluğumuz var. O, əvvəl Qəzet-jurnal Ekspedisiyasının rəhbəri idi. Nəşriyyatda qəzetlərin çeşidlənməsi prosesi gedirdi. Qəzet çıxanda hansı rayona nə qədər gedəcəyini müəyyən edən sex var idi, Vüqar müəllim də həmin sexin rəisi idi. Sonra “Azərmətbuatyayımı”nın rəhbəri oldu. 1990-cı illərdə qəzetlərə xüsusi qrafik qoyurdular. Məsələn, tutaq ki, mənim qəzetim saat 21:00-da təhvil verilməli idi. Amma məqam elə olurdu ki, həmin saatda təhvil verə bilmirdim. Onda kompyuter yox idi, qəzetlərin hazırlanması, səhifələnməsi və digər texniki problemlərə görə təhvil vermək olmurdu. Qrafikdən çıxanda qəzeti qəbul etmirdilər. Amma Vüqar Səfərli bir çox qəzetlər kimi, mənim qəzetimə də böyük dəstək olub. Məsələn, görürdün ki, qrafikdən çıxmışıq, yaxud da Ulu Öndərlə bağlı bəzi yazılarımız olurdu ki, o vaxt hərbi senzura tətbiq eləmişdilər, senzura problem yaradırdı, qoymurdu. Belə zamanlarda Vüqar Səfərli bir çox qəzetlər kimi, “İki sahil”ə də böyük dəstək olub. O qrafikdən kənar olaraq deyib ki, apar çap elə, tapşırıb ki, bu qəzeti çap edin. Bu cür gözəl xüsusiyyətlərinə görə də çox yaxşı dostluğumuz yaranıb. Allah onun atasına rəhmət eləsin, atasını yaxşı tanıyırdım, evlərində çörək kəsmişik. Vüqar Səfərli mənim toyumda iştirak edib. Mənim toyum çox ağır qış şəraitində olub. Noyabr ayında Naxçıvanda maşınların belə hərəkət edə bilmədiyi vaxtda Vüqar Səfərli Bakıdan gəlib toyumda iştirak edib. Yəni hamısı ilə dostluq münasibətim var. Bu dostların hamısını özümə böyük bir arxa-dayaq bilirəm.

- Əkiz qardaşınız sizin kimi mətbuatda çalışmadı?

- Yox, o indi özəl sektorda fəaliyyət göstərir, mətbuatda olmayıb. Dediyim kimi, biz çoxuşaqlı ailə olmuşuq. Çətinliklərə, ağır həyat şərtlərinə baxmayaraq,hamımız ali təhsil almışıq. Mən ikinci təhsilimi 2000-ci ilin əvvəllərində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışam, sonra da elmi işlə məşğul olmuşam. Yəni hərəmiz öz istəyimiz və xarakterimizə uyğun sahələrdə fəaliyyətlərimizi davam etdirmişik. Hazırda doğulduğum kənddə də qardaşım var, Culfa rayonunun Saltaq kəndində Mədəniyyət evinin müdiridir, bacılarım da var.

Yenə deyirəm, bizim böyüyüb ərsəyə çatmağımızda anamın çox böyük əziyyəti olub. Təbii ki, atamın da əziyyəti çox olub, amma atam tez rəhmətə gedib. Çox çətinlik görsək də, amma hər zaman qürurlu olmuşuq. Fəxrlə deyirəm ki, nə yaxşı o əzab-əziyyəti görmüşük ki, oxuyub təhsil almışıq, hərəmiz öz yolumuzu seçmişik.Ölkəmizdə siyasi sabitliyin qorunması, ölkəmizin inkişaf etdirilməsi, dövlətçiliyimizin qorunması, cənab Prezidentin siyasətinə dəstək olmaq, vətəndaşlıq mövqeyini nümayiş etdirmək qarşımda duran ən böyük prinsipdir. Mənim üçün həyatda ən böyük faciə o olar ki, göstərilmiş etimadı itirəm. Bu, insan üçün çox ağır qınaqdır. Sənə böyük etimad göstərilirsə, bu etimadı doğrultmaq hər bir vətəndaşın ən başlıca, müqəddəs vəzifələrindən biri olmalıdır. Gərək biz də bu etimadı doğrultmaq üçün əlimizdən nə gəlirsə edək, ölkəmizin daha da qüdrətlənməsi üçün çalışaq, zərrə qədər də olsa, öz töhfəmizi verək.

- Əkizi olmaq necə hissdir, heç düşünmüsünüz ki, kaş ki, özüm tək olardım, əkizim olmazdı?

-Yox, qətiyyən belə hiss etməmişəm. Əksinə sevinirəm ki, nə yaxşı əkiz olmuşuq. Əkiz olduğumuz üçün bir yerdə hərbi xidmətdə olmuşuq. Bu, mənim üçün təskinlik idi, bütün uşaqlığımız bir yerdə keçib. İlqarla mən uşaqlığımızdan bir qabda yemək yemişik. Dediyim kimi, böyük ailə olmuşuq, çətinliklə, əzab-əziyyətlə böyümüşük. Anamız çox əzab-əziyyət çəkib, təsərrüfat, toyuq-cücə, mal-heyvan saxlamaqla çətinliklə böyümüşük. Biz də təbii ki, anamıza kömək edirdik. Amma dediyim kimi, əkiz qardaşımın olmağı mənim üçün böyük stimul, böyük güc olub. İndi də ad günlərimizdə bir yerdə oluruq. Bizim doğum günümüz 24 maydadır. Bu gündə gedib əkiz qardaşımla görüşdüm, bir yerdə çay içdik. Amma fiziki cəhətdən bir-birimizə oxşamırıq. İlqar məndən bir az hündürdür. Əkizi olmaq çox yaxşıdır, məktəbi də bir yerdə oxumuşuq, əsgərliyi də bir yerdə çəkmişik. Allah bütün arzusunda olanlara da əkiz övlad qismət eləsin.

- Vüqar müəllim, istərdim bir az da ailənizdən, gündəlik həyatınızdan danışaq...

- Ailəliyəm, 3 oğlum var. Böyük oğlum Səlim Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsini bitirib. Hərbi xidmətdən geri qayıdandan Azərbaycan DövlətTeleqraf Agentliyində (AZƏRTAC) fəaliyyət göstərir. Ortancıl oğlum RaufBakı Dövlət Universitetinin Geologiya mühəndisliyi fakültəsini bitirib və İqtisad Universitetində Magistratura pilləsində təhsilalır. Balaca oğlum Fuad isə Bakının Nizami rayonundakı “Zəngi” liseyinin IV sinif şagirdidir. Həyat yoldaşım Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib, həm bakalavr, həm də magistratura pilləsini. Hesab edirəm ki, onun mənim həyatımda və övladlarımın təhsil almasında əvəzsiz rolu olub. O, mənim həyatda ən böyük dəstəkçimdir.

Mənim başım daha çox işə qarışır, YAP-ın Siyasi Şurasının üzvü kimi siyasi fəaliyyətə görə regionlarda tədbirlərdə oluram, partiyanın tədbirlərinə gedirəm, mətbuatla bağlı Mətbuat Şurasının və ya KİVDF-nin tədbirlərində oluram, amma uşaqların təlim-tərbiyəsi ilə, eyni zamanda yaxşı təhsil almaları ilə müəllimləri ilə yanaşı, evdəki müəllimləri olan analarının da böyük təsiri var. Bu isə mənim üçün böyük dəstəkdir. 51 illik fəaliyyətim bundan ibarətdir. Amma hələ də özümü 17 yaşlı gənc kimi hiss edirəm. İdmanla məşğul oluram, piyada çox gəzirəm, üzgüçülüklə məşğul oluram. Əvvəllər ağır atletika ilə məşğul olmuşam. Hər gün işdən sonra mütləq gecə saat 12-də də olsa, Dənizkənarı Parkda yürüş edirəm.Gəzməsəm, elə bilirəm ki, nəsə itirmişəm. Eyni zamanda da dediyim kimi, vaxt tapdıqca üzgüçülüklə məşğul oluram. Qəzet mənim üçün hobbidir, həyatımı qəzetsiz təsəvvür edə bilmirəm. Mən işə də sevinə-sevinə gedirəm, istəyirəm ki, tez çatım, evə də gedəndə həmişə sevinə-sevinə gedirəm. Bunlar həyatda çox vacib məsələlərdir.

- Dediniz ki, oğlanlarınızdan biri AZƏRTAC-da işləyir. Siz istəyirsizmi övladınız yolunuzu davam etdirsin?

- Bu yaradıcı sahə insanın özündən asılıdır. Kimisə zorla aparıb bir zavod direktoru etmək olar, yaxud mühəndis və s., amma məcburən kimisə jurnalist etmək olmaz. Yaradıcı sahədə nə varsa, üzdədir. Məsələn, mən hətta imzamla gedən xəbəri işdə kiməsə oxuduram ki, birdən gözümdən nəsə qaçar. Orada mənim imzam varsa, artıq mənim deyil, cəmiyyətindir. Buna görə də yaradıcı sahədə çalışmağı heç kim məcbur edə bilməz. İndi oğlum AZƏRTAC-da işləyir. Mən bu sahəni sevirəmvə ürəkdən bağlıyam. Hesab edirəm ki, mənim mən olmağımda jurnalistika sahəsinin böyük rolu var. Oğlum da özünübu sahədə görmək istəyərsə, davam edər. Amma hələ ki bu sahəni tutub gedir. Mən istəyərəm bu sahədə olsun, amma yenə də özündən də çox şey asılıdır, təbii ki. Özü də gərək cəhd etsin, yazıb-pozsun, imzası ilə cəmiyyətdə öz nüfuzunu qazansın ki, cəmiyyət onu jurnalist kimi tanısın. Oğlum Bakı Dövlət Universitetinin Politologiya ixtisasına yiyələnib. Müəyyən planları var, magistraturanı xaricdə oxumaq istəyir. Mən istəyərəm bu sahədə qalsın, yenə də hər şey özündən asılı olacaq.

- Vüqar müəllim, sonda “İki sahil”lə bağlı planlarınız barədə nə demək istəyirsiniz?

- Kollektivimizdə bu gün 40-dan artıq əməkdaş çalışır. Mənimlə birgə hətta 1991-ci ildən indiyə qədər işləyən insanlar var. Mənim müavinim İsmayıl Hacıyev əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. İsmayıl müəllim burada mənim üçün çox böyük gücdür, I müavinimdir. Mən hətta burada 3 gün olmayım, 5 gün olmayım, 1 həftə olmayım, yenə də qəzet mənim istədiyim kimi çıxacaq. Ona görə çıxacaq ki, mən artıq bu dəst-xətti müəyyən etmişəm. Bu dəst-xətti də burdakı kollektiv çox yaxşı bilir. Arzu edirəm ki, təkcə bizim jurnalistlərimiz yox, ümumilikdə bütün jurnalistlərimiz harada işləməyimizdən və nə yazmağımızdan asılı olmayaraq, birinci dövlətçilik prinsiplərini qoruyaq. Nə yazırıqsa-yazaq, bu yazıda dövlətimizə xeyir gəlməlidir.

Jurnalistdən əvvəl mən eyni zamanda vətəndaşam. Arzu edirəm ki, bütün jurnalistlərimiz də daim vətəndaşlıq prinsiplərini özlərində hiss etsinlər. Elə xəbər var ki, cəmiyyət üçün sarsıdıcı ola bilər, elə xəbər olar ki, cəmiyyətə fəsad verə bilər. Bu şeylərdə ehtiyatlı və diqqətli olmalarını diləyirəm. Bütün yazılar, bütün qələmlər, bütün ürəklər canla-başla dövlətin inkişafına, qorunmasına və Azərbaycanımızın qüdrətlənməsinə yönəlsin.

Sizin saytınızı, Metbuat.az-ı da özümə doğma hesab edirəm. Sizdən zəng gələndə hər zaman ürəklə cavab verirəm. Sizi artıq peşəkar bir sayt kimi tanıyıram və düşünürəm ki, Metbuat.az daim bu istiqamətdə gedərsə, gələcək mətbuatımızın inkişafında öz yeri olan saytlardan birinə çevriləcək. Sizə uğurlar arzu edirəm.

Günay Elşadqızı / METBUAT.AZ

"Jurnalistlərə meydan vermək lazımdır ki, özlərini göstərsinlər" – Bəhruz Quliyevlə müsahibə/ FOTOLAR

“Deyirlər, söz azadlığı olsun, amma fikrini azad deyəni öldürməyə hazırdılar” - Vüsal Məmmədovla müsahibə

“Mediada təsadüfi adamlar çoxdur” – Emin Musəvi ilə MÜSAHİBƏ/ FOTOLAR

“Heydər Əliyevin mənə verdiyi həmin qəzeti...” – Aydın Quliyevlə müsahibə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI