Kompüter erasının 70 illiyi tamam oldu

Günümüzdə həyatımızın bütün sahələrində istifadə edilən kompüter texnologiyalarının əsası 70 il bundan əvvəl qoyulub. Mançester Universitetində quraşdırılan elektron-hesablama maşınının (EHM) ilk proqramı 1948-ci il iyunun 21-də istifadəyə verilib. EHM 52 dəqiqə davam edən iş prosesində 3,5 milyon hesablama əməliyyatı aparıb. “Mançesterli balaca” adlanan dünyanın bu ilk kompüteri Freddi Vilyamsın rəhbərlik etdiyi tələbə qrupu tərəfindən hazırlanıb.

Metbuat.az xəbər verir ki, bu tələbələrdən biri, hazırda Avstraliyada yaşayan Qordon Tomas jurnalistlərlə söhbətində ilk EHM-in II Dünya müharibəsindən sonra dağıntılara məruz qalmış tozlu universitet otağında hazırlandığını deyib. Onun sözlərinə görə, yaradıcı qrup “Mançesterli balaca”nın uğurla təqdim edilməsindən sonra “Ferranti Mark” şirkəti ilə birgə “Manchester Mark 1” maşını üzərində işə başlayıb.

“Mançesterli balaca” hazırda İngiltərədəki Elm və Sənaye Muzeyində saxlanılır. Qordon Tomas bu EHM-dən müasir kompüter texnologiyalarına qədər sürətli inkişaf yolunu xatırladaraq deyib: “Düşünürəm ki, növbəti 70 ildə kompüter texnologiyalarının təkmilləşməsi istiqaməti bizim Qalaktikanın hüdudlarından kənara yönələcək. Kainatda qonşularımızın tapılması da istisna deyil. “Mançesterli balaca” dünyanı qloballaşdıran internetin də yaradılmasına rəvac verdi. Beynəlxalq şəbəkənin yaradıcısı Tim Bernes-Linin atası da “Ferranti Mark” şirkətində mühəndis olub”.

Mançester Universitetinin professoru Ceyms Samner də hesab edir ki, “Mançesterli balaca” müasir texnologiyanın əsasını qoyub. Professor əlavə edib: “O, indiki terminlə desək, yüklənmiş proqramla işləyən ilk cihaz idi. “Mançesterli balaca” 1024 bit yaddaşa malik idi, halbuki indiki normal “ağıllı” telefonlarda beş yüz milyon dəfə çox – 64 giqabayt məlumatı saxlamaq mümkündür. Müqayisə göstərir ki, 70 ildə texnologiyanın inkişafında möhtəşəm yol qət edilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR