Play Store

“Gəncədəki hadisələrin dinlə əlaqəsi yoxdur, söhbət radikal dini qruplaşmanın üzvlərindən gedir” – Elman Nəsirov

Xəbər verdiyimiz kimi, 2018-ci il iyul ayının 3-də Yunis Səfərov adlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Ötən gün isə saat 20:00 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər: "Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş, qalanları qaçaraq ərazini tərk etmişlər."

Qeyd olunur ki, görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib: "Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar”.

Məsələ ilə bağlı Metbuat.az-a şərh verən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, Gəncədə baş verən hadisələrin əslində dinlə heç bir əlaqəsi yoxdur: “Söhbət özünü dindar, dinin təəssübkeşi kimi təqdim edən radikal dini qruplaşmanın üzvlərindən gedir. Onların Gəncə şəhərində törətdiyi iğtişaşlar Azərbaycan dövləti, dövlətçiliyi, Konstisyon hüququn əleyhinə yönəlmiş addımlardır. Gəncədə 10 iyul, axşam saat 20:00 radələrində törədilmiş hadisələr əslində 1 həftə öncə, iyulun 3-də Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktı ilə birbaşa bağlıdır və onun davamı kimi qiymətləndirilə bilər. Bu nöqteyi-nəzərdən 150-200 nəfər dini radikal qruplaşmanın üzvünün davranışı, hərəkəti terror əməli kimi qiymətləndirilməlidir”.

Millət vəkilinin sözlərinə görə, onlar adi cinayətkar sayıla bilməz, o səbəbdən ki, onların fəaliyyətində və davranışında siyasi motiv əsas motivdir, yəni, dövlət quruluşunu devirmək, sabitliyi, sakitliyi pozmaqdır: “Gəncədə baş verən iğtişaşların təhlili onu göstərir ki, dini radikal qruplaşmanın üzvlərinin həm minimum proqramı var, həm də maksimum proqramı. Minimum proqram onunla bağlıdır ki, konkret bir ərazidə, yəni, ölkənin ikinci böyük şəhəri olan Gəncədə sabitliyi, təhlükəsizlik mühitini pozmaq, eyni zamanda iğtişaşlar törətməklə vətəndaş itaətsizliyi yaratmaq, vətəndaş həmrəliyini pozmaq, bununla da Gəncəni xaosa sürükləmək, Gəncədə ilk növbədə qanuni hakimiyyəti devirmək, bunun ardınca da özlərinin maksimum proqramını reallaşdırmağı ortaya qoymağı planlaşdırırdılar.

Yəni, ölkənin digər ərazilərinə bunu transfer etmək, son nəticədə isə Bakı şəhərində analoji terror aktlarını həyata keçirib Gəncədəki proseslərin Bakıda təkrarını yaratmaq. Son məqsədləri isə Azərbaycanda qanuni hakimiyyəti zəbt etmək, Konstisyon dövlət quruluşunu devirmək və Azərbaycanı şəriət qanunları ilə idarə olunan dövlətə çevirmək idi, yəni, bu onların niyyətləri idi.

Bilirsiz, 150-200 nəfər hadisəni törədən icraçılardır, onların arxasında təşkilatlar dayanır. İlkin təhlillər onu göstərir ki, bu təşkilatlar daha çox xaricdə yerləşir və oradan bu prosesləri idarə edirlər. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, Azərbaycan güclü dövlətdir və ölkəmizin daxilində heç bir risk və təhdid yoxdur. Belə risk və təhdidlər bizə xaricdən ixrac oluna bilər, lakin onların da reallaşma əmsalı sıfıra bərabərdir, çünki Azərbaycan güclü dövlətdir. Azərbaycanda xalq-hakimiyyət birliyi var, ölkədə sabitlik, təhlükəsizlik mühiti var. Bu məntiqlə yanaşdıqda, cənab prezidentin dəqiq, doğru məntiqlə ifadə etdiyi fikirlər öz təsdiqini tapır.

Yəni, bu hadisələrin də arxasında xaricdə anti-Azərbaycan, ölkədəki inkişafı gözü götürməyən, yuxusuna haram qatılan qüvvələr dayanıb. Onlar öz mahiyyətlərilə İslamafob qüvvələrdir. Azərbaycan prezidentinin ölkədə müxtəlif dinlər, təriqətlər arasında harmoniya yaratması, multikulturalizm siyasəti həyata keçirməsi həmin o qüvvələrin planlarını pozur. “Necə edək ki, Azərbaycan bu yoldan geri çəkilsin” deyə düşünürək Gəncədə bu cür iğtişaşlar törədirlər və bu məqsədlə də dini radikalist qüvvələrdən istifadə edirlər. Amma bu qüvvələr bilsinlər ki, məkanı səhv salıblar, Azərbaycanda belə ssenariləri reallaşdırmaq qeyri-mümkündür. Çünki Azərbaycan sivil, dünyəvi, demokratik dövlətdir, ölkədə xalq-hakimiyyət birliyi var və bu sınaqdan daha da möhkəm çıxdı”.

- Yunis Səfərovun şəklini “Facebook”-da paylaşıb, aksiyaya səsləyən səhifələr ortadadır. Niyə o səhifələrin idarəçiləri barədə beynəlxalq axtarış elan olunmur?

- Hadisələrin gedişatı onu göstərir ki, Azərbaycanın hüquq-mühafizə orqanları, qurumları bu istiqamətdə real hərəkətə keçəcəklər, bu sirr deyil. İstintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. İlk növbədə təkcə icraçılar deyil, həm də onun arxasında dayanan təşkilatların dəqiqləşdirilməsi prosesi gedir. Belə olan vəziyyətdə onlar istər ölkə daxilində olsun, istər xaricdə olsun, bu müstəvidə də hüquqi addımların atılması gözləniləndir. Çünki əks halda Azərbaycan dövləti üçün növbəti dəfə də belə sınaqlar ola bilər, bu isə bizə qətiyyən lazım deyil. İsti-isti bu məsələyə qiymət vermək istəməzdim, amma soyuq məntiqlə yanaşdıqda bu məsələlər istiqamətində də əməli tədbirlərin keçiriləcəyi şübhə doğurmur.

Günay Elşadqızı / METBUAT.AZ

Şəhid olan polislərimiz kimlərdir? - DOSYE


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR