Play Store

“Bu sənəd Avropa İttifaqının faktiki olaraq Ermənistanın işğalçılıq siyasətini qəbul etməsi deməkdir” - Açıqlamalar

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün NATO-nun Brüsseldə keçirilən toplantısında iştirak edib.

Metbuat.az xəbər verir ki, səfər çərçivəsində prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verib. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd edib. Söhbət zamanı Azərbaycanda insan haqları ilə bağlı vəziyyət, bu sahədə həyata keçiriləcək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqı arasında bu gün paraflanacaq “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndiriblər, bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını məmnuniyyətlə qeyd ediblər.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi olub. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini paraflayıblar.

Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir.

Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.

Sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Eyni zamanda, paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.

Politoloq Ceyhun Əhmədli Metbuat.az-a açıqlamasında qeyd edib ki, dünən Azərbaycan diplomatiya tarixinə qızıl hərflərlə yazılan bir gün oldu: “Ölkəmizin başçısı cənab İlham Əliyev dünyanın ən mötəbər təşkilatlarından olan NATO-nun Brüsseldə keçirilən toplantısında iştirak etdi. Azərbaycan bu mötəbər tədbirdə tərəfdaş ölkə qismində iştirak edirdi.

Səfərin ən yadda qalan məqamı sözsüz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında uzun müddətdir müzakirəsi aparılan “Tərəfdaşlıq prioritetləri” sənədinin mətninin imzalanmadan əvvəl təsdiq olunması idi (paraflanma). Bu sənəd Azərbaycan-Avropa İttifaqı münasibətlərinin ən müxtəlif aspektlərini özündə əks etdirir.

Məsələn, həmin sənədin birinci maddəsində qeyd olunur ki, Azərbaycanla Avropa İttifaqı bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə hörmət nümayiş etdirəcəklər. Bu, hər iki tərəfin götürdüyü öhdəlikdir. Məhz bu maddənin həmin sənəddə yer alması ölkəmizin mənfur Ermənistan üzərində qazandığı növbəti diplomatik qələbə kimi xarakterizə oluna bilər. Çünki Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması həm də faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinin qəbul edilməsi deməkdir.

Sənəddə qeyd olunur ki, Avropa İttifaqı Azərbaycanda aparılan iqtisadi islahatlara və ümumilikdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinə dəstək nümayiş etdirəcək. Bu, son dövrlər qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi vəsait və enerji sərf edən ölkəmiz üçün mühüm uğur hesab olunmalıdır.

Sənəddə yer alan ən mühüm məsələlərdən biri də Azərbaycanın transmilli enerji və nəqliyyat layihələrinə Avropa İttifaqının qəti dəstəyinin nümayiş olunması idi. Belə ki, anlaşmaya görə, Avropa bazarlarına təbii qazın çatdırılması hər iki tərəf üçün əsas prioritetlər kimi müəyyən olunub. Belə bir maddənin həmin sənədə daxil edilməsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı əhəmiyyətli rolu açıq şəkildə göstərir. Bir sözlə, Avropa İttifaqı ilə Azərbaycan arasında dünən razılaşdırılan sənəd Azərbaycanın gücünü, regionda və dünyada sahib olduğu statusu növbəti dəfə ortaya qoydu.Qeyd edək ki, sənədin bütün mətni artıq təsdiq edilib. Yəqin ki, ən qısa zamanda yekun imzalanma mərasimi də baş tutar”.

Dövlət İdarəçilik Akademiyasının politoloqu Zaur Məmmədov isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, müstəqillik əldə etdiyimizdən bu günə qədər Avropa İttifaqı Azərbaycanın xarici siyasətində mühüm yer tutub: “Azərbaycanın enerji siyasətində əsas alıcı olan Aİ ilə Bakını təkcə iqtisadi maraqlar deyil, həm də geosiyasi maraqlar birləşdirir. Səfər çərçivəsində Aİ və Azərbaycan arasında sənəd imzalanıb. Bu əsasən texniki mahiyyət daşıyır. Maraqlı məqamlardan biri Azərbaycanın ümumdünya ticarət təşkilatına daxil olmasına texniki dəstək, iqtisadiyyatın şaxələndirilməsi və.s-dir.

2019-cu ilin əvvəllərində iki tərəf arasında tərəfdaşlıq haqqında bəyənnamə qəbul edilə bilər. Hazırki münasibətlər 1996-cı ildə qəbul olunan əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə tənzimlənir. Yeni saziş nəticəsində ölkəmizin maraqları daha çox nəzərə alınacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu o deməkdir ki, artıq Naxçıvanın blokadası aradan götürüləcək” – Aydın Hüseynov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR